Tovuzdakı Qala düzündə Orta əsrlərə aid mədəni təbəqə tapılıb- FOTOLAR

  01 İyul 2021    Oxunub :290
Tovuzdakı Qala düzündə Orta əsrlərə aid mədəni təbəqə tapılıb-   FOTOLAR
Ölkə ərazisində tarixi abidələrin qeydiyyatı ilə bağlı görülən işlərin təkmilləşdirilməsi məqsədilə vacib sayılan bir sıra ərazilərdə arxeoloji tədqiqat işləri həyata keçirilir.
Azvision.az xəbər verir ki, iyun ayında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin müraciəti əsasında, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tovuz bölgəsində çalışan arxeoloji ekspedisiyası rayonun Vahidli kəndi ərazisində yerləşən Son Orta əsrlər dövrünə aid Məscid və Türbə kompleksinin (inv. 5201) ətraf ərazilərində ilkin arxeoloji qazıntı işləri aparıb. Arxeoloji tədqiqat işləri hündür təpələr olan Qala düzü adı ilə tanınan ərazidə həyata keçirilib.

Qazıntı işləri zamanı Qala düzü ərazisində Orta əsrlər dövrünə aid yaşayış yerinin mövcudluğunu sübut edən mədəni təbəqə aşkar edilib. XVIII əsrə aid iki otaqdan ibarət evin qalıqlarının aşkar olunması ərazidə yaşayış olduğunu sübuta yetirib. Burunlada, Məscid və Türbə kompleksinin və əsasən karvan yolları üçün nəzərdə tutulmuş körpünün olması ərazidə zəngin yaşayış yerinin mövcudluğunu təsdiqlənmiş oldu. Ümumilikdə 2 hektardan çox ərazini əhatə edən abidələr, Son Orta əsrlər dövrünə aid Tovuzda qədim yaşayış yerinin kompleks şəkildə qorunmasını və tədqiqinin vacibliyini ön plana çəkir. Aparılmış qazıntılar nəticəsində Qala düzü ərazisində yeni aşkar olunmuş Son Orta əsrlər dövrü yaşayış yerinin mühafizə zonasının sərhədləri müəyyən edilmişdir. Tovuz şəhərinin cənub-qərb istiqamətində yerləşən və dövlət tərəfindən qorunan XVII əsrə aid Məscid və Türbə kompleksi 80-ci illərdə tədqiq edilmişdir. Axınca çayının ətrafında yerləşən digər Orta əsrlər dövrünə aid memarlıq kompleksi çayın üzərində XV əsrə aid Aran memarlıq məktəbi üslubunda inşa olunmuş Sultan körpüsüdür. Məscid və qəbiristanlığın və Sultan körpüsünün arasında olan ərazinin böyük bir hissəsi Qala düzü adlanır.









Azvision.az

Teqlər: Qazıntı  






Xəbər lenti