Hoxikyan Xəzərdəki hadisəyə sevinənləri qınadı: “Qeyri-kafi etnosa çevrilirik”

   Hoxikyan Xəzərdəki hadisəyə sevinənləri qınadı:    “Qeyri-kafi etnosa çevrilirik”
  05 İyul 2021    Oxunub:1426
Xəbər verdiyimiz kimi dünən axşam saatlarında sosial şəbəkələrdə Xəzərdə partlayışın baş verməsi ilə bağlı görüntülər yayıldı.
Bu gün isə aydın oldu ki, partlayışa səbəb vulkan püskürməsi olub. Ermənistan cəmiyyəti Xəzərdə görünən alovu, Bakıya yaxın ərazidə baş vermiş "partlayışı" sevinclə qarşıladı. Bunu sosial şəbəkələrin erməni seqmentində guya Azərbaycana xeyli sayda maddi zərər dəyməsi, neft sənayesinin "çökməsi" haqqında boş-boş iddialardan görmək olar.

Maraqlıdır ki, erməni xislətinin bu üzünü elə erməni ziyalılarından tənqid edənlər də tapılıb. Azvision.az xəbər verir ki, tanınmış jurnalist Nairi Hoxikyan ermənilərin yersiz bayram əhvalına dair yazıb:

“Azərbaycanda güclü yanğın olub. Atəşin hündürlüyü onlarla metr yüksəkliyə qalxıb. Eyforiya sevən erməni izləyicilərini bəzi gerçəkliklərə real gözlərlə baxmağa dəvət edirəm. Sosial şəbəkələrin erməni seqmenti sevinclə dolub daşır. Sosial media Bakının “suyun altına batması” xəbərləri ilə doludur.Biz həqiqəti görmək istəməyən, eyni zamanda tədricən başqalarına ölüm və fəlakət arzulamağa başlayan çox emosional və hətta qeyri-kafi bir etnosa çevrildik. Bacarırsınızsa, başqalarına ölüm və fəlakət gətirin, geniş əraziləri işğal edin və əziyyət çəkmədən məmnun yaşayın. Bu xalqların və dövlətlərin həyat qanunudur. Qalan hər şey zəiflərin özünü doğrultması üçündür".

Qeyd edək ki, Nairi Hoxikyan əslində öz yazıları ilə daim Azərbaycana qarşı radikal mövqe sərgiləməsi ilə seçilib.

Xatırladaq ki, ötən gün axşam saatlarında sosial şəbəkə və saytlarda Xəzər dənizində yanğının əks olunduğu videolar yayıldı. Bu gün isə Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisə baş verməyib. Məlum olub ki, dənizin Salyan rayonu istiqamətində sahildən, təqribən, 30 kilometr məsafədə Daşlı adasında, ilkin müşahidələrə əsasən, palçıq vulkanı püskürüb.

Tural Tağıyev
Azvision.az




Teqlər: Ermənistan   Xəzər  





Xəbər lenti