"Anam şənbə günü qayıdacağını demişdi..." - Xanım şəhidimizin övladı (VİDEO)

 "Anam şənbə günü qayıdacağını demişdi..." -  Xanım şəhidimizin övladı (VİDEO)
  06 İyul 2021    Oxunub:10152
Mərdan Məmmədli Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri, Vətən müharibəsinin yeganə qadın şəhidi Arəstə Baxışovanın oğludur. O, şəhid övladları üçün təşkil edilən “Qaliblər düşərgəsi”nin 14 günlük iştirakçısıdır.
Azvision.az düşərgənin işləri ilə tanış olarkən xanım şəhidin övladı ilə söhbətləşib. 12 yaşlı Mərdan bu il 7-ci sinifdə oxuycaq. Onun gələcəklə bağlı böyük arzuları var.

- Mən qəhrəman xanımın oğlu olduğum üçün fəxr edirəm və qürur duyuram. Anamı çox sevirdim. O, bizim qayğımıza qalırdı, ana sevgisi verirdi. Anamın şəhadəti xəbərini qürurla qarşıladıq. Şəhidlər ölmür, onlar hər zaman bizim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərə rəhmət eləsin!


- Mərdan, sonuncu dəfə ananla nə zaman görüşdün ?

- Anam məni riyaziyyat fənnindən hazırlığa qoymuşdu. O, həmişə istəyirdi ki, dərslərimizi yaxşı oxuyaq. Buna görə də bizə müəllimlər tuturdu. Müharibəyə gedəndə bacımla mənə dedi ki, “Mən işə gedirəm, şənbə günü geri qayıdacağam”. Onunla görüşüb, hazırlığa getdim. Anam isə məndən iki saat sonra evdən çıxacaqdı. Sonrakı gün anamın şəhid olması xəbəri gəldi.
Şəhid övladının Prezidentdən istəyi: “Cıdır düzündə yallı gedək…” - VİDEO

- Arəstə xanımın övladlarından gözləntiləri nəydi? Sizə hansı məsləhətləri verirdi?
- Həmişə deyirdi ki, dərslərinizi yaxşı oxuyun, Vətənə xidmət edin, kasıb insanlara əl tutun.

- Ananın sözlərinə əməl edib, dərslərini yaxşı oxuyursanmı?
- Bəli.

- Ən çox hansı fənni sevirsən?
- Riyaziyyatı və ingilis dilini. Anam özü ingilis dili müəlliməsi olub. Ancaq ixtisasından imtina edib, hospitalda tibb bacısı olmuşdu.

- Sən özün də gələcəyin qəhrəman əsgərisən…
- Hərbçi olmaq fikrim var. Kiçik yaşlarımdan belə fikrim olub. Yəqin ki, anamın Vətənə bağlılığından belə bir istək məndə yaranıb.



Qeyd edək ki, Azərbaycan Ordusunun çavuşu olan hərbi feldşer Arəstə Baxışova 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın işğalı altında olan ərazilərini azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlatdığı Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunub.
Ölümündən sonra "Vətən uğrunda" medalı və 2021-ci il mayın 12-də Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən ingilis tibb bacısı Florens Naytingelin şərəfinə təsis olunan "Florence Nightingale" medalı ilə təltif edilib. Özündən sonra bir qızı və bir oğlu yadigar qalıb.


Şahanə Rəhimli
VİDEO: Əhməd Xəlilov
Montaj: Bəxtiyar Məmmədov

Azvision.az


Teqlər: Şəhid-övladı   Qəhrəmanlar  





Xəbər lenti