MEDİA və mediamız: nələr dəyişib, nələr dəyişməlidir?

   MEDİA və mediamız:    nələr dəyişib, nələr dəyişməlidir?
  06 İyul 2021    Oxunub:1033
Elçin Bayramlı

Elmi-texniki inkişafın sürəti özünü ən çox informasiya və kommunikasiya sektorunda iruzə verib. Texnoloji inkişaf qısa zamanda media platformalarını tamam dəyişib, yeni müstəvi üzərinə keçirib. Media vasitələrinin sayı hesabı itdiyinə baxmayaraq, indi həm operativlik və peşəkarlıq cəhətdən tələblər yüksəlib, oxucu, dinləyici, tamaşaçı uğrunda rəqabət daha da qızışıb. Azərbaycan da bu qlobal prosesdən kənarda qalmayıb.
Kütləvi informasiya vasitələri sahəsində çox sayda problemlərin müşahidə olunduğu, informasiya çirkliliyinin geniş yayıldığı bir məkanda medianın fəaliyyəti nədən ibarət olmaldır və bu sahənin inkişafına dəstək üçün yaradılan MEDİA Azərbaycan mediasının inkişafına hansı töhfələr verə bilər? Yazımızda bu məsələlərə toxunacağıq.

Azərbaycanda cəmiyyət həyatının hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommunikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu müasir dövrdə media sahəsində keyfiyyət dəyişikliklərinə ehtiyac var idi.

Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun olaraq modernləşmə, qabaqcıl texnologiyaların geniş tətbiqi və digər mühüm şərtləri özündə birləşdirən innovativ yeniliklərdən Azərbaycan mediasının daha çox bəhrələnməsi, onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslı islahatlar aparılmasına zərurət yaranmışdı.

Buna görə də, ölkə prezidentinin sərəncamı ilə, medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” (MEDİA) publik hüquqi şəxs yaradıldı.

Agentliyin vəzifələrinə müvafiq sahədə normativ hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, fikir, söz və məlumat azadlığının, plüralizmin təmin edilməsi, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirmək, media sahəsində mütəxəssislərin hazırlanması və əlavə təhsilinin təşkili məqsədilə müvafiq tədbirlər həyata keçirmək, audiovizual məhsulların istehsalı və yayımı üzrə dövlət sifarişçisi kimi çıxış etmək, bu məqsədlə müsabiqələr keçirmək, cəmiyyətdə baş verən hadisələrin, dövlət siyasətinin mediada ədalətli, balanslı, obyektiv, qərəzsiz işıqlandırılmasına, jurnalistlərin peşəkarlığının artırılmasına, peşə etikası qaydalarına riayət edilməsinə, beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya-kommunikasiya texnologiyalarının, innovasiyaların tətbiqinə, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasına istiqamətlənmiş layihələrin həyata keçirilməsi üçün tədbirlər görmək kimi işlər daxildir.

Bundan başqa, Agentliyin mediada yayımlanan informasiya qanunla nəzərdə tutulan tələblərə cavab vermədikdə, bununla bağlı tədbir görülməsi məqsədilə aidiyyati üzrə müraciət etmək, mediada inzibati xəta əlamətləri aşkar etdikdə, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək, dövlət və kommersiya sirrinin, habelə, məxfilik rejiminin qorunması üçün tədbirlər görmək hüquqları vardır.

Göründüyü kimi, MEDİA-nı çox böyük və çətin iş gözləyirdi. Bəs keçən qısa müddətdə nələr dəyişib, hansı işlər görülüb. Bu suala cavab vermək üçün əvvəlcə mövcud problemləri nəzərdən keçirməliyik.

İnternetin inkişafı media sistemini, formatını, peşə qayda və prinsiplərini tamam dəyişib. Elektron media sürətlə print medianı sıradan çıxarır. Print media bəzi ənənəvi oxuma vərdişlərinə yiyələnmiş ölkələrdə müqavimət göstərə bilir, amma tezliklə onlar da sıradan çıxacaq. Azərbaycanda isə yazılı mətbuat yalnız dövlət dəstəyi ilə ayaqda qalır. Bu dəstəyi isə MEDİA həyata keçirir.

