Mediaya dəstək proqramları: Azərbaycan və dünya

      Mediaya dəstək proqramları:    Azərbaycan və dünya
  05 İyul 2021    Oxunub:2771
Böyükağa MİKAYILLI,
Respublika Təhsil Şurası İctimai Birliyinin katibi

Bütün zamanlarda olduğu kimi, dövrümüzdə də medanın inkişafı, onun cəmiyyəti keyfiyyətli informasiya ilə təmin etməsi hər kəsi düşündürən vacib məsələlərdəndir. İnsanlar zamanında və doğru-dürüst informasiya almasalar, cəmiyyəti şayiələr bürüyər, yalan ayaq tutub yeriyər, inamsızlıq, etibarsızlıq mühitin xəstəlik sindromuna çevrilər.

Təcrübə göstərir ki, media dövlətin və onun vətəndaşlarının stabil həyatının mühüm dayaqlarından biridir. Hər hansı bir yanlış informasiya cəmiyyətdə mənəvi-psixoloji mühitin sarsılmasına, insanların ruh düşkünlüyünə yol aça bilər. Odur ki, mətbuat elə bir monolit qata malik olmalıdır ki, onun divarlarını heç bir saxta informasiya dəlib keçə bilməsin, əksinə, o öz intellektual gücü ilə dövlətin təməllərinin güclənməsinə, vətəndaşların mənəvi halının yüksəlməsinə xidmət edə bilsin. Biz, medianın bu mühüm rolu ilə 44 günlük Vətən müharibəsi günlərində, eləcə də bu gün də davam edən pandemiya şəraitində də tanış olduq və onun mahiyyətini daha dərindən hiss etdik.

Müasir dövrdə media dünyanın bütün ölkələrində özünün o qədər də ürəkaçan olmayan dövrünü yaşayır. Bu əgər bir tərəfdən pandemiya ilə əlaqədardırsa, digər tərəfdən və daha mühümü sosial şəbəkələrin inkişafı ilə bağlıdır. Hər birimizə bəllidir ki, bu gün sosial media oxucu üçün daha çox əlçatandır. Lakin bu da bəllidir ki, sosial media xəbərləri qeyri-peşəkarlığı, eləcə də informasiyanın qeyri-obyektivliyi, mənbələrin etibarsızlığı ilə fərqlənir.

Oxuculara bu qüsurlar fonunda təqdim edilən informasiyalar əksər hallarda ciddi media nümunələrindən – saytlardan, qəzetlərdən daha tez təqdim edilir. Bu da öz növbəsində yalan, mənbəyi yoxlanılmamış, təsdiq olunmamış informasiyanın cəmiyyətə transformasiya olunmasına yol açır. Bəzən saxta informasiyalar o qədər inandırıcı şəkildə təqdim edilir ki, hətta sağlam düçüncəli, intellektual səviyyəli insanları da aldadır. Bu, insanların doğru informasiya almaq hüquqlarının pozulması deməkdir. Beynəlxalq media klublarının monitorinqi göstərib ki, bu gün inkişaf etmiş ölkələrdə sosial şəbəkələr üzərindən yayılan yalan xəbərlərin həcmi ümumi xəbərlərin 40 faizinə, inkişaf etməkdə olan ölkələrdə isə 60 faizinə bərabərdir. Yəni Avropa və ABŞ-da sosial şəbəkələr üzərindən yayılan məlumatların 40 faizi reallığı əks etdirmir. Buradan görünür ki, dünya yalan xəbərlərdən nə qədər böyük əziyyət çəkir.

Bu gün dövlətlərin qarşısında dayanan ən mühüm vəziflərdən biri də məhz öz vətəndaşlarının düzgün informasiya ilə təmin olunmasına şərait yaratmaqdır. Bunun isə ən mühüm yolu medianın inkişafından keçir. Qəzet və saytlar elə resurslara malik olmalıdırlar ki, informasiyanın ilkin mənbəyi rolunda çıxış edə bilsinlər. Heç bir resursa malik olmayan sayt istər-istəməz sosial şəbəkə, yaxud digər saytların məlumatlarını “kopiya”edib paylaşmaq məcburiyyətində qalacaq. Bu kimi faktorlar medianın sosial şəbəkələrə uduzmasına imkan yaradır. Üstəlik pandemiya ilə əlaqədar daha da akivləşən sosial şəbəkələr reklam bazarına da ciddi nəzarəti ələ almaqdadırlar.

Bu və digər cəhətləri nəzərə alaraq Azərbaycan hökümətinin mediaya göstərdiyi dəstəyi (Jurnalistlərə mənzillərin verilməsi, KİV-nin inkişafını təmin etmək üçün maliyyə vəsaitinin ayrılması) təqdirəlayiq hal hesab edirəm və düşünürəm ki, dövlət dəstəyi müasir dövrdə KİV-nin stabil inkişafı üçün təməl hesab edilə bilər. Dünyanın inkişaf etmiş ölkələrinin də təcrübəsinə nəzər saldıqda, hökumət və media münasibətlərinin modern əsasda qurulduğunun şahidi olmaq mümkündür. İnkişaf etmiş dövlətlər dövlətin medaiaya dəstəyini demokratiyanın təməl prinsiplərindən hesab edirlər.

