Ağcabədi şəhərinin Baş planı təsdiq olunub

Ağcabədi şəhərinin Baş planı təsdiq olunub
  02 İyul 2021    Oxunub:1332
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Ağcabədi şəhərinin Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Komitədən Azvision.az -a bildirilib ki, Ağcabədi şəhərinin Baş planı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar komitənin cəlb etdiyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb.

Ağcabədi şəhərinin sonuncu Baş planı 1987-ci ildə tərtib olunmuş və hesabat dövrü 20 il müddəti əhatə edirdi. Təsdiq olunmuş yeni Baş plan istinad ili 2015-ci il olmaqla 2035-ci ilə qədər olan dövrü əhatə edir. Bu sənəddə şəhərin planlı qaydada inkişafı nəzərdə tutulur və hesabat müddətinin sonuna şəhər əhalisinin 27,4 faiz artaraq 55 min nəfərə çatması proqnozlaşdırılır. Həmçinin Baş planda şəhər əhalisinin yaşayış (mənzil) fondu ilə təminatı istinad ilində adambaşına 20,3 kvadratmetrdən hesabat müddətinin sonuna 25 kvadratmetrə çatdırılması nəzərdə tutulur.



Sənəddə, həmçinin şəhərin infrastrukturunu təşkil edən nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi nəzərə alınıb. Belə ki, Baş plan layihəsində küçə-yol şəbəkəsinin ümumi uzunluğunun yerli əhəmiyyətli yollarla birlikdə 86 kilometrdən 128 kilometrə çatdırılması planlaşdırılır. Bununla yanaşı, şəhər ərazisində ümumi istifadə də olan yaşıllıq sahələrinin və açıq məkanların artırılması da Ağcabədi şəhərinin Baş planının əsas prioritetlərindən biri kimi müəyyən edilib. Bu məqsədlə, Baş plan çərçivəsində adambaşına düşən yaşıllıq sahəsinin 2015-ci il illə müqayisədə (5,8 kvadratmetr) artırılaraq 7,4 kvadratmetrə çatdırılması, ümumi yaşıllıq ərazilərinin (park, meşə-park, bulvar, xiyaban, bağ və bağçalar) isə 23,9 hektardan hesabat müddətinin sonuna 40,9 hektaradək artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.

Baş planda nəzərdə tutulan dövr üzrə şəhər əhalisinin yaşayış fondu, sosial və mədəni-məişət xidməti obyektləri üçün ərazilər nəzərə alınıb, şəhərin inkişafına uyğun olaraq təbii landşaftın qorunması, ətraf mühitin mühafizəsi və ərazi zonalarının nəzərə alınması ilə məskunlaşmanın aparılması prinsipi qorunub.

Azvision.az



Teqlər: Ağcabədi  





Xəbər lenti