Azərbaycanı 30 il susuz qoyanların su qayğısı - Replika

   Azərbaycanı 30 il susuz qoyanların su qayğısı -  Replika
  09 İyul 2021    Oxunub:1948
Ermənistan susuzluq təhlükəsi qarşısındadır. Bu haqda internetin erməni seqmentində geniş müzakirələr aparılır. Tanınmış erməni jurnalistləri və bloqerləri Azərbaycanın qələbəsindən sonra bölgənin içməli su ehtiyatlarının böyük bir hissəsini öz nəzarətinə qaytardığını yazaraq, artıq regionun gələcəyini rəsmi Bakının müəyyən edəcəyini bildiriblər.
Azvision.az məsələ ilə bağlı sosial şəbəkədə, erməni KİV-lərində bu barədə çıxan bütün informasiyaların monitorinqini apararaq problemin qısa analizini təqdim edir.

Məsələnin kökündə duran problem Dağlıq Qarabağın Rusiya sülhməramlılarının nəzarətində qalan hissəsindəki əsas məsələlərdən olan içməli və suvarma suyu qıtlığıdır. Hər kəsin xatirindədir: Ermənistanın kapitulyasiyası haqqındakı üçtərəfli Bəyanatdan sonra bölgəyə gələn rus sülhməramlı qüvvələri Xankəndinə maşınlarla içməli su gətirirdilər. Bir rus əsgərinin qoca erməni separatçısı ilə içməli su çəninin yanında çəkdirdiyi şəkil demək olar ki, bütün Rusiya KİV-lərinin manşetinə düşmüşdü.

Həmin şəklin əks etdirdiyi gizli problem indi üzə çıxmaqdadır. Qarabağın işğalı dövründə ermənilərin Azərbaycana və onun iqtisadiyyatına vurduqları ən ağır zərbə su blokadası olub. Azərbaycan hökuməti bu məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün hər il ölkədəki diplomatik korpusun nümayəndələrinin Tərtərə, Goranboya və respublikanın susuzluqla boğuşan digər rayonlarına səfərlərini təşkil edirdi. Dağlıq Qarabağda Azərbaycanın vəsaiti ilə inşa edilmiş bütün su anbarları işğal vaxtı Ermənistanın nəzarətinə keçdiyindən, ölkəmizə qarşı sözün əsl mənasında bir "su terroru" gerçəkləşdirilirdi.

Şimal istiqamətində Sərsəng, Suqovuşan-1 və Suqovuşan-2 su anbarlarındakı suyu qış mövsümündə açaraq, Azərbaycanın aranda yerləşən rayonlarını daşqın təhlükəsi ilə üz-üzə qoyan düşmən, suvarmanın başladığı, suya tələbatın artdığı vaxtlarda isə adı çəkilən su anbarlarını bağlayaraq, yaxındakı Azərbaycan rayonlarının kəndlərini susuz qoyurdular. Bu əzab-əziyyət nəhayət ki, ordumuzun 44 günlük Vətən müharibəsindən sonra başa çatdı. Bu ilin əvvəlindən Azərvbaycanın Aran bölgəsindəki rayonlara, kənd təsərrüfatına yararlı bütün ərazilərinə Qarabağdan axan kanallara 30 ildən sonra ilk dəfə su verildi. Azərbaycan ordusu ölkəmizə qarşı Ermənistanın apardığı 30 illik "su terroruna" da son qoydu. Müharibənin nəticələri ümumilikdə düşmənin yalnız ordusunun məhvi ilə nəticələnmədi, bölgənin bütün strateji mövqeləri, bütün su mənbələri və su anbarları da Azərbaycanın nəzarətinə qayıtdı.

Su terroru və ermənilik sindromu

İşğal etdikləri bütün əraziləri itirən ermənilər, mənbəyini Qarabağdan götürməklə indiki Ermənistan ərazisindəki gölləri və su anbarlarını içməli su ilə təmin edən çayların bizim nəzarətimizə keçməsindən ciddi narahatdırlar. Qarabağdakı separatçıların rəhbərlərindən biri David Babayan erməni KİV-lərinə verdiyi müsahibəsində su probleminin bumeranq kimi öz başlarına dəydiyini etiraf edib. O, bildirib ki, artıq bu məsələdə Ermənistan özü də Azərbaycandan asılı vəziyyətə düşüb. Belə ki, Göyçə gölünü su ilə təmin edən iki ən iri çay - mənbələrini Kəlbəcərdən götürən Arpa və Lev çayları artıq Azərbaycanın nəzarətindədir. Babayan bildirib ki, əgər Azərbaycan bu çayların məcrasını dəyişsə, Göyçə gölü və bütün ərazilər susuz qalacaq. "Bu isə Ermənistanın birdəfəlik məhvi deməkdir", - Babayan bildirib.

Başqa bir erməni jurnalist Narine Kirakosyan isə bildirib ki, Sərsəng su anbarını qidalandıran Tərtər çayının keçdiyi ərazilər tam Azərbaycanın nəzarətindədir və əgər Bakı istəsə, bu çayın məcrasını dəyişərək, Sərsəngi quruda bilər.

Hətta Kurakosyan bir az da irəli gedərək, Azərbaycanın Tərtər çayının yaxınlığına ağır inşaat texnikası yığdığı haqda feyk məlumat da yayıb. Göründüyü kimi, bu xəstə toplumun şüuraltına hopmuş ermənilik sindromu onun bütün yollarını uçuruma doğru aparır. Baxdıqları hər yerdə etdikləri pislikləri görən ermənilər öz daxillərində bu problemlərə ayıq başla baxan və yaranmış vəziyyətdən çıxış yolunun qonşu ölkələrlə, o cümlədən Azərbaycan və Tükiyə ilə yaxşı münasibətlərdən keçdiyini deyən ictimai və siyasi fəalları da daşqalaq edərək, düşdükləri müşkülü daha da dərinləşdirirlər.

Şahin Ömər
Azvision.az



Teqlər: Qarabağ   Su  





Xəbər lenti