"Daily Express": 3-cü dünya müharibəsi altı məkanda başlaya bilər

      "Daily Express":   3-cü dünya müharibəsi altı məkanda başlaya bilər
  12 İyul 2021    Oxunub:2173
İngiltərəli ekspertlər dünyada yaranmış hərbi gərginliklə bağlı maraqlı araşdırma aparıblar.
Azvision.az xəbər verir ki, bu barədə "Daily Express" nəşri yazıb. Mütəxəssislər İsrail ilə Fələstin Muxtariyyəti arasındakı silahlı toqquşma və dünyada son zamanlar yaranmış gərgin vəziyyət ilə bağlı hadisələrin təhlilinə əsaslanaraq qlobal bir qarşıdurma ehtimalının əhəmiyyətli dərəcədə artdığını söyləyiblər. Nəşr mütəxəssislərin fikirlərinə əsasən bu il üçüncü dünya müharibəsinin başlaya biləcəyi altı ərazinin adını hallandırıb.



Qeyd olunur ki, Böyük Britaniyanın Rusiyaya qarşı aqressiv ritorikasına baxmayaraq, Moskva göstərilən altı variantdan heç birində yer almayıb. Britaniyalı mütəxəssislərin fikrincə, təhlükəli variantlardan biri ABŞ və İran arasında geniş miqyaslı hərbi qarşıdurmanın olması ehtimalıdır. Bu baş verərsə, bütün Yaxın Şərqdə böyük bir gərginlik yaranacaq. Üstəlik, dünyanın əksər ölkələri münaqişəyə görə İranın Hörmüz boğazını bloklaması səbəbindən ciddi əziyyət çəkəcək. İranın adı başqa bir proqnozda da hallanır. Əgər rəsmi Tehran nüvə proqramını bərpa edərsə, İsrailin bu ölkənin ərazilərinə zərbələr endirməsi ehtimalı xeyli artacaq.



Digər arzuolunmaz ssenaridə isə ABŞ ilə Türkiyə arasında tamamilə qeyri-mümkün görünən bir münaqişənin baş verməsi ehtimal edilir. Bu münaqişə əslində xeyli az ehtimal doğurur. Ancaq ingilis analitiklərin fikrincə, Ərdoğanın Türkiyəni dünya səviyyəsində liderliyə daşımağa çalışan ambisiyaları, Vaşinqton ilə Ankara arasında silahlı qarşıdurmaya səbəb ola bilər.



"Daily Express" jurnalistlərinin yazdığına görə, Hindistan və Pakistan arasında uzun müddətdir davam edən qarşıdurma da qlobal bir müharibəyə çevrilə bilər. Çinin Pakistan tərəfini dəstəkləyəcəyi təqdirdə, bunun ABŞ-ın konfliktdə Hindistana dəstək verməsinə səbəb olacağı deyilir.



Ekspertlər Şimali Koreya amilini də unutmayıblar. Dünyadan təcrid görünən bu ölkənin nüvə arsenalını gücləndirməsi Pxenyan ilə Vaşinqton arasında nüvə müharibəsinin başlanmasına səbəb ola bilər.



Ən təhlükəli versiya kimi görünən və birinci pillədə göstərilən böyük münaqişə ehtimalı isə ABŞ-Çin müharibəsi göstərilib. Analitiklər gələcək iqtisadi liderlər olaraq göstərdikləri bu ölkələrin başladacağı müharibənin əksər dünya güclərini bütün qlobal proseslərə təsir edəcək bir qarşıdurmaya sürükləyəcəyini proqnozlaşdırıblar.

Tural Tağıyev
Azvision.az




Teqlər: Münaqişə   ABŞ   İran  





Xəbər lenti