Türkiyənin Orta Asiyada güclənməsi əslində kimi narahat edir?

  01 İyul 2021    Oxunub :820
  Türkiyənin Orta Asiyada güclənməsi  əslində kimi  narahat edir?
Eyni vaxtda iki yüksək vəzifəli türk məmurunun geosiyasi proseslərin episentrinə çevrilməkdə olan Orta Asiyaya işgüzar səfəri ermənilərin nəzarətində olan rus KİV-lərinin xüsusi diqqət mərkəzindədir.
Bu media orqanlarında Hulusi Akarın Qırğızıstana , Türkiyə prezidentinin baş köməkçisi Fuad Oktayın isə Özbəkistana səfəri erməni maraqlarına muzdla xidmət edən bəzi rusiyalı "ekspertlər" tərəfindən növbəti dəfə vay-şüvənlə qarşılandı.

Açıq ermənipərəst mövqeyi ilə seçilən bu KİV-lər türk dövlət adamlarının Orta Asiyaya səfərini Rusiyanın bu bölgədə mövqelərinin itirilməsi kimi qələmə verərək, Moskvanı passivlikdə, şəxsən Putini Rusiyanın mövqelərini "satmaqda" ittiham etməyə başladılar. Bundan əvvəl eyni isteriyanı Şuşa Bəyannaməsi ətrafında yaratmağa çalışan həmin dairələrin cavabını isə elə Rusiya XİN başçısı, milliyyətcə erməni olan Sergey Lavrov Türkiyəyə rəsmi səfəri çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən belə verdi: "Şuşa Bəyannaməsinin müstəqil Azərbaycan və Türkiyə dövlətləri arasında imzalanması bu ölkələrin ikitərəfli əlaqələri və münasibətləri çərçivəsində həyata keçirilmiş bir hadisədir. Bunun hansısa ölkələrə, o cümlədən, Rusiyaya qarşı yönəldiyini düşünmürük".

Bu da cavab. Şübhəsiz ki, sabah və ya biri gün Rusiyanın yüksək vəzifəli başqa məmuru, eyni KİV-lərin inkubator cücəsi kimi bir-birindən heç nə ilə fərqlənməyən jurnalistlərinin bu dəfə "Türkiyə Orta Asiyada Rusiyanın maraq dairəsinə təcavüz edirmi?" sualına da eyni tərzdə və eyni tonla cavab verəcək. Axı rusiyalı jurnalist və ya ekspert, ermənilərdən nə qədər pul alırsa-alsın, birinci növbədə öz ölkəsinin maraq dairəsini yaxşı bilməli və məhz öz ölkəsinə xidmət etməlidir. Əgər Qafqazda, Liviyada, Suriyada, Orta Asiyada və hətta Afrikanın mərkəzi hissələrində Rusiya Türkiyə ilə hesablaşaraq, bu böyük dövlətlə əməkdaşlıq edirsə, o halda Zatulin, Satanovski və erməni soyadlı, amma özünü "rossiyanin" kimi qələmə verərək, ictimai şüura "soxuşduran" digər şəxslər niyə Moskvanın mərkəzində oturub, onun maraqlarına zərbələr endirirlər?

Şübhəsiz ki, Rusiya böyük dövlətdir və dərin idarəçilik ənənəsinə malik elitası var. Bu elita Orta Asiyada Rusiyanın maraqlarına əsas təhdidin getdikcə region ölkələri üzərində təsiri, iqtisadi və siyasi nüfuzu artan Çin olduğunu gözəl bilir, baş verənlərin fonunda tarazılığı saxlamaq üçün bölgəyə Türkiyənin gəlişinin labüd olduğunu yaxşı anlayırlar. NATO Əfqanıstandan çıxır, amma bütün bu ölkədə illərlə qurub yaratdığı hərbi infastrukturu, logistikanı, hərbi bazaları Türkiyəyə təhvil verərək, bölgəni tərk edir. Deməli, Orta Asiyada marağı olan hər bir qlobal güc, artıq Türkiyə ilə hesablaşmağa məcburdur.

Bundan başqa, Türkiyəni regionun bütün ölkələri və xalqları ilə tarixi, mədəni köklər, dil və din birliyi bağlayır. Baş verənlərin fonunda Rusiya-Türkiyə münasibətlərini pozmağa qarşı edilən ən xırda cəhd ilk növbədə Moskvanın özünə qarşı düşmənçilikdir. Son aylarda qlobal media məkanında və sosial şəbəklərdə aparılan uzunmüddətli monitorinqlərin nəticəsində məlum olub ki, Rusiya-Türkiyə münasibətlərinin pozulması üçün müxtəlif KİV-lərdə, o cümlədən, sosial şəbəkə platformalarında yayılan kontentin 99 faizi ermıni diasporunun sifarişi və təşəbbüsü ilə hazırlanıb. Qərbin Rusiyaya qarşı artan təzyiqlərinin fonunda ermənilərin bu ölkədə qazandıqları kapitalla bu tipli qara propaqanda kampaniyası aparması Moskvaya qarşı açılmış daxili xəyanət cəbhəsidir.

Şahin Ömər
Azvision.az

Teqlər: Türkiyə   OrtaAsiya   Rusiya  






Xəbər lenti