İlqar Mirzəyevin ailəsinə son sözü - Milli Qəhrəmanın oğlu xatırlayır (Müsahibə)

  12 İyul 2021    Oxunub :2085
  İlqar Mirzəyevin ailəsinə son sözü  - Milli Qəhrəmanın oğlu xatırlayır  (Müsahibə)
“Atamın ən böyük arzusu Şuşaya getmək idi. Onun bu həyatda amalı, məqsədi Qarabağın azadlığını görmək olub”. Bunu 2020-ci ilin iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev deyib.
Azvision.az Tovuz döyüşlərinin ildönümü günündə şəhid polkovnikin xatirəsini övladı ilə birgə anıb.

- Atamla sonuncu dəfə ötən il iyunun 3-də görüşdük. Şəmkirdən birgə qayıtdıq, bir neçə günlük gəlmişdi. Daha sonra işlərilə əlaqədar geri qayıtdı. Ancaq telefonla danışıqlarımız davam edirdi. Axırıncı dəfə iyulun 13-də bir dəqiqəlik danışığımız oldu. Dərslərimizlə maraqlandı, hal-əhval tutdu. Sonra dedi, “Möhkəm olun, üstünlük bizdədir”. Son sözləri bu oldu. Onunla da atamdan gələn zənglər kəsildi.



- İlqar Mirzəyev necə insan, necə ata idi?
- Gözəl insan, şəxsiyyət və ailəsinə qayğıkeş ata idi. Övladlarına, ailəsinə qarşı necə qayğıkeş idisə, əsgərlərinə də elə münasibət göstərirdi. Atam çox alicəban idi.

- Hərbçilərin işi çox olur. Çox vaxt ailələrinin yanlarında ola bilmirlər. Atanız sizə vaxt ayıra bilirdimi?
- Onlar adətən səngərlərdə, təlimlərdə olurlar. Xüsusi günlərdə, tətillərdə, fürsət tapdıqca biz onun yanına gedirdik. O isə işlərinin çoxluğundan yanımıza gələ bilmirdi.



- Nəzərə alsaq ki, o zaman torpaqlarımız hələ işğal altında idi, atan hansı arzu ilə yaşayırdı?
- Onun arzusu döyüşmək idi. Deyirdi, “Aprel döyüşlərindəki kimi, yenə də düşmənin başına od ələmək istəyirəm”. Şuşaya getmək atamın ən böyük arzusu idi. Deyirdi ki, Qarabağı azad görmədən ölmək istəmir. Qaçqınların, köçkünlərin evlərinə qayıtmalarını sidq-ürəkdən arzulayırdı.

- İlqar Mirzəyevin övladları ilə bağlı arzusu nə idi?
- Gözəl peşəyə sahib olmağımızı, hər zaman parlaq yaşamağımızı istəyirdi. Təhsilimizə önəm verirdi.



- Sizi hansı peşənin sahibi kimi görmək istəyirdi?
- Deyirdi, “hansı peşəni seçməyindən asılı olmayaraq, mən səni hər zaman dəstəkləyəcəyəm”.

- Şuşa azad olunanda atanın məzarını ziyarət etdinmi?
- Əlbəttə. Dedim, ata, sənin ruhun şad olsun, Şuşa azaddır. Uğrunda vuruşduğun, canını fəda etdiyin torpaqlar geri alındı.

- Bu gün atan səni eşidə bilsəydi, ürəyinizdəki hansı sözləri ona deyərdin?
- Çox şey deyərdim. İmkanım olsaydı, bir günlük də olsa, onu görmək istəyərdim.

- Əsgərləri atanız haqqında nə deyir?
- Onlarla mütəmadı əlaqə saxlayırıq. Deyirlər, gözəl hərbçi, əsgərə qarşı qayğıkeş və alicənab idi. İxstisasını mükəmməl bilirdi.

- Polad Həşimovla dostluğu haqqında nələri danışmaq istərdin?
- Onlar birgə xidmət edirdilər. Atam həmişə Polad Həşimovun necə gözəl insan olmasından danışırdı. Biz ona deyirdik ki, sizin xarakterləriniz bənzəyir, ikiniz də savadlısınız. Onlar əsl hərbçi idilər...



Qeyd edək ki, Tovuz döyüşləri zamanı Azərbaycanın 12 hərbçisi - general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları - əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olublar.
Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və Polkovnik Mirzəyev İlqar Anzor oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.


Şahanə Rəhimli
Azvision.az

Teqlər: İlqarMirzəyev   Polkovnik   şəhid   MilliQəhrəman  






Xəbər lenti