Yeri gəlmişkən, bir neçə gün əvvəl başa çatmış müsabiqə zamanı MEDİA elan olunmuş tələblərə cavab verən xeyli sayda mətbu orqana müvafiq maliyyə vəsaiti ilə yardım etdi. Təbii ki, bu prosesdən kənarda qalan, tələblərə cavab verməyən bəzi kiçik saytlar da oldu ki, lakin düşünürük ki, burada narazılığa heç bir əsas yoxdur.

Əvvəla, ölkədə minlərlə qəzet, jurnal, sayt portalı var ki, dövlət bunların heç də hamısını maliyyələşdirə bilməz. İkincisi, bu maddi yardım kampaniyası mərhələlərlə davam edəcək və bu dəfə bu yardımı ala bilməyənlər növbəti dəfə alacaqlar.

İlk kampaniyada MEDİA-nı tənqid edən nə istəyirlər? MEDİA nə etməli idi? Onilliklər boyu fasiləsiz fəaliyyət göstərən, gündəlik dərc olunan qəzetləri, bir neçə dildə xəbər yayan peşəkar agentlikləri və xəbər portallarını kənara qoyub 1-2 nəfərin hobbi kimi, ya da şantaj vasitəsi kimi açdığı saytlara yardım etməlidir?

Hər bir halda bunun üçün müəyyən tələblər var. Tələblər açıq elan olunmuşdu və bu tələblərə cavab verənlər seçildi. Bu ölkə mətbuatı üçün son dərəcə böyük dəstəkdir. Xüsusən də, qəzetlər, jurnallar üçün. Dövlət əlini çəksə, bir aya ortada bir qəzet və jurnal qalmaz. Səbəbləri aydındır. İnformasiya əsrinə, sürət əsrinə gəlib çıxdıq, qəzet və jurnallar bu sürətlə ayaqlaşa bilmir.

Qəzet və jurnal sanballı təhlillər, maraqlı müsahibələr, dərin araşdırmalar, elmi məqalələr verməlidir ki, saytlardan fərqlənə bilsin. Bunun üçün böyük maddi texniki baza, peşəkar kadrlar lazımdır. Bunlar isəçox zəif haldadır. Qəzet və jurnal yeganə media növüdür ki, ona pul ödəmək lazımdır. Razılaşın ki, hər gün 40-50 qəpik verib qəzet almağa oxucunun ya imkanı, ya da həvəsi yoxdur, çünki gündəlik xəbərləri saytlarda pulsuz oxuyur.

Qəzet və jurnalların reklamlarının çox az olması da onların maddi vəziyyətlərinə ciddi təsir edir. Məhz belə bir ağır şəraitdə MEDİA-nın qəzet jurnallara yardımı çox təqdirəlayiqdir.

İnternet mediaya gəldikdə, burada vəziyyət fərqlidir. Bu məkanda, əksəriyyəti diletantlar, reketlər, dələduzlardan ibarət olmaqla minlərlə şəxs sayt açaraq xəbər yayır. Peşəkarlıq çox aşağı səviyyədə, dünya informasiya məkanına çıxış gücü sıfır vəziyyətdə, heç bir etika, ədəb, mənəvi norma yox kimi. Təbii ki, azsaylı istisnalarla. Bəziləri hətta cəmi 1 nəfərdən ibarətdir. Üstəlik, bu sayt adminlərin çoxu heç jurnalist deyil, nə ədəbi dil və rəsmi dil qaydarından, nə peşə etikasından, nə də yazı üslublarından və janrlardan xəbərləri var. Sadəcə, bir neçə yüz manat xərc çəkib bir sayt açdırıb, deyir ki mən mediayam. Belə bir şəraitdə dövlət bu sahədə tənzimləmə aparmalı, peşəkar və ciddi xəbər saytlarına yardım etməlidir.

Mətbuatımız getdikcə kiçilir, məhdud oxucu kütləsi minlərlə sayt, qəzet arasında bölünür. Nəticədə, media orqanlarının satış, reklam bazarı zəifləyir, onlar çoxsaylı və peşəkar işçilər saxlaya bilmir, onun Bakıdan kənara çıxmaq imkanları olmur, misal üçün başqa şəhərlərə, başqa ölkələrə müxbir göndərə bilmir, müxbir postu saxlaya bilmir. Bir neçə tv və agentliyi çıxmaq şərtilə. KİV ucuz işçi qüvvəsi saxlamağa çalışır ki, bu da keyfiyyətə təsir göstərir. Peşəkar jurnalistlər minimum maaşa işləmirlər, praktikantları, jurnalistikadan anlayışı olmayan adamları 200-300 manata işlətməklə isə mətbuat yaratmaq mümkün deyil.

