"Vətəndaşlar çox yorulublar" - Yaqut Qarayeva
O bildirib ki, vətəndaşlar, xüsusən körpəsi olan valideynlər səyahət zamanı xüsusi məlhəmləri özləri ilə götürməlidirlər: “Bədənə çəkildiyi zaman həmin məlhəmlərin qoxusu bəzi həşəratların yaxınlaşmasının qarşısını alır. Həşəratlardan qorunmaq üçün geyim seçiminə diqqət edilsə də, bu, xüsusən isti havalarda mümkün olmur. Odur ki, bədənin açıq qalan hissələrinə qoruyucu gel və mazlar çəkilməlidir. Nəzərə almaq lazımdır ki, bədəndə qalmasını təmin etmək üçün məlhəmi gün ərzində bir neçə dəfə yeniləmək lazımdır. Turistlərin, həmçinin günəş kremlərindən istifadəsi də vacibdir.
Səyahət zamanı səhhətində problem yarananlar yerli tibb işçisinə müraciət etməlidirlər. Bütün hallarda, hər kəs ehtimalları nəzərə alaraq, ilkin tibbi yardım metodlarını bilməlidir. Bəzi ilkin tibbi yardım üsulları tibb işçisinin müdaxiləsindən qabaq tətbiq edilərsə, məhz onun hesabına xəstənin həyatını xilas etmək mümkün olar”.
Yaqut Qarayeva, həmçinin səyahətin sağlamlıq üçün faydalarından da bəhs edib:
“Yeni növ koronavirus (COVID-19) pandemiyası dönəmində, hesab edirəm ki, hər kəsin səyahət etməyə ehtiyacı var. Çünki vətəndaşlar çox yorulublar. Rutin həyatdan uzaqlaşaraq səyahət etmək insan psixologiyasına müsbət təsir göstərir. Beləliklə, 1-2 il ərzində oturaq həyat tərzi keçirənlər səyahət müddətində fiziki aktivliklə məşğul olurlar. Səyahət pozitiv emosiyalar bəxş etdiyi üçün olduqca faydalıdır. Həmçinin səyahət zamanı dəniz sahilində günəşlənmək, müxtəlif idman növləri ilə məşğul olmaq xeyirlidir. Bəzi turistlər isə xüsusən tarixi yerləri, muzeyləri ziyarət etməyi xoşlayırlar. Bu da turistin emosional vəziyyətinə təsirsiz ötüşmür. Bəzən bir həftəlik istirahət bir illik emosional yorğunluğun aradan qalxmasına səbəb ola bilər”.
Azvision.az
Teqlər: TƏBİB