Getmək istədi, qaldı – Makronun rəqibindən qəribə manevr

  04 İyul 2021    Oxunub :594
  Getmək istədi, qaldı  –  Makronun rəqibindən qəribə manevr
Dünən Fransanın Perpinyan şəhərində Marin Le Penin “Milli Cəbhə” partiyasının növbəti qurultayı olub. Gündəlikdə iki məsələ dururdu: regional seçkilərdəki məğlubiyyətə necə reaksiya vermək və gələcək prezident seçkilərində necə qalib gəlmək.
Bu səbəbdən Marin Le Pen partiyanın rəhbəri vəzifəsindən istefa verəcəyini və bütün gücünü seşkiqabağı kampaniyaya səfərbər etməyə hazır olduğu deyilirdi,- Azvision.az xarici mətbuata istinadən xəbər verir.

Toparlanmaq üçün Şərqi Pireneyin mərkəzi olan Perpinyan şəhərinin seçilməsi təsadüfi deyildi. “Milli Cəbhə” partiyası üçün bu şəhər qələbə rəmzi sayılır. Ötən bələdiyyə seçkilərində partiya sədrinin keçmiş müavini və Marin Le Penin yaxın dostu Lui Alio şəhərin meri seçilmişdi. MB sədri əmin idi ki, Perpinyan şəhəri əvvəl olduğu kimi, yeni ildə də sağlara düşərli olacaq və ifrat sağçılar digər regionları da ələ keçirə biləcəklər.
Fransada kütləvi nümayişlər başlayıb

Lakin iyunda keçirilən regional seçkilərə bəslənən ümidlər özünü doğrultmadı. Le Penin partiyası mübahisəli bölgələrdə nəinki qələbə qazandı, hətta regonal şuralarda özünə aid yerlərin üçdə birini də itirdi. “Alp dağları - Lacivərd sahillər” departamentinə seçkilərin ikinci turunda qələbəyə olan sonuncu ümidin üzərindən də qara xətt çəkildi. “Milli Cəbhənin” irəli sürdüyü, Nikolya Sarkozinin prezidentliyi zamanı nazir işləyən və Avropa Parlamentinin üzvü olan Tyerri Mariani “Resublikaçılar” partiyasının namizədinə uduzdu.

Bir ildən sonra baş tutuacaq və Marin Le Penin artıq ölkənin bir hissəsinə nəzarət edən sağ rekonkistlərin lideri kimi iştirak edəcəyi prezident seçkilərinin astanasında bu hadisə böyük uğursuzluq idi. Seçki kampaniyası lazımi nəticəni verməmişdi və yeganə təsəlli yalnız o idi ki, hakim partiya “İrəli Respublika!” (LREM) regionlarda daha aşağı nəticə göstərmişdi.

İki məğlub rəqibin ölkə rəhbəri kürsüsü uğrunda mübarizəsi qəribə görünəcək. Potensial rəqiblərin dərhal hərəkətə keçməsi də bununla bağlıdır. Üfüqdə Emmanuel Makron ilə Marin Le Pen arasındakı duelə daha bir neçə yeni namizədin qatılacağı da gözlənilir.



Deyilənə görə, belə situasiyada Marin Le Pen partiya rəhbərliyindən istefa etməyə qərar verib. Ancaq buna "istefa" yox, prezident seçkisi ərəfəsində onun əl-qolunu daha geniş açması üçün strateji manevr də demək olar. “Milli Cəbhə” partiyasının “keçmiş” sədri seçkilərdə təkcə ifrat sağçıların deyil, bütün fransızların təmsilçisi kimi iştirak etmək istəyir.

Bu gediş, təbii ki, xanım Le Penin Fransanın yeni prezidenti olub-olmayacağı bilinənə qədər davam edə bilər. Uğur qazana bilməsə, yenidən öz ailə partiyasının prezidentliyinə qayıdacaq. Yeri gəlmişkən, bunun üçün seçkilərə 12 ay qaldığı bir müddətdə partiya sədrliyində onu hansısa intriqanın yox, sadiq silahdaşının əvəz etməsi vacibdir. Partiya sədrliyinə iki namizəd var: Perpinyanın meri Lui Alio və partiyanın ikinci vitse-prezidenti gənc Jordan Bardella. Qurultay onlardan hansını seçəcək? Daha doğrusu, Marin Le Pen artıq onlardan hansını seçib?..

Gözlənilmədən məlum oldu ki... özünü! Dünən günün sonunda Marin Le Penin yenidən 98% səslə “Milli Cəbhə” partiyasının sədri seçildiyi xəbəri gəldi. Bütün nəzəri planlara və taktiki manevrlərə rəğmən, xanım Le Pen öz partiyasını bir illik də olsa, silahdaşlarından birinə etibar edə bilməyib. Ya da partiya üzvləri buna “razı olmayıb”lar.

Nadir Quliyev
Azvision.az

Teqlər: Fransa   MarinLePen   MilliCəbhəpartiyası  






Xəbər lenti