Qarabağı Azərbaycanın "Silisium vadisi"nə çevirmək olar

  Qarabağı Azərbaycanın    "Silisium vadisi"nə    çevirmək olar
  13 İyul 2021    Oxunub:5262
Nicat Muradzadə
Qlazqo Universitetinin “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə magistrantı

Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi şanlı qələbə nəticəsində ərazi bütövlüyünü bərpa etməsi bir sıra mikro və makro miqyaslı iqtisadi, siyasi, o cümlədən, sosial çağırışların meydana çıxmasına rəvac verir.
İlk növbədə, işğaldan azad olunan regionların qısa zaman kəsiyində canlandırılması üçün müvafiq infrastrukturun formalaşdırılması, habelə, sözügedən bölgələrin respublikanın iqtisadi sisteminə inteqrasiyası metodoloji cəhətdən mikrohədəflər kimi qarşıda durmaqdadır. Ardınca isə sülhün qorunması, dayanıqlı inkişaf, demoqrafik vəziyyətin tənzimlənməsi və meydana çıxmış yeni iqtisadi perspektivlərin qiymətləndirilməsi kimi makroməsələlər prioritet təşkil edir.

Mikromiqyaslı hədəflər daha çox texniki mahiyyət daşıdığından, Azərbaycan son illərdə qazandığı geniş quruculuq təcrübəsinə söykənərək, bu səpkidəki məsələləri qısa zaman kəsiyində həll etmək iqtidarındadır. Lakin məhdud müddət ərzində daha çox “nou-hau”, o cümlədən, maddi və intellektual kapital transferi zərurəti burada sürətli səmərə verə biləcək rezilyent metodologiyanın tətbiqini də labüdləşdirir. Bu baxımdan, rəqəmsal sferaya aid fəaliyyət sahələrinin formalaşdırılması proseslərin müsbət istiqamətdə inkişafı üçün iqtisadi bir katalizator rolunu oynaya bilər.

Məhz bu faktora görə, makro ölçüdəki hədəflərə nail olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən yeni fəaliyyət çərçivəsi - “Smart” konsepsiyası irəli sürülüb və sözügedən konsepsiyanın “Ağıllı kənd”, “Ağıllı şəhər” kimi komponentləri üzrə konkret fəaliyyət planı icra olunmaqdadır. Mahiyyət etibarilə, bu qəbildən olan mütərəqqi addımlar işğaldan azad olunmuş regionlarda total rəqəmsallaşma anlayışının bərqərar olması üçün sağlam bazis formalaşdırma kimi tövsif edilə bilər.

Dünya təcrübəsində də dayanıqlı iqtisadi tərəqqi mühitinin yaranmasında əsas amillərdən biri kimi rəqəmsallaşma anlayışı artıq müstəqil faktor olaraq təsnif olunur. Təsadüfi deyil ki, hətta pandemiyanın bərqərar etdiyi məhdudlaşdırıcı mühitin fonunda əksər iqtisadi sferalar üzrə kiçilmə qeydə alınsa da, rəqəmsal fəaliyyət sahələri öz biznes əməliyyatlarını genişləndirməyə davam etdirdilər. Bu hal, postpandemiya dövrünün yeni iqtisadi çağırışlarının ilkin konturları kimi qiymətləndirilə bilər.

İşğaldan azad olunmuş ərazilərin bərpası kontekstində isə rəqəmsal sektora istənilən investisiyanın Qarabağın bərpası yönündə çoxsaylı dividendlər gətirəcəyini söyləmək mümkündür. Lakin bunun üçün respublikadakı mövcud mühitə uyğun metodologiyanın seçilməsi mühüm əhəmiyyət kəsb edir. Nəzəri yanaşmaları və praktiki nümunələri müşahidə etdikdə, elmi çevrələrdə rəqəmsal biznes subyektlərinin xüsusi status ilə aqlomerasiyalarda, başqa sözlə klasterlərdə konsentrasiyanın səmərəlilik və gəlirlilik nöqteyi-nəzərindən müsbət nəticə verdiyinə dair yekdil fikir mövcuddur. Qısa zamanda effektiv fəaliyyət göstərən klasterlər isə məhz real bazar-akademiya münasibətlərinin sənayeyə yönləndirdiyi “nou-hau” və biznes həlləri axınındakı nəzərəçarpacaq dərəcədə artımın məntiqi nəticəsi kimi dəyərləndirilir.

