Oxçuçayı zəhərləyən kombinatda axtarışlar davam edir: Həbs olunanlar var

  Oxçuçayı zəhərləyən kombinatda axtarışlar davam edir:    Həbs olunanlar var
  09 İyul 2021    Oxunub:1381
Bir neçə gün öncə Zəngəzurun Qacaran şəhəri yaxınlığında yerləşən mis-molibden kombinatında axtarışlar başlayıb. Axtarışlardan sonra müəssisənin adı çəkilməyən əməkdaşı həbs olunub. Ermənistanın hakimiyyət orqanları kombinatda aparılan axtarışın və yoxlamaların səbəbi haqqında dəqiq məlumat verməyib.
Azvision.az xəbər verir ki, müxalifət nümayəndələrinin bildirdiklərinə görə kombinatdakı axtarışlar siyasi sifarişdir və ölkədəki biznes mühitinə zərbə vurur. Bildirilir ki, kombinatdakı axarışı Ermənistan təhlükəsizlik orqanları aparır.
Oxçuçayda çirklənmə normadan 5-7 dəfə çoxdur

Müxalif “Çiçəklənən Ermənistan” blokunun lideri Vaqe Akopyan jurnalistlərə bildirib ki, seçkiqabağı kampaniya vaxtı bölgəyə gələn Nikol Paşinyanla kombinat rəhbərliyi arasında mübahisə olub. Həmin vaxt Paşinyan kombinatın direktorunu işçilərin siyasi görüşlərini dəyişməyə cəhd göstərməkdə ittiham edib.

Xatırladırıq ki, adı çəkilən mis-molibden kombinatının zəhərli tullantıları Zəngəzurdan keçən bütün çayları çirkləndirir. Torpaqların azad olunmasından sonra isə Azərbaycanın nəzarətinə qayıtmış Zəngilan və Qubadlıda çaylardan götürülən nümunələrin analizinin nəticəsində məlum olub ki, Arazı qidalandıran əsas çayların suyu həm içmək, həm də suvarma üçün tam yararsızdır.

Hadisə ilə bağlı Azərbaycanın əlaqədar hakimiyyət və qeyri-hökumət orqanları hərəkətə keçərək, beynəlxalq aləmi ermənilərin ekoloji terroru barəsində məlumatlandırırlar.

AMEA və Səhiyyə Nazirliyinin apardıqları monitorinq nəticəsində məlum olub ki, ermənilərin Zəngəzur mis-molibden kombinatından bölgədəki çaylara axıtdığı zəhərli kimyəvi birləşmələr həm regionun florası, həm faunası, həm də burada yaşayan insanların həyatı üçün təhlükəlidir. Əgər bu ekoloji terrorun qarşısı vaxtında alınmasa, regionumuzu sözün əsl mənasında fəlakət gözləyir.

Şahin Ömər
Azvision.az


Teqlər: Oxçuçay   Ermənistan  





Xəbər lenti