Ələt Azad İqtisadi Zonası iqtisadiyyatımıza nə verəcək? - Deputatın şərhi

   Ələt Azad İqtisadi Zonası iqtisadiyyatımıza nə verəcək? -    Deputatın şərhi
  01 İyul 2021    Oxunub:1592
Ələt Azad İqtisadi Zonası Azərbaycanda qeyri-neft sektorunun inkişafı və bütövlükdə Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb edilməsi baxımından vacib layihədir.
Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, iqtisadi zonalarla bağlı xüsusi qanun qəbul olunduğundan Ələt Azad İqtisadi Zonası praktik olaraq beynəlxalq hüquqla tənzimlənir:

"Hətta bu hasilatın pay bölgüsünə uyğun statusun verilməsidir. Bu da sərmayələrin cəlb edilməsi, xüsusən aparıcı xarici şirkətlərin Ələt Azad İqtisadi Zonasına investisiya qoyuluşunun təşviq edilməsi baxımından vacibdir. Eyni zamanda Azərbaycan höküməti tərəfindən burada ilkin infrastruktur formalaşdırılır. Bu da məhz xarici investisiyaların cəlbi baxımından vacibdir".

Deputat qeyd edib ki, Ələt Azad İqtisadi Zonasının xüsusən qeyri-neft məhsulların istehsalı baxımından yeni sərmayələrin cəlb edilməsinə imkan verəcəyi gözlənilir:

"Bu istehsal olunan məhsulların bir qisminin daxili, bir qisminin xarici bazarlara çıxışını təmin edəcək. Eyni zamanda Ələt iqtisadi zonası Azərbaycan üçün texnoloji invetisyaların cəlb edilməsi baxımından vacib hesab olunur. Güman olunur ki, yeni iş yerlərinin, xüsusilə ixtisaslı kadrların işlə təmininə müsbət təsir göstərəcək. Bütövlükdə Ələt İqtisadi Zonasının yerləşmə coğrafiyası elədir ki, orada istehsal edilən məhsulların ixrac baxımından kifayət qədər böyük üstünlükləri var. Bu baxımdan zonada istehsal olunan məhsulların əhəmiyyətli hissəsinin ixrac olunacağı və bununla Azərbaycanın qeyrineft ixracının artacağı proqnozlaşdırılır. Ələt iqtisadi zonası bir tərəfdən qeyri-neft sektorunda istehsal olunan məhsulların həcminin artması və bütövlükdə qeyri-neft sektorunun inkişafına zəmin yaradacaq. Bu daxili bazara çoxlu yerli məhsulların çıxarılmasına imkan verəcək".

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Ələt   Azərbaycan  





Xəbər lenti