"Qarnı ilə məzələndiyimiz polislər indi yoxdur" - Tahir İmanov

   "Qarnı ilə məzələndiyimiz polislər indi yoxdur" -    Tahir İmanov
  02 İyul 2021    Oxunub:3333
“Polislərimizlə fəxr edirəm. Mənim dostlarım arasında DİN işçiləri çoxdur”. Azvision.az xəbər verir ki, bunu "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri Tahir İmanov polislərin peşə bayramını təbrik edərkən deyib. Əməkdar artist səhnəciklərdə dəfələrlə obrazını yaratdığı polislərlə dostluğundan söz açıb.
“Mən polisləri çox istəyirəm. Xüsusən də indiki polislərə baxanda fəxr edirəm. Bugünki polislə keçmiş polisi arasında çox fərq var. İndi polisdə cavan, savadlı kadrlar çalışır. Fəvvarələr meydanı yaxınlığında tez-tez gəzirəm. Orada xidmət göstərən polislərimizi müşahidə edirəm. Gülərüz, tanıdığı və tanımadığı adamlarla salamlaşan asayiş keşikçiləri gözümdən yayınmır. Harada köməklik lazım olursa, yardım əllərini uzadırlar. Bir sözlə, xalqa yaxın olmağı daha üstün tuturlar. Ona görə də bir neçə dəfə özlərinə də demişəm ki, “sizinlə fəxr edirəm”.
"Maşına 50 manat qoyub, dedi ki..."- Müğənni polis haqqında xatirəsini bölüşdü

Dostlarım arasında çoxlu polis var. Onları da təbrik edirəm. İndiki vəziyyəti qoruyub saxlasınlar. Çünki bunların hamısı çox baha başa gəlib. Çox böyük bir kadr islahatı keçirilib. Biz səhnəciklərimizdə dəfələrlə keçmiş polislərin böyük qarınlarına, bəzilərinin fiziki baxımdan hazır olmadığına diqqət çəkmişik.

Amma indi cavan, sağlam bədənli polislərimizi görəndə sevinirəm ki, bu günü də gördük. Ötən əsrin 90-cı illərinin səhnəciklərində biz polsilərimizi xarici ölkələrin polisləri ilə müqayisə edirdik. Ancaq çox dəyişiklik var, yavaş-yavaş o səviyyəyə çatırıq.

Bizim parodiyaları bəzi polislər təbəssümlə qarşılayır, bəzilərininisə xoşuna gəlmirdi, sərt şəkildə narazıllıq edirdilər. Onlara həmişə deyirdik ki, biz bunu bütün polisə ünvanlandırmamışıq. Hər bir sahədə nöqsan olduğu kimi burada da var. Bizim məqsədimiz onu aradan qaldırmaqdır. Biz qeyri-peşəkar polisləri tənqid edirdik.

Azərbaycan polisi Qarabağ müharibəsində savaşıb, neçə DİN işçimiz şəhid olub. Biz bunun hamısını başa düşürük və polisimizlə fəxr edirik”.

Şahanə Rəhimli
Azvision.az




Teqlər:   Polis  





Xəbər lenti