“İqtisadi xəritə canlı orqanizmdir” – Ekspert

   “İqtisadi xəritə canlı orqanizmdir” –    Ekspert
  10 İyul 2021    Oxunub:3043
Bu həftənin əsas hadisələrindən biri Azərbaycan prezidenti cənab İlham Əliyevin Fərmanı ilə iqtisadi rayonların yeni bölgüsünün tətbiqi idi. Hadisəni AzVision.az-a şərh edən iqtisad elmləri doktoru, professor Əlibala Məhərrəmzadə bildirib ki, bu addımın həm siyasi, həm də iqtisadi tərəfləri var
- Siyasi tərəflərini politoloq dostlarımızın öhdəsinə buraxaraq, sadəcə, onu qeyd edim ki, “Şərqi Zəngəzur” adlı iqtisadi rayonun yaradılması ilə dövlət başçımız əslində Ermənistanın da daxilindəki bölgüyə müdaxilə etdi. Çünki “Şərqi Zəngəzur” o deməkdir ki, tarixi Zənəgəzur mahalının bir də qərb hissəsi var və bu adı seçməklə cənab Prezident parallel olaraq, ermənilərin “Sünik” dedikləri bölgəyə ikinci ad qoymuş oldu: “Qərbi Zəngəzur”. İndi ermənilər istəsələr də-istəməsələr də, bu adla yaşamağa məcburdurlar. Böyük siyasət bax, bu deməkdir. Uzaqgörənlik isə o deməkdir ki, Zəngəzur dəhlizi işə düşəndən sonra bölgənin şərqi və qərbi bir-birinə bağlanaraq, vahid Zəngəzur məkanı yaranacaq,- prefossor bildirib.

Bölgünün iqtisadi əhəmiyyətinə gəlincə, Əlibala Məhərrəmzadə deyib ki, Azərbaycanda indiyə qədər 10 iqtisadi rayon vardı, Fərmandan sonra onların sayı 14-ə çatdırılıb: “Qarabağın azad edilməsinin yaratdığı reallıq ölkənin iqtisadi xəritəsində əks olundu. Həmin bölgüdən keçən müddətdə Azərbaycan iqtisadiyyatının üç dəfədən çox böyüməsi, regional və sektoral strukturun dəyişməsi yeni iqtisadi bölgünü labüdləşdirirdi”.

Ekspertin sözlərinə görə, iqtisadi rayonlara bölünmə klaster prinsipi gözlənilməklə aparılmalıdır ki, regional iqtisadiyyatı daha effektiv idarə etmək mümkün olsun:
- Buna görə, Gəncə-Qazax iqtisadi rayonu əvəzinə Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonları yaradılıb. Çünki son illərdə gedən iqtisadi inkiaf nəticəsində həmin bölgə elə dəyişmişdi ki, bir iqtisadi klasterə daxil edilməsi idarəçiliyin səmərəsini aşağı salacaqdı. Buradan məlum olur ki, hökumət Azərbaycanın regional iqtisadi inkişafını doğrudan da, ciddi şəkildə izləyir və idarəetməni davamlı təkmilləşdirmək üçün çalışır. Ölkənin ən böyük iqtisadi rayonu olan Aran iqtisadi rayonunun 3 yerə (Mərkəzi Aran, Mil–Muğan, Şirvan–Salyan) bölünməsi də bunu təsdiqləyir. Hökumətə iqtisadi xəritədə eynicinsli iqtisadi təbiətə malik klasterlər lazımdır ki, onları daha effektiv və çevik idarə edə bilsin. Məsələn, Bakı doğrudan da, ölkənin bütün iqtisadi məkanından fərqlənən, ayrı bir klasterdir. Biz bunu paytaxtı əhatə edən Bakı iqtisadi rayonunun yaradılması şəklində görürük. Ona görə də, mən yeni bölgünü ümumilikdə iqtisadi idarəçilikdə aparılan islahatların tərkib hissəsi kimi şərh etməyin tərəfdarıyam. Bundan sonra ölkənin iqtisadi rayonları üzrə planlaşdırma da asanlaşacaq.

Ə.Məhərrəmzadə bildirib ki, biz qeyri-neft sektorunu inkişaf etdiririksə, bunun üçün təkcə həmin istiqamətə investisiyanın yönəldilməsi kifayət deyil. Regional iqtisadiyyatın inzibatı bölgüsünün düzgün olması da çox vacib amildir: “ Əgər eyni iqtisadi rayonda iqtisadiyyatın bir-birindən uzaq, əlaqəsiz seqmentləri, klasterləri cəmləşirsə, onu səmərəli idarə etmək mümkün deyil. Buna canlı proses kimi yanaşmaq lazımdır. Tamamilə mümkündür ki, iqtisadiyyatımızın azad inkişafı nəticəsində bir müddət sonra bölgüyə hətta yenidən baxmaq da lazım gələ bilər”.


Teqlər: İqtisadi-bölgü  





Xəbər lenti