"Qafqazda Braziliya üçün də yeni imkanlar açılır" - “Correio Brazilense”

"Qafqazda Braziliya üçün də yeni imkanlar açılır" - “Correio Brazilense”
  05 İyul 2021    Oxunub:1273
Braziliyanın nüfuzlu “Correio Brazilense” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elxan Poluxovun “Azərbaycan Cənubi Qafqazdakı yeni həqiqətləri xəritəyə çıxarır və Braziliyaya qapılar açır” sərlövhəli məqaləsi dərc olunub.
Səfirlikdən Azvision.az -a bildirilib ki, məqalədə 2021-ci ildə, gələcəyə yeni ümid və gözləntilərlə baxdığımız bir zamanda ölkəmizin geniş planlarının mövcud olduğu diqqətə çatdırılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yaxşı bir gələcək qurmaq üçün bütün Azərbaycan xalqının gərgin əməyi və fədakarlığı vurğulanır.

Cənubi Qafqazda və bütün Avropada sülh və təhlükəsizliyə maneə yaradan, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının sona çatmasına dair geniş məlumat verən səfir qeyd edir ki, hələ də bu işğalın ağır nəticələri ilə üzləşirik. Diplomat iyunun 4-də Azərbaycan jurnalistlərinin və yerli hakimiyyət orqanı nümayəndəsinin tank əleyhinə minaya düşərək həyatlarının itirməsinə münasibət bildirməyə çağırır. Bu hadisə ilə bağlı iyunun 8-də səfirliyin təşkil etdiyi mətbuat konfransında haqq səsimizi mətbuatda işıqlandıran, bu işdə yaxından iştirak edən bütün braziliyalılara dərin minnətdarlıq ifadə edilir.

Həmçinin məqalədə pandemiyanın başlanğıcından bəri dünyanın çətin dövrlər yaşadığı, 2020-ci il dekabrın 3-4-də Prezident İlham Əliyevin şəxsi təşəbbüsü sayəsində “COVID-19” pandemiyası ilə bağlı BMT Baş Məclisinin xüsusi iclasının keçirilməsi və ölkəmizin beynəlxalq təşkilatlar vasitəsilə və ya birbaşa bir çox ölkələrə dəstək verdiyi qeyd olunur. Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) vasitəsilə dünyada baş verən humanitar böhranlara daim öz yardım və köməyini göstərməklə yanaşı, eyni zamanda, Latın Amerikası ölkələrinə də bu istiqamətdə diqqət yetirildiyi vurğulanır.

Məqalədə bildirilir ki, Azərbaycanla möhkəm əlaqələrə malik Braziliya Latın Amerika ölkələri arasında lider olmaqla, ölkəmizin ən böyük ticarət tərəfdaşıdır. Azərbaycan da öz növbəsində Cənubi Qafqaz ölkələri arasında Braziliya ilə ticarət əlaqələrində öz liderliyini qoruyub saxlayır.

Vurğulanır ki, ölkələrimiz arasında gündən-günə güclənən əlaqələr ikitərəfli və çoxtərəfli münasibətlərin bütün sahələrini əhatə etməsi və genişləndirilməsi baxımından böyük perspektivlərə malikdir. Yazıda, həmçinin Cənubi Qafqaz bölgəsindəki yeni reallıqların Braziliya üçün imkanlar açacağına və Azərbaycanın bu yolda əsas qapı olacağına inam ifadə olunur.

Azvision.az



Teqlər:





Xəbər lenti