“İstanbul” kanalı Montre anlaşmasını pozmur, amma...” – Mehmet Perinçek

  01 İyul 2021    Oxunub :1316
   “İstanbul” kanalı Montre anlaşmasını pozmur, amma...”    – Mehmet Perinçek
Türkiyədə “İstanbul” kanalı meqa-layihəsinin inşasına başlanıb. Bu kanal Aralıq dənizini Qara dənizlə birləşdirəcək alternativ su yolu olacaq. “İstanbul” kanalı layihəsi strateji xarakterlidir. O, bir yandan Bosfor boğazının yükünü azaldacaq, digər tərəfdən isə Türkiyə iqtisadiyyatının qlobal miqyasda rəqabətə davamlılığını artıracaq.
Lakin Rusiya da daxil olmaqla, bir sıra ölkələrdə bu layihə tənqid edilir, ciddi narahatlıq doğurur. Belə bir fikir var ki, kanal Qara dənizin təhlükəsizlik sistemini, həmçinin məşhur Montre konvensiyasını pozacaq. Bu həqiqətən belədirmi?
Geosiyasəti dəyişdirən meqa-layihə: “İstanbul” kanalı Türkiyəni böyük oyunçuya çevirir – TƏHLİL

Türkiyəli politoloq, tarixçi, İstanbul universitetinin professoru Mehmet Perinçek Azvision.az-a bildirib ki, Qara dənizin təhlükəsizliyi Türkiyə ilə Rusiyanın və digər Qara dəniz ölkələrinin ümumi vəzifəsidir. Xüsusilə də, Bayden hakimiyyətə gəldikdən sonra ABŞ artıq Qara dənizlə bağlı öz aqressiv sifətini göstərdiyinə görə. Çünki Bayden administrasiyasının Qara dənizlə bağlı siyasəti yalnız Rusiyanı deyil, Türkiyəni də təhdid edir. Rusiyanı Qara dənizdən mühasirəyə alan Amerika, Türkiyəni də mühasirəyə alır.

- Ona görə də, həm Türkiyənin, həm də Rusiyanın Qara dənizdə maraqları olduğu üçün onlar bu regionun təhlükəsizliyini təmin etmək, Baydenin təkcə Qara dənizdə deyil, Aralıq dənizinin şərq hissəsində də aqressiv siyasətini dayandırmaq üçün əməkdaşlıq etməlidirlər. Çünki Qara dəniz və Aralıq dənizinin şərqi vahid cəbhədir, amerikanların bu regionların hər hansı birində dominantlıq etməsinə imkan vermək olmaz. Bu səbəbdən də, Montre sazişi Qara dənizin təhlükəsiziyinin qarantıdır və həmçinin Türkiyənin körfəzlər üzərində suverenliyinə təminat verir. “İstanbul” kanalı çəkilsə də, Montre konvensiyasını pozmayacaq, - M.Perinçek bildirib.

Türk politoloqun qeyd etdiyi kimi, Montre sazişi kanal inşa olunduqdan sonra da qüvvədə qalacaq, ancaq o, bu layihəyə Montrenin pozulmasına görə deyil, başqa səbəblərdən qarşıdır. Bunlar ilk növbədə iqtisadi səbəblərdir. Hazırda Türkiyədə iqtisadi böhran yaşanır və öləkənin resursları məhduddur. Onun fikrincə, Türkiyə bu resurslardan milli istehsalın inkişafı üçün istifadə etsə, daha yaxşı olar. İndiki şəraitdə bu layihə Türkiyə iqtisadiyyatı üçün sərfəli deyil. Türkiyə bu kanala xərclədiyi vəsaitə bir neçə zavod aça, ölkə daxilindəki milli məhsuldar qüvvələri dəstəkləyə bilər. Pulları bu layihəyə xərcləmək məntiqli deyil.

“Digər tərəfdən, mən bu məsələyə ekoloji səbəblərdən dolayı tənqidi yanaşıram. Layihənin bölgənin təbiətinə ziyan vuracağıyla bağlı məruzələr və elmi araşdırmalar mövcuddur. Eyni zamanda, layihə ölkənin müdafiəsi baxımından etibarlı deyil, çünki Türkiyənin quru yollarını böləcək və bu, ehtiyac yaranacağı halda türk ordusunun hərəkətinə mane olacaq. Bosfor boğazı var, indi də İstanbul kanalı olacaq və bu səbəbdən, fövqəladə hallarda türk ordusunu Anadoludan Frakiyaya qədər səfərbər etmək çətinləşəcək. Ancaq bir daha bildirirəm ki, bu kanal Montre sazişini pozmur”, - M. Perinçek qeyd edib.

Vadim Mansurov
Nadir Qocabəyli

Teqlər:   İstanbul-kanalı  






Xəbər lenti