Köhnə "maşa" yeni əl axtarışında - Şərh

Köhnə "maşa" yeni əl axtarışında -  Şərh
  06 İyul 2021    Oxunub:3367
Qlobal təhlükəsizlik sisteminin konstruksiyasında baş verən dəyişikliklər regional prosseslərin gedişinə də öz ciddi təsirini göstərməkdədir. NATO daxilindəki proseslər, alyansın ayrı-ayrı üzvləri arasında dünyanın müxtəlif nöqtələrində nüfuz və maraq toqquşmaları, postsovet məkanındakı geosiyasi vəziyyət dünyanı yenidən formalaşma zərurətilə qarşı-qarşıya qoyub.
Artıq yeni güc mərkəzlərinin konturları açıq sezilməyə başlayıb. Rusiya iqtisadi və hərbi-siyasi cəhətdən özünə bağlı bir neçə respublikanı yaratdığı bloklara daxil edərək, zəif də olsa, özünə "bufer zona" yaradıb. Lakin Kreml yaxşı bilir ki, bu müttəfiqlik "zorən məhəbbətdən" başqa bir şey deyil və həmin respublikalar Rusiyanın büdrəyəcəyi anı səbirsizliklə gözləyirlər ki, onun rəqibinin səfinə keçsinlər.

Nə qədər təəccüblü və qəribə də olsa, Rusiyanın yaratdığı AİB (Avrasiya İqtisadi Birliyi) və KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) bloklarına üzv olan ölkələr - Qazaxıstan, Qırğızıstan, Belarus, Tacikistan və Ermənistan (Tacikistan KTMT-nin üzvü olsa da, AİB-ə üzv deyil) bu və ya digər səbəblərdən Moskva ilə əməkdaşlığa bir növü məcbudurlar, çünki keçmiş müttəfiqlərini rəqiblərinin cərgəsində görmək Rusiyanı həddindən artıq qıcıqlandırır və postsovet məkanındakı müharibə ocaqlarına diqqət yetirsək, bu qıcığın hansı nəticələrə gətirib çıxardığını görmək olar.

Qarabağı Qorbaçov və Yeltsin dönəmi Rusiyasının birbaşa iştirakı ilə işğal edən Ermənistan AİB və KTMT bloklarının ona daim dəstək verəcəyi illüziyaları ilə xəyala dalmışdı. İllərdir rəsmi idelogiyasının əsasını, ana xəttini təşkl edən fantaziyalar, əsatirlər üzərində yazılmış saxta tarix bu toplumu xəstə kütlə halına gətirdi. Hər bir erməninin şüuraltına yeridilmiş "Rusiya bizi qorumağa məcburdur, yoxsa Qafqaz əlindən gedər", " Nə qədər ki, Rusiya var, ermənilərə görə hər kəslə vuruşmağa məcburdur, xüsusən türklərlə", "Qərb bizə görə vuruşmağa borcludur, çünki biz Qərb sivilizasiyasının regionda yeganə müttəfiqiyik", "Vatikan bizi qorumağa məcburdur, çünki biz ilk xristianlarıq", "Biz ən qədimik, biz ən mədəniyik...", Biz... Biz... "Hər şey bizimdir! Bütün Yaxın Şərq, Yer Kürəsi bizimdir!" və sair bu kimi sərsəm düşüncələr getdikcə erməni uşaqlarının oxuduğu dərsliklərin səhifələrdə özünə yer tapdı və aradan keçən onilliklər ərzində zehni zəhərlənmiş yeni erməni nəsli yetişdi. İndi isə həmin ideologiya daşıyıcılarının siyasətçisi, məmuru, ziyalısı, jurnalisti haqqında bir anlıq düşünün. Sizcə, belə bir toplum mədəni dünyada özünə yer tapa bilərmi?

