İran keçisi can hayında, erməni qəssabı piy axtarır

 İran keçisi  can hayında, erməni qəssabı  piy axtarır
  09 İyul 2021    Oxunub:3731
Koronavirus pandemiyasının 6-ci dalğasını yaşayan iranlı qonşularımız COVİD-19 əleyhinə peyvənd olunmaq üçün Ermənistana üz tuturlar. Ölkədə vaksinasiya ilə bağlı siyasi problemlərin mövcudluğu, vaksinlərin keyfiyyətinə inamsızlıq, eləcə də peyvəndləmə prosesinin ləng getməsi onları bu addıma vadar edir.
İran Mülki Aviasiya Təşkilatının (CAO) adı açıqlanmayan nümayəndəsi bildirib ki, İran və Ermənistan arasında uçuşlar gələn həftədən artacaq. O deyib ki, Ermənistan Hava Yolları uçuşların sayını beşdən yeddiyə qaldırıb. İrandan Ermənistana təyyarə biletinin qiyməti 200 dollardır . Bundan başqa, iranlılar ölkəyə ilk giriş-çıxış üçün əlavə olaraq 40 dollara yaxın pul ödəməlidirlər.

Bundan başqa, hökumət ancaq yerli vaksinlərindən istifadəni təkid edir. Bu ilin yanvar ayında Xamneyi ABŞ və Britaniya istehsalı olan vaksinlərə qadağa qoyub və deyib ki, “düşmən” ölkələrin göndərdiyi riskli vaksinlərdənsə, İran öz vaksinlərini istehsal etməyə üstünlük verir. Onun bu qərarı, ölkə daxilində birmənalı qarşılanmır - bəzi siyasətçilər düşünürlər ki, səlahiyyətlilər öz ideologiyalarını xalqın sağlamlığından üstün tuturlar. Məsələn, İranda tanınmış islahatçı siyasətçi Sadiq Ziba-Kalam, "Arman-e Milli" qəzetinə açıqlamasında iddia edib ki, ölkəsi Covid-19 pandemiyasına ideoloji yanaşma göstərən yeganə ölkədir.

Bundan başqa, İranda heç bir yerli vaksin müstəqil orqanlar tərəfindən qəbul edilməyib. Ali dini lider Əli Xamneyi də daxil olmaqla, iranlılara təkcə bir vaksin - "COV-İran Bərəkət" vurulub. Hazırda İranda "Pfizer" vaksini qara bazarda əl altından bizim pulla təxminən 32 min manat, "Sputnik-V" isə 16200 manata təklif olunur. İraqdan qaçaqmalçılıq yolu ilə gətirilən "Pfizer"in bir dozası isə 2600 dollara satılır.

Qarabağ müharibəsindən sonra iqtisadi cəhətdən daha da zəifləyən Ermənistan isə qonşu ölkədə yaranmış bu çətinlikdən sui-istifadə etməklə, iranlılara "pulsuz" vaksin təklif edir, bununla turizm bazarını bərpa etmək, gəlir əldə etmək niyyəti güdür. Necə deyərlər, keçi can hayında, qəssab piy axtarır.

İranın "Tecarat" qəzetinin məlumatına görə, taksilər İrandan Ermənistana bir nəfəri 30 milyon riala (1200 azn) aparır. Bir erməni taksi sürücüsü qəzetin müxbirinə bildirib ki, vaksin vurdurmaq üçün gələn iranlılardan bir gündə 120 milyon iran realı (təxminən 4800 AZN) qazana bilir. O deyib ki, çoxları iki dozanı birdən vurdurlar ki, bu da vaksinlənmə ilə bağlı beynəlxalq qaydalara ziddir.

Ermənistanın kələyi bununla bitmir. İranlılar arasında belə söz-söhbətlər gəzir ki, ermənilər onlara istifadə müddəti bitmiş AstraZeneca vaksini vururlar. Məlumata görə, ermənilər özləri ümumiyyətlə bu vaksinin keyfiyyətinə güvənmirlər, ona görə də iranlılara təklif edirlər. "Ermənilər peyvənd vurdurmağa həvəsli deyillər, çünki mətbuat və siyasətçilər vaksinlərə qarşı qara piarla məşğuldurlar" ,- deyə 32 yaşlı erməni Armos Martirosyan “Euroasianet”ə bildirib. Göründüyü kimi, vaksinasiya sahəsində də Ermənistanda xalqla hökumət arasında inamsızlıq yaşanır.

Qeyd edək ki, Ermənistan mayın 1-də Çindən 100.000 doza vaksin yardımı alıb. Həmçinin, Dünya Səhiyyə Təşkilatının COVAX proqramı çərçivəsində 24.000 AstraZeneca vaksin, əlavə olaraq da Rusiyadan 30.000-dən çox "Sputnik V" vaksini alıb. Ancaq ölkədə təklif olunan istənilən vaksinə inamsızlıq var, əhali vaksinlənmədən imtina edir. Həm bu, həm də iranlılar arasında virusun təhlükəli "Delta" variantının yayılması nəinki Ermənistanı, həm də bütövlükdə Cənubi Qafqaz regionunu təklükə altında qoyur. Hər yerdə ölkəyə giriş üçün karonavirus testinin mənfi nəticəsini göstərən sənəd tələb olunduğu bir vaxtda, Ermənistan delta virusu daşıyıcılarının sərbəst hərəkətinə şərait yaradır.

Səbinə Həsənova
Azvision.az


Teqlər: İran   Ermənistan  





Xəbər lenti