"Qarabağ klanı" parçalanır: Sərkisyandan Koçaryana ağır ittihamlar

  "Qarabağ klanı" parçalanır:  Sərkisyandan Koçaryana ağır ittihamlar
  08 İyul 2021    Oxunub:2193
Dünən Serj Sərkisyan 2018 və sonrakı illərdə baş verən hadisələr haqqında “Sputnik Armeniya” nəşrində müəllif məqaləsi ilə çıxış edib.
Məqalə Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Kazan sammitinə qədər və ondan sonra baş verən hadisələr haqqındadır. Yazıda xeyli vacib məqamlar diqqət çəkir. Məzmuna diqqət yetirəndə məqalənin üzərində ekspertlərin işlədiyi də görünür.

Birincisi, yazının eksklüziv olaraq “Sputnik Armeniya” üçün nəzərdə tutulması təsadüfi deyil. Daha maraqlısı isə odur ki, Serj Sərkisyan dolayısı ilə Robert Koçaryanı Qarabağ probleminin tənzimlənməsi prosesiylə bağlı ona “pis miras” qoymaqda suçlayıb. Sərkisyan yazıb ki, Koçaryanın dövründə “2007-ci ilin Madrid sənədində Dağlıq Qarabağın yekun hüquqi statusunun plebissit yolla, yəni Dağlıq Qarabağ əhalisinin öz iradəsini azad şəkildə ifadə etməsi yoluyla müəyyən olunması təklif edilirdi. Bu zaman Beynəlxalq Məhkəmənin 1975-ci ildə Qərbi Saxara ilə bağlı verdiyi Konsultativ rəyinə istinad olunurdu ki, Bakıda bunu “yalançı referendum” üçün bəhanə kimi qiymətləndirir və hesab edirdilər ki, Qərbi Saxaradakı proses burada heç vaxt baş tutmayacaq. Eyni zamanda onu da qeyd edirdilər ki, “plebissit” istənilən halda məcburi qüvvəyə malik ola bilməz. 2011-ci ilin Kazan sənədində isə nəinki Qərbi Saxaraya istinad olunmamışdı, həm də qeyd olunurdu ki, “Dağlıq Qarabağın yekun hüquqi statusu BMT və ATƏT-in himayəsi altında keçiriləcək, Dağlıq Qarabağ əhalisinin azad iradəsini ifadə edən və məcburi hüquqi xarakter daşıyan ümumxalq səsverməsi nəticəsində müəyyən olunacaq”.

Doğrusu, Serj Sərkisyan indiyə qədər heç vaxt Koçaryanın üzərinə belə açıq getməmşdi. O, Koçaryanı Qarabağı danışıqlar prosesindən kənarda qoymaqda ittiham edir və paket həllinin Qarbağın statusu məsələsini gündəmdən çıxardığını bildirir.

İkinci diqqətçəkən məqam Serj Sərkisyanın bu formuludur: “Dağlıq Qarabağ münaqişəsini onun statusuyla bağlı əsas məsələdən kənarda, xalqın öz müqəddəratını təyin etmək hüququnu reallaşdırmadan həll etmək mümkün deyil. Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz. Tənzimlənmə üçün 3 dekabr 2020-ci il tarixdə beynəlxalq səviyyədə qəbul olunmuş yeganə vasitəçilik formatı olan həmsədrlərin bəyanatı düzgün istiqamətə doğru çox vacib siqnaldır”. Serj Sərkisyan bununla Rusiyaya inanmadığını ifadə edib, Rusiyanın Qarabağ münaqişəsinin tənzimlənməsində baş və yeganə orbitr olmasını qeyri-mümkün sayaraq, ATƏT-in Minsk qrupunun həmsədrliyi formatına qayıtmağın zəruriliyini bildirib. Azərbaycan isə qəti şəkildə bunun əleyhinədir, geniş mənada elə Rusiya da. Ən maraqlı məqam da elə budur.

Məqalədə digər maraqlı fikirlər də var, ancaq onlara ayrı-ayrılıqda diqqət yetirəcəyik. Hələlik Koçaryanın, Ermənisatan hökümətinin, ATƏT-in Mins qrupu həmsədr ölkələrinin, xüsusilə də Rusiyanın mövqeyini gözləyirik.

Nadir Quliyev
Azvision.az


Teqlər: Sərkisyan   Koçaryan   Qarabağ   ATƏT   Rusiya  





Xəbər lenti