İkinci Qarabağ müharibəsindən sonra Sovet dövründə iki respublika arasında mövcud olmuş inzibati sərhəd xəttini tanımaq istəməyən ermənilər, ordumuzun və DSX-nin ərazilərimizi nəzarətə götürmək üçün atdığı addımları başda KTMT olmaqla bütün dünyaya "Azərbaycanın intervensiyası" kimi təqdim edirlər. Keçən il müharibə ərəfəsində və müharibədən sonrakı dönəmdə saldıqları haray-həşirlə yalnız özlərini biabır etdilər və bütün dünya qarşısında gülünc vəziyyətə saldılar. İrəvanın tələbilə bir neçə dəfə yığışan KTMT iclası Qarabağ məsələsinin Azərbaycanın daxili işi olduğunu bəyan edərək, dağılışdı. Sərhədlərin delimitasiyası prosesi zamanı cığallıq edən ermənilər Azərbaycan əsgərinin sərt təpkisi (və təpiyi) qarşısında aciz qalaraq yenə KTMT-yə çoxsaylı şikayətlər yönəltdilər. Nəhayət, keçən həftənin sonu adı çəkilən hərbi blokun baş katibi Stanislav Zas "Azərbaycan Ermənistan ərazisinə soxulmayıb. Baş verənlər isə xırda sərhədyanı insidentdən başqa bir şey deyil" sözlərilə məsələyə KTMT-nin adından növbəti dəfə bir nöqtə qoydu. Ermənilərın Zasın bəyanatına söyüş və təhqirlərlə cavab verdilər, çünki heç bir arqumentləri yox idi.

Erməni ekspert dairələri, dövlət qurumları və siyasi partiyaları Zas başda olmaqla KTMT-nin bütün üzv dövlətlərini, onların rəhbərlərini KİV və sosial şəbəkələrdə təhqir atəşinə tutdular. Erməni KİV-lərinin manşetini ABŞ və Qərbi tərifləyən şərhlər, təhlillər, ABŞ-ın Ermənistandakı səfirindən açıqlama, Paşinyanın müavini Tiqran Avinyanın adından "ABŞ-Ermənistan strateji əməkdaşlığı" haqda geniş şərh, erməni baş nazirinin digər köməkçisi Ruben Rubinyanın adından Zasın bəyanatını qınayan bəyanat bəzədi. "Fakt faktlığında qalır ki, KTMT-nin Ermənistan qarşısında öhdəliyi var və təşkilat hərəkətə keçməlidir", - Ruben Rubinyan təəssüflə qeyd edir, bununla belə, İrəvanın KTMT ilə əməkdaşlığı və məsləhətləşmələri davam etdirəcəyini vurğulayırdı.

Bu da dünyada və regionda yaranmış yeni reallıq və hərbi-siyasi vəziyyət. Bu da toplumlar üçün istənilən məsələdə illüziyaların nə qədər zərərli və təhlükəli olduğunun, hansı nəticələrə gətirib çıxara biləcəyinin sübutu. Artıq su bulandırmaq istəyənlərin hansı güclər olduğu bütün region ölkələrinə məlumdur. Aydın oldu ki, tarixdə hər zaman olduğu kimi, destruktiv qüvvələrin bölgəmizdəki əlaltıları yanə də Ermənistanın hakim və siyasi dairələridir. Təsadüfi deyil ki, Avropa İttifaqı İrəvana 1,5 milyard avroluq kredit ayırmağa hazır olduğunu elan edib və bu məbləğin böyük hissəsinin Zəngəzura xərclənməsi təlimatını veib. Başda tarixən öz qeyri-səmimi və dağıdıcı siyasəti ilə məşhur Franca və Türkiyənin regionda güclənməsinə qısqanclıqla yanaşan Almaniya olmaqla (ABŞ prosesə bu iki dövlətin əli ilə kənardan dəstək verir) Aİ Cənubi Qafqazda itirdiyi mövqelərini hər vəchlə geri qaytarmağa çalışır. Deməli, gələcəkdə regionumuzda sülhü və əmin-amanlığı təhdid edəcək hər bir fəaliyyətin arxasında onu və əlində alət erməni elitasını görəcəyik.

Şahin Ömər
Azvision.az


Teqlər: Qarabağ   ermənilər   Rusiya   AİB   KTMT  





Xəbər lenti