İt burnunun faydası: Dördayaqlılar Qarabağı minalardan necə təmizləyirlər – Hərbi ekspert

  08 İyul 2021    Oxunub :2532
      İt burnunun faydası:    Dördayaqlılar Qarabağı minalardan necə təmizləyirlər    – Hərbi ekspert
Qarabağı erməni işğalından azad edən Azərbaycan dövlətinin qarşısında duran ən aktual məsələ həmin ərazilərin mina və partlayıcı maddələrdən təmizlənməsidir. Bu fəaliyyətlə funksiyaları bir-birini təkrarlamayan bir neçə qurum məşğul olur. Amma əsas işi təbii ki, ANAMA görür.
ANAMA həmin məqsədlə müxtəlif vasitələrdən stifadə edir. Beynəlxalq təcrübədə minatəmizləmədə müxtəlif canlılardan - məsələn arı, sican və itdən istifadəyə rast gəlinir. Azərbaycanlı minatəmizləyənlər ərazi, relyef və iqlim baxımından itlərdən istifadəyə üstünlük verirlər.

Xidməti itlərdən mina və partlayıcı maddələrin axtarışı ilə bərabər, insanların tapılması və xilas edilməsində, narkotiklərin aşkarlanmasında, heyvan sürülərinin qorunmasında, insanların və yüklərin daşınmasında, sərhədlərin (obyektlərin) mühafizəsində, qarovul xidmətində, əlillərin müşayiət edilməsində və s. vacib fəaliyyətlərdə istifadə edilir. Hər iti mina axtarışına cəlb etmək mümkün deyil.


Təəssüf ki, elm adamları hələ də mürəkkəb ərazilərdə partlayıcı qurğuları tez və səmərəli şəkildə təyin edəcək cihazlar yarada bilmirlər. Bu səbəbdən, kamuflyaj edilən partlayıcı maddələr və ya mühəndis sursatlarını qısa müddətdə aşkarlamaq üçün ən etibarlı vasitə kimi xüsusi təlim keçmiş xidməti itlərdən istifadə olunur. Lakin onların istifadəsini məhdudlaşdıran faktorlar mövcuddur: məsələn yağışlı və küləkli havalar itlərin iybilmə imkanlarına mənfi təsir göstərir. Bu itlər hazırda çox sayda mina və patrlayıcı qurğuları aşkarlayaraq, ANAMA əməkdaşlarına kömək etməkdədirlər.

ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində yerləşən MAİ seleksiya məntəqəsində xidməti itlərin nəsli artırılır və yerli təlimatçılarımız tərəfindən yetişdirilirək, xidmətə hazırlanır. Xidməti itlərin əsas keyfiyyəti yüksək iybilmə xüsusiyyətinə və itaətkar xarakterə malik olmalarıdır. Yerli bazada öyrədilən onlarla it hazırda Qarabağda və digər ərazilərdə minatəmizləmə əməliyyatlarında iştirak edir.


2013-cü ildə ANAMA-nın əməkdaşı Mənsur Aslanov “Niko”, 2018 -ci ildə Vahid Məmmədov “Esgimo”, 2020-ci ildə isə Loğman Namazov “Kora” ləqəbli itlər ilə ABŞ-ın Marşal İrsi İnstitutunun (Mİİ) münsiflər heyəti tərəfindən “İlin heyəti” seçiliblər. Hər üç heyət fəxri diplom və pul vəsaitilə mükafatlandırılıb.

Xidməti itlərin istifadəsi üçün ANAMA-ya ən böyük maddi və mənəvi dəstək ABŞ-ın Dövlət Departamentindən olub. NATO və BMT də dəstəklərini əsirgəməyiblər. İlk xidməti itlər Bosniyadan əldə edilib. Gələcəkdə isə ANAMA-nın özü də xidməti itlərin donoruna çevrilə bilər. Agentliyin yerli təlimatçıları Müdafiə Nazirliyinin, FHN və DSX-nın da xidməti itlərini hazırlayır və sertifikatlaşdırırlar. Hazırda Müdafiə Nazirliyinin 4 xidməti iti Agentliyin bazasında hazırlığını davam etdirir.


Ümumilikdə bu xidməti itlərin hazırlanması kifayət qədər mürəkkəb və vacib prosesləri ehtiva edir. Hər bir it fərd olaraq individual xarakterə malikdir və fərqli yanaşma tələb edir. Sertifikata malik itlərinin bahalı qiyməti də bununla əlaqədardır. İtlər adətən ilk təlimdə əldə etdiyi təcrübə və vərdişləri unutmurlar, onları sonradan başqa istiqamətə yönləndirmək çətin olur. Odur ki, həm təlim verənlərin, həm də təlimə cəlb edilərin seçilməsində diqqətli davranılması şərtdir.

Ədalət Verdiyev, Hərbi ekspert
Xüsusi olaraq Azvision.az üçün

Teqlər: Mina   ANAMA   Xidməti-it  






Xəbər lenti