Hökumət – media münasibətlərində dünya təcrübəsinə diqqət yetirək

İsveç

Bütün çətinliklərə rəğmən mətbuat yaşamalıdır və onun yaşaması üçün dövlət dəstəyinə ciddi ehtiyacı var. Diqqət yetirək: İsveç höküməti mediaya dəstək baxımından Avropada öndə gedən ölkələrdən hesab olunur. Bu ölkədə istər gündəlik, istərsə də həftəlik qəzetlər dövlətdən mütəmadi olaraq dəstək almaqdadırlar. İsveç hökumətinin hesabatına nəzər yetirdikdə görürük ki, təkcə 2020-ci ilin ilk 6 ayı ərzində ölkə KİV-lərinə təxminən 18 milyon avro maddi yardım ayırılıb. Ölkənin mədəniyyət naziri bildirib ki, "Ənənəvi KİV-lərə maddi dəstək verilməsi təkcə medianın yaşaması üçün deyil, həm də vətəndaşların keyfiyyətli xəbərlər almaları üçün vacibdir. Bu, demokratiya üçün müsbət haldır".

Danimarka

Ölkədə Kütləvi İnformasiya Vasitələri üçün Əlavə Dəyər Vergisi ləğv edilib. Poçt xidmətləri tarifləri aşağı salınıb, güzəştli kreditlərin verilməsi kütləvi hal alıb. Qəzet çapı sənayesinin modernləşdirilməsi istiqamətində dövlət tərəfindən fundamental tədbirlər həyata keçirilir. Eləcə də kritik maliyyə böhranı yaşayan qəzetlər dövlətdən konkret maliyyə dəstəyi alırlar. Danimarkada hökumət – KİV münasibətlərində diqqətimi cəlb edən ən mühüm cəhət KİV tərəfindən təqdim olunan maraqlı və əhəmiyyətli layihələrin maliyyələşdirilməsidir.

Finlandiya

Bu ölkədə həm dövlət, həm də özəl qəzetlər üçün dövlətin dəstək proqramları mövcuddur. Maraqlıdır ki, Finlandiyada xüsusilə regionlarda fəaliyyət göstərən partiyaların qəzetlərinə daha çox maliyyə yardımı göstərilir. Qəzetlərə yardım subsidiyalar sistemi ilə həyata keçirilir. Subsidiyanın miqdarı partiyanın parlamentdə təmsil olunan deputatlarının sayı ilə müəyyən edilir. Yəni, əgər qəzet daha çox subsidiya almaq istəyirsə, o zaman parlamentdə daha çox deputatla təmsil olunmalıdır. Qeyd edim ki, Finlandiyada çap məhsullarının təxminən 86 faizi abunə yolu ilə yayımlanır ki, bu mexanizm də hökümət tərəfindən nizamlanır.

Norveç

Maliyyə çətinliyi yaşayan qəzetlər bu ölkədə istər istehsal, istərsə də çap məhsullarının yayımlanması üçün dövlətdən subsidiya almaq hüququna malikdirlər. Subsidiyanın məbləğinin həcmi həmin nəşrin ümumi gəlirinin 2 faizini təşkil edə bilər. Bununla yanaşı, nəşrlər bir sıra mühüm vergilərdən də azaddırlar. Qəzetlər eyni zamanda, qəzet kağızı əldə etmək üçün də subsidiyalar almaq imkanına malikdirlər. Xüsusi güzəştli şərtlərlə kreditlərin verilməsi, güzəştli poçt tariflərinin tətbiq olunması, məqsədli reklamların yönəldilməsi də dövlətin KİV-ə göstərdiyi dəstək sırasındadır.

İsveçrə

İsveçrədə də dövlət qəzetlərin nəşri və yayımlanması sahəsində KİV-ə maliyyə dəstəyi göstərməkdədir. İsveçrədə mətbuat bazarının xarakterik cəhətlərindən biri də budur ki, bu ölkədə yalnız yüksək tirajlı, böyük kollektivlərə malik olan qəzetlər deyil, kiçik tirajlı qəzetlər də dövlətdən maliyyə yardımı alırlar. Qəzetlər istehsalının maya dəyərinin 20 faizi həcmində subsidiya əldə etmək imkanına malikdirlər. Xarakterik cəhətlərdən biri də bundan ibarətdir ki, İsveçrədə yeni nəşrə başlayan qəzetlər də subsidiya ala bilirlər. Digər məqam isə odur ki, hökumət KİV-in inkişafı üçün güzəştli kreditlər, endirimli poçt tarifləri tətbiq edir. Ölkədə qəzetlər Əlavə Dəyər Vergisindən azaddır. Maliyyə vəziyyəti çətin olanlar əlavə olaraq reklamdan qazandıqları gəlirdən vergi ödəməkdən də azaddırlar.
Bu yazını daha da genişləndirmək, inkişaf etmiş ölkələrdə mediaya göstərilən dəstək haqqında daha genişliyi ilə bəhs etmək olardı. Hesab edirəm ki, ölkəmiz də medianın inkişafına yardım etməklə, bir daha demokratik inkişaf yolunu seçdiyini bəyan edir. Azərbaycan mediaya yardım proqramları ilə öz modelini formalaşdırır.



Teqlər: MEDİA  





Xəbər lenti