İnternet mediada çap mediasına nisbətən inkişaf asandır, bu sahənin inişafı üçün imkanlar yüksəkdir. Qəzetlərin gündəlik çapı və sair texniki xərcləri çoxdur, agentlik və saytlarda isə belə xərclər yoxdur.

Yaxşı olardı ki, qəzet, agentlik, xəbər saytları birləşsin, daha bir neçə iri media holdinqlər yaransın. Yəni, 100 xırda qəzetdən 1 böyük qəzet yaxşıdır. 100 xırda saytdan 1 iri agentlik yaxşıdır. 100 xırda internet TV-dən 1 iri TV yaxşıdır. Hansı ki, hər redaksiyada bir neçə nəfər yox, bir neçə yüz nəfər seçmə peşəkar işləyəcək, bu halda media qrupun qəzetinin, agentliyinin, tv-sinin keyfiyyəti, tirajı, nüfuzu artacaq. Və dünya informasiya məkanına çıxa biləcək. Ona görə də, hesab edirik ki, bu sahədə təmərküzləşmə getməlidir.

İnkişaf etmiş ölkələrdə, məsələn Almaniyada, Rusiyada, Britaniyada, Fansada, Amerikada... çox böyük nüfuzlu media şəbəkələri var. Yüz minlərlə, milyonlarla tirajı, oxucusu olan qəzetlər, agentliklər, milyonlarla tamaşaçısı olan TV-lər və s. Onlar ölkənin və dünyanın hər yerində xüsusi müxbir saxlayır və qaynar xəbərlər verirlər. Ona görə də oxucularının sayı çoxdur. Və dünya informasiya məkanına çıxışı və dünya ictimai fikrinə təsir imkanları var.

Əhali sayına nisbətdə bizdə də ən azı qəzetlərin tirajı, iri xəbər saytlarının gündəlik oxucu sayı 100 mini keçməlidir. Bizdə də, Sovet vaxtında bəzi qəzetlərin tirajı yarım milyonu, bəzi jurnalların tirajı 100, 200 mini keçirdi. Ona görə ki, bu qədər KİV yox idi.

Fikrimizcə, dövlət daha çox bu sahədə təmərküzləşmələrə dəstək verməlidir- 6 beynəlxalq dildə (fransiz, rus, ingilis, alman, ispan, ərəb) fəaliyyət göstərən iri xəbər agentlikləri yaradılmalıdır və onları dünyada tanıtdırmağa çalışmalıyıq. Bu, minlərlə kiçik və zəif saytdan daha effektiv olar.

Azərbaycanda jurnalistlərə, mətbuatın inkişafına dövlət dəstəyi dünyada heç bir ölkədə olmayacaq səviyyədə güclüdür. Dövlət KİV-ə həm birdəfəlik illik yardımlar edir, həm layihələr üçün qrantlar verir, həm jurnalistlərin sosial problemlərini həll edir, onları mənzillə təmin edir və s.

Problem daha çox bizim jurnalistlərin özündə və cəmiyyətdədir. Cəmiyyətdə oxuma səviyyəsi aşağıdır. Xüsusilə ciddi mövzuları. Əsasən şou, idman kimi sahələrdə yazılar nisbətən oxunur. Peşəkar və intellektual jurnalstlərin azlığı, hərənin əlinə bir qələm alıb qəzet və ya sayt açması, dezinformasiyalar və ucuz şoular yayması medianı nüfuzdan salıb. Ona görə də, dövlət media sahəsinə nəzarəti artırmalı, bu sahədə qanun pozuntularına qarşı cəzaları sərtləşdirməlidir. Əks halda anarxiya yaranacaq.

Göründüyü kimi, problemlər fundamental və kompleksdir. Bəs bu problemləri MEDİA necə həll edir, necə həll edəcək? Bu haqda növbəti yazıda.


Teqlər: MEDİA  





Xəbər lenti