Sadalanan amillər nəzərə alındıqda , Qarabağda universitet kimi texnoloji bir elmi-tədqiqat institutunun yaradılması, onun ətrafında dövlətlə sıx əlaqəli fəaliyyət göstərən bir rəqəmsal biznes klasterinin formalaşdırılması regionun bərpasında, habelə, respublikanın iqtisadi potensialının artırılmasında təkanverici ünsürlərdən biri ola bilər. Hazırda, ABŞ-da fəaliyyət göstərən, 11.2 milyard dollar nizamnamə kapitalına malik, o cümlədən, 225.000 nəfərlik məşğulluq yeri yaradan Silisium Vadisi məhz bu nümunələrdəndir. 2019-cu ilin statistikasına görə yaratdığı iqtisadi həcm etibarilə 275 milyard dolları ötən Silisium Vadisi ötən əsrin 70-ci illərində ABŞ-ın aparıcı Stanford Universitetinin elmi potensialı ətrafında cəmləşmiş şirkətlər əsasında qurulmuşdu.

Daha yaxın tarixdə şimal qonşumuz Rusiyada qeyd olunan klasterin bənzər versiyası fəaliyyətə başlayıb. Belə ki, Moskvaətrafı bölgədə qurulmuş Skolkovo Elm və Texnologiya İnstitutu ətrafında təşəkkül tapan Skolkovo İnnovasiya Mərkəzi 2.5 milyard nizamnamə kapitalına malik olmaqla yanaşı, 1809 mütərəqqi əsaslarla çalışan texnoloji müəssisəyə də ev sahibliyi edir. Burada maraqlı məqam ondan ibarətdir ki, Skolkovo İnnovasiya Mərkəzinin aparıcı tədqiqat ocağı olan Skolkovo Elm və Texnologiya İnstitutunun inzibati və elmi strukturu məhz ABŞ-ın nüfuzlu Massaçusets Texnologiya İnstitutu tərəfindən formalaşdırılıb.

Məqalədə təklif edilmiş tədqiqat universiteti ətrafında formalaşacaq rəqəmsal biznes klasterinin Azərbaycan üçün çoxsaylı müsbət nəticələrinin olacağı aşkardır. Bu nəticələrin dəyərləndirilməsini siyasi, iqtisadi, sosial və texnoloji aspektlərdən aparmaq mümkündür.

Siyasi cəhətdən, Azərbaycanın beynəlxalq əhəmiyyətliliyi daha da artacaq, bölgədə dayanıqlı sülh bərqərar olacaq, regional siyasi stabillik uzunmüddətli xarakter alacaq.

İqtisadi nöqteyi-nəzərdən, rəqəmsal məhsul və xidmətlərin ixracatına imkanlar yaranacaq, transmilli korporasiyalar birbaşa xarici investisiyalar vasitəsi ilə konkret klasterlərə yönələcək, regionun ümumi rəqəmsal sənaye mənzərəsinə Azərbaycanın müstəsna elmi-texniki təsiri olacaq, Qarabağda qayanıqlı inkişaf hədəflərinə nail olunacaq, Qarabağ rəqəmsal haba çevriləcək, bütövlükdə iqtisadi diversifikasiya üçün zəmin hazırlanacaq.

Sosial sferada Qarabağda məşğulluq məsələlərinin həllinə töhfə veriləcək, məcburi köçkünlərin qayıdışı stimullaşacaq, regionda demoqrafik vəziyyət Azərbaycan lehinə tənzimlənəcək.

Texnoloji aspektdən isə, “Smart” konsepsiyası bütün sahələrə sirayət edəcək, yüksək texnoloji infrastrukturun qurulması prosesi sürətlənəcək, milli müdafiə sənayesinə “nou-hau” axını geniş vüsət alacaq, innovativ həllər kütləviləşəcək, akademiya-sənaye əməkdaşlığı maksimallaşacaq.

Dünya təcrübəsində yuxarıda qeyd olunmuş metodologiyadan fərqli klasterlər də fəaliyyət göstərir. Buna misal olaraq , İsraildəki “Silicon Wadi” və Türkiyədəki “Bilişim Vadisi” göstərilə bilər. Sözügedən aqlomerasiyaların rezidentləri spesifik tədqiqat institutu ətrafında təmərküzləşmədən fərqli statuslar altında fəaliyyətlərini davam etdirirlər.

Qarabağda isə rəqəmsal sferaya dair ilk addım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Smart” konsepsiyasının irəli sürülməsi ilə atılıb. Belə olan halda, məqalədə təklif olunan modelin işğaldan azad olunmuş ərazilərdə, hava limanı infrasturkturu olan bir məntəqədə qurulması üçün rasional fundament mövcuddur. Çünki hava limanı sayəsində yaranacaq nəqliyyat və logistik habı ilə vəhdət təşkil edəcək rəqəmsal hab, həm də beynəlxalq miqyasda fəaliyyət imkanları əldə etməyə müyəssər olacaq.

Qeyd olunan məqamların fonunda, tətbiq olunacaq çoxşaxəli prosesin məntiqi nəticəsi kimi respublikanın biznes ekosistemində yaranacaq sinergetik effekt sayəsində Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun rəqəmsal mənzərəsində Azərbaycan dominant olacaq.


Teqlər: Qarabağ  





Xəbər lenti