Rusiya PUA-bazarına daxil olur: "Orion" gələn ildən satışa çıxarılacaq

      Rusiya PUA-bazarına daxil olur:   "Orion" gələn ildən satışa çıxarılacaq
  02 İyul 2021    Oxunub:2097
Rusiya xarici ölkələrə hərbi təyinatlı PUA-lar satmağı planlaşdırır. Azvision.az
xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Qeyd edilir ki, Moskva bir müddət öncə özünün perspektivli "Orion" zərbə PUA-sını beynəlxalq silah bazarına uğurla daşıya bilib. Bundan sonra Rusiya hərbi sənaye kompleksi pilotsuz uçan apparatları daha da inkişaf etdirəcək.

"Kronştadt" şirkətlər qrupu 2022-ci ildən etibarən ixracı nəzərdə tutulan pilotsuz hava apparatları istehsal edəcəyini bildirib. PUA-ların yığılması Dubnada həyata keçiriləcək. "Kronştadt"ın buradakı zavodunda xarici müştərilər üçün nəzərdə tutulmuş Pilotusz hava aparatlarının istehsalına 2022-ci ildə başlanacaq", - məqalədə yazılıb.

Qeyd edək ki, Rusiya son illər PUA-ların istehsalı və inkişaf etdirilməsinə xeyli güc sərf edib. Ruslar artıq öz "Orion"larını beynəlxalq silah bazarında da uğurla tanıda biliblər. Belə ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilən IDEX-2021 beynəlxalq silah sərgisində Rusiya öz PUA məhsullarını təqdim edib.

Həmin vaxt sərgiyə çıxarılan "Orion-E" PUA-sının əsasən ixrac üçün nəzərdə tutulduğu bildirilirdi. Bu aparat müxtəlif konfiqurasiyalı silahlarla təchiz oluna bilər. Yerüstü idarəetmə stansiyası PUA-lardan həm kəşfiyyat, həm də zərbə məqsədilə istifadə edir.



"Orion-E" aparatının qanadlarının eni 16,3 metr, uçuş çəkisi 1000 kiloqramdır. 200 kiloqram yükqaldırma gücü olan aparatın uçuş müddəti 24 saat, döyüş radiusu 300 kilometrdir. Məhz silah sərgilərindəki təqdimatdan sonra bir çox ölkə "Orion"ların almağa maraq göstərib. Rus PUA-ları gəmilərdə daşınaraq müəyyən bir ərazidə uzun müddət patrul xidməti göstərmək imkanı ilə seçilir və eyni zamanda, vizual, radar və ya radiotexniki kəşfiyyat üçün nəzərdə tutulub. "Orion"a dördə qədər hava-yer tipli raketin quraşdırılması mümkündür.

Qeyd edək ki, Beynəlxalq Mülki Aviasiya Təşkilatı Assambleyasının təsdiq etdiyi tərifə görə, Pilotsuz Uçuş Aparatları (dronlar) - uçuşunu bortunda komandir olmadan həyata keçirən, uzaq məsafədən, yerdən, havadan, digər gəmi bortundan, kosmosdan tam idarə edilən və yaxud da tam avtonom şəkildə proqramlaşdırılan hava vasitəsidir. Hazırda hərbi təyinatlı PUA-larla bağlı əsas üstünlüklər İsrail, ABŞ, Türkiyə kimi ölkələrə məxsusdur. Türkiyənin "Bayraktar"ı, İsrailin kamikadze "Harop"ları və digər PUA-ları ötən il İkinci Qarabağ müharibəsi zamanı öz qüsursuz üstünlüklərini ortaya qoydular.

Tural Tağıyev
Azvision.az



Teqlər: PUA   Rusiya  





Xəbər lenti