Dəhşətli statistika: Rusiya əhalisi kəskin azalır

      Dəhşətli statistika:    Rusiya əhalisi kəskin azalır
  12 İyul 2021    Oxunub:2263
Rusiya əhalisinin azalması prosesi iki dəfə sürətlənib.

Azvision.az xəbər verir ki, Rusiya iqtisadi böhranın fonunda ölkə üçün ən böyük bəla sayılan əhalinin sayının kəskin azalması problemi ilə üz-üzədir.
Rusiya statistika idarəsinin verdiyi son məlumatlara görə, cari ilin ilk yarısında ölkə əhalisi 360 min nəfər azalıb. Belə ki, 2021-ci ilin ilk 5 ayı ərzində Rusiyada 554,3 min uşaq doğulub. Bu dövr ərzində ölkədə ölənlərin sayı 914,4 min nəfər təşkil edib. Doğulanlarla ölənlər arasındakı fərq isə 360 min nəfər təşkil edir.

Bu rəqəm 2020-ci ilin anoloji dövrü ilə müqayisədə 2 dəfə çoxdur. Belə ki, 2020-ci ilin ilk 5 ayında Rusiya əhalisi 158,3 min nəfər azalmışdısa, hazırda bu rəqəm 360 min nəfərə çatıb. Statistika hər il əhalinin azalması prosesinin sürətləndiyini göstərir.

Xatırladaq ki, 2020-ci il ərzində Rusiyanın əhalisi 520 min nəfər azalmışdı. Mütəxəssislərin fikrincə 2021-ci ildə bu rəqəm nə az, nə çox, düz iki dəfə arta bilər. Ən bədbin sosioloqların proqnozlarına görə, bu ilin sonuna qədər Rusiya əhalisi 1 milyon nəfərə qədər azalacaq.
Bununla yanaşı ölkənin ucqar vilayətlərində onlarla yaşayış məntəqəsinin tam olaraq boşalacağı və Rusiya xəritəsindən silinəcəyi bildirilir.

Qeyd edək ki, Rusiyada əhalinin sayının kəskin azalması prosesi 2008-ci ildən başlayıb. Rusiya prezidenti Vladimir Putinin "Ana kapitalı" yardım paketi bu prosesin dayanmasına ciddi təsir edə bilmədi və uşaqları olan ailələrə maliyyə yadımının məbləğinin iki dəfəyə yaxın artırılması, başqa üstünlüklər də rus ailələrini uşaq dünyaya gətirməyə sövq edə bilmədi.

Şahin Ömər
Azvision.az


Teqlər: Rusiya   Statistika  





Xəbər lenti