Postmüharibə təşkilatçılığı: İdman yarışları indikator idi...

 Postmüharibə təşkilatçılığı:  İdman yarışları indikator idi...
  04 İyul 2021    Oxunub:8121
Dünən dünya futbol ictimaiyyətinin gözü Bakıda idi. Futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsində Çexiya və Danimarka komandaları olduqca maraqlı oyun göstərdilər. Amma oyunun təşkili səviyyəsi də əsla geri qalmırdı.
Azərbaycanın ötən ilin sonunda ağır müharibədən çıxması səbəbindən ölkədə bir sıra sahələrdə sıxıntılar yaranacağı deyilirdi. Əslində isə hər şey tərsinə oldu. Nəinki ayrı-ayrı sferalarda çətinliklər yaşandı, əksinə, Azərbaycan bu aylar ərzində daha da qüdrətlənərək, quruculuq-bərpa işlərinə inanılmaz güc sərf edə bildi. Hətta müharibədən cəmi 6 ay sonra dünya əhəmiyyətli yarışlara da uğurlu şəkildə ev sahibliyi etməyi bacardı. Bakıda əvvəlcə “Formula 1”, sonra isə nüfuzlu Avropa Çempionatı qüsursuz şəkildə təşkil edildi. Bütün bunlar ölkəmizin qüdrətini, çevik toparlanma qabiliyyətini göstərir. Bu, həm də təşkilatçıların Azərbaycanın gücünə və potensialına olan inam və etimadın təzahürü kimi də qiymətləndirilə bilər.

Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin üzvü Vüqar İskəndərov Azvision.az –a verdiyi açıqlamada deyib ki, paytaxtımızda bu kimi dünya səviyyəli tədbirlərin keçirilməsi Azərbaycanın inkişaf səviyyəsinin, turizm potensialının dünyada təbliği baxımından mühüm əhəmiyyətə malikdir. O, ilk növbədə Qarabağda qazandığımız zəfəri ölkəmizin hansı qüdrətə sahib olduğunun göstəricisi kimi qiymətləndirib:

- Azərbaycan indi dünyanın qüdrətli dövlətləri sırasında göstərilir. Cənab Prezident artıq dünya siyasi arenasında ağır çəkili siyasətçilərdən sayılır. Bakıda keçirilən futbol üzrə Avropa Çempionatının oyunları, buna qədər uğurla təşkil olunmuş “Formula 1” yarışı göstərir ki, Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən stabil ölkədir. Ölkəmiz bütün sahələrdə böyük mədəniyyət tədbirləri, idman yarışlarını təşkil etməsilə sübut etdi ki, gücü və qüdrəti var. İdman yarışlarından öncə Azərbaycan dünya gündəminə 21-ci əsrin müharibəsini aparan güclü bir ölkə kimi daxil olmuşdu. 44 günlük Vətən müharibəsi zamanı biz dünyaya hərbi gücümüzü nümayiş etdirə bildik. Zəfərimiz həm də onu göstərdi ki, bizim iqtisadi potensialımız güclüdür. İnkişaf davamlı olacaq. Qüdrətli dövlət üçün isə istənilən ardıcıl beynəlxalq tədbirlər adi proses sayılır.



Deputat deyir ki, postmüharibə dövründə də biz iqtisadi-siyasi qüdrətimizi əvvəlki tempdə saxladıq deyə, istənilən böyük yarışın təşkili Azərbaycan üçün sıradan bir tədbirə çevrildi: "Bu yarışların ən yüksək səviyyədə keçirilməsi deməyə əsas verdi ki, Azərbaycan qısa vaxtda toparlanmağı bacarır, təşkilati işlər yüksək səviyyədə qurulur. Bütün bunları şərtləndirən isə düzgün siyasətdir. Həm daxili və xarici siyasətdə, həm iqtisadi siyasətdə, həm də geosiyasi məsələlərdə Azərbaycan artıq sözü, əməli bir olan ölkə imicini qazanıb. Biz gələcəkdə də paytaxtımızda ən yüksək mədəniyyət tədbirlərini, idman yarışlarını problemsiz, qüsursuz şəkildə təşkil etməklə Azərbaycanın dünyada daha yüksək səviyyədə tanıdılması, müsbət imicinin yüksəldilməsi üçün əlimizdən gələni edəcəyik. Azərbaycan dünyaya günəş kimi doğan bir ölkə imicini həmişə özündə saxlayacaq”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Azərbaycan   Beynəlxalq-tədbirlər  





Xəbər lenti