İqtisadi rayonların yeni bölgüsü mükəmməl sistemin yaradılması deməkdir: ŞƏRH

   İqtisadi rayonların yeni bölgüsü mükəmməl sistemin yaradılması deməkdir:    ŞƏRH
  09 İyul 2021    Oxunub:2645
“Əvvəlki dövrdə Cəbrayıl və bütövlükdə Şərqi Zəngəzur bölgəsi işğal altında olduğu üçün bu ərazilər ümumiləşdirilərək Qarabağ kimi təqdim edilirdi. Əslində isə bu ərazilərlə bağlı daha dəqiq və əvvəlki dövrlərdə də istifadə olunan ifadə Şərqi Zəngəzurdur”.
Bunu Azvision.az –a açıqlamasında Milli Məclisin Cəbrayıldan olan deputatı Ceyhun Məmmədov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı həm siyasi, həm də iqtisadi baxımdan vacib addım idi:

“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ilə bağlı ideya və qərarın verilməsi həqiqətən də xüsusi önəm daşıyır. Bildiyiniz kimi, Şərqi Zəngəzur anlayışı var idi. Amma sanki son illər keçmiş Qarabağ münaqişəsi ilə bağlı olaraq o qədər də bu termindən geniş istifadə olunmurdu. Cənab Prezidentin məlum fərmanı ilə bu bölgü artıq konkretləşdirildi, dəqiqləşdirildi. Yəni Qarabağla bağlı mükəmməl bir sistem yaradıldı və bir də Şərqi Zəngəzurla əlaqədar mühüm addım atıldı. Məlumdur ki, Qərbi Zəngəzur da mövcuddur. Bütün bu dəyişikliklər, yeniliklər ümumilikdə bölgələrin gələcəkdə surətli inkişafı, iqtisadiyyatın daha da güclənməsi üçün xüsusi önəm daşıyır. Yeni bölgüyə əsasən iqtisadiyyatın şaxələndirilməsi, planlaşdırılması istiqamətində çox ciddi işlər gedəcək.

Əvvəlki dövrdə Cəbrayıl və ümumilikdə Şərqi Zəngəzur bölgəsi işğal altında olduğu üçün bu ərazilər də ümumiləşdirilərək Qarabağ kimi təqdim edilirdi. Amma əslində isə bu ərazilərlə bağlı daha dəqiq və əvvəllər də istifadə olunan ifadə Şərqi Zəngəzurdur. Burada əsas hədəf və məqsəd iqtisadi inkişafın təmin olunması, iqtisadi bölgülər aparılaraq regionların surətlə dirçəldilməsinin nəzərdə tutulmasıdır. Hesab edirəm ki, gələcəkdə həqiqətən də bu yeni amillər, iqtisadi rayonların yaradılması bölgədə iqtisadi artıma, ümumiyyətlə işğaldan azad olunan ərazilərimizin inkişafına çox ciddi töhfə verəcək”.



Artıq Zəngilanda “Ağıllı kəndlərlə” bağlı layihələrin uğurla icra olunduğunu xatırladan deputat azad olunan ərazilərin baş planlarında yeni iqtisadi rayonlarla bağlı amillərin də nəzərə alınacağını düşünür:

“Ağıllı kənd”lərin qurulması ilə bağlı işlər öz axarı ilə gedir. Əhalinin öz dədə-baba yurdlarına, həmin kəndlərə tez bir zamanda köçürülməsi nəzərdə tutulur. Artıq Cəbrayılın, Qubadlının və digər işğaldan azad olunan bölgələrimizin baş planları hazırlanır. Bu planlar hazırlanarkən də yeni bölgü amili nəzərə alınacaq. Burada müəssisələrin yaradılması, turizmin, kənd təsərrüfatının, iqtisadiyyatın inkişafı surətli şəkildə təmin ediləcək. Bir sözlə, yeni bölgü bütövlükdə bölgənin daha da güclənməsinə, ölkə iqtisadiyyatının yüksək templə irəliləməsinə öz ciddi töhfəsini verəcək”.

Tural Tağıyev
Azvision.az



Teqlər: Qarabağ   Bölgü   Rayon   Deputat  





Xəbər lenti