KTMT Ermənistanın sərhəd məsələsinə qarışmayacaq: Zas səbəbini açıqladı

   KTMT Ermənistanın sərhəd məsələsinə qarışmayacaq:   Zas səbəbini açıqladı
  03 İyul 2021    Oxunub:2010
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas növbəti dəfə İrəvanı məyus edib. Azvision.az xəbər verir ki, o jurnalistlərə verdiyi açıqlamada Ermənistanın Azərbaycanla yaşadığı sərhəd gərginliyinə qarışmayacaqlarını bildirib.
Zas ölkənin cənubunda qalan gərgin vəziyyəti adi sərhəd hadisəsi kimi qiymətləndirib. O bu cür hadisələrin KTMT nizamnaməsinin kollektiv müdafiə ilə bağlı müddəalarına aid edilmədiyini açıqlayıb.

"Anlamaq lazımdır ki, KTMT-nin potensialı yalnız üzv ölkələrdən biri təcavüzə, hücuma məruz qaldıqda istifadə olunur. Burada biz əslində sərhəd hadisəsi ilə qarşılaşırıq. Allaha şükür ki, orada itki və atışma yoxdur. Bu bir sərhəd insidentidir, insidenti isə aradan qaldırmaq lazımdır və bunun sülh yolu ilə həll edilməsinin tərəfdarıyıq", - Zas bildirib.
"Ermənistan KTMT-dən çıxsa, Cənubi Qafqazda güc balansı dəyişəcək" - Tasmaqambetov

KTMT baş katibi onu da qeyd edib ki, regionda hər hansı bir münaqişənin böyüməsi halı yaşanmır:

"Prinsipcə, indi orada vəziyyətin gərginliyə doğru inkişaf etməsini söyləmək lazım deyil. Vəziyyət pisə doğru getmir. Bu isə yaxşı haldır və bunun özü artıq bir nəticədir. İrəlidə sərhəd məsələləri ilə bağlı xeyli işlər var. Mübahisəli məsələlərin ancaq müzakirə ilə masa arxasında həll edilməsi lazımdır".

Baş katibi onu da bildirib ki, Ermənistanın may ayındakı müraciətindən sonra təşkilat ölkənin sərhəd bölgələrindəki vəziyyətlə bağlı məsləhətləşmələr aparıb.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsindən sonra kapitulyasiya aktını imzalamağa məcbur olan Ermənistan qoşunlarını Azərbaycan torpaqlarından geri çəkmək öhdəliyi götürdü. İşğaldan əvvəlki dövrdə olan sərhədlərə çəkilən Ermənistan ordusu sonrakı aylarda demarkasiya işində süni problemlər yaratmağa cəhdlər etdi. Azərbaycan ordusu mayın 12-13-də Azərbaycanla Ermənistanın sərhədində yerləşən Qaragöl ərazisində yerləşərkən və digər bir sıra istiqamətlərdə sərhəd quruculuq işləri görərkən İrəvanın təxribatları ilə üzləşib.

Tural Tağıyev
Azvision.az



Teqlər: KTMT   Ermənistan   Azərbaycan   Sərhəd  





Xəbər lenti