Qafqazsayağı homofobiya və Avropanın ikili standartları

  13 İyul 2021    Oxunub :1304
   Qafqazsayağı homofobiya və Avropanın ikili standartları
Ötən həftə Avropa İttifaqına və NATO-ya ən sürətlə inteqrasiya edən qonşu Gürcüstanda baş verənlər bütün dünya mediasının diqqət mərkəzindədir. Hadisələrin gedişatını hər birimiz izlədik. Gürcüstanda cinsi azlıqların aksiyası zamanı baş verən olayların kadrlarına baxanda, küçədə gürcü dilində yazılan yazılar olmasa, hadisələrin intizamsız Afrika dövlətlərindən birində baş verdiyini düşünmək olar.
Azğınlaşmış bir qrup insan digər bir qrupa hücum edir, onları əllərinə keçən alətlərlə döyür, yıxıb sürüyürlər. Başqa bir qrup ətrafdakı binalara, avtomobillərə ziyan vurmağa çalışır. Baş verənləri işıqlandırmaq üçün hadisə yerinə gələn jurnalistlər də azğın kütlənin qurbanına çevrilirlər.

Azvision.az xəbər verir ki, onlarla jurnalistin xəsatrət aldığı iğtişaşlar yatırılandan sonra isə məlum oldu ki, döyülən həmkarlarımızdan biri aldığı ağır zərbələrdən vəfat edib.

Bu hadisədən sonra jurnalist həmkarları təşkilatları Gürcüstan parlamenti qarşısında etiraz aksiyası keçirdilər. Əsas tələb cinsi azlıqların aksiyası zamanı xuliqanlıq edənlərin tapılıb cəzalandırılması, o cümlədən asayişi qorumağa borclu olan, amma zorakılığın qarşısını almayan polis rəhbərliyi haqqında araşdırma açılması idi. Aksiya zamanı ehtiraslar coşdu və jurnalistlər parlament binasına daxil oldular. Bu dəfə isə homofob deputatlar onlara hücum edərək, jurnalistləri LGBT nümayəndələrini müdafiə etməkdə günahlandırdılar.

Ötən həftə ərzində baş verənlərdən sonra, Qafqaz "demokratiyasının beşiyi" sayılan Gürcüstanın ictimai, siyasi və kriminal xəritəsi cızıldı. Bəs Gürcüstanı region ölkələrinə, o cümlədən bizə nümunə göstərən qurumlar və şəxslər bu hadisələrin fonunda niyə susurlar? Axı, Avropanın əməkdaşlığa hazırlaşdığı bütün ölkələrin qarşısına şərt kimi qoyduğu əsas meyarlardan biri gürcü radikalları tərəfindən tapdalandı?! Həm LGBT nümayəndələri, həm də öz vəzifəsini icra edən jurnalistlər ifrat sağçılar vəhşicəsinə tərəfindən döyüldülər.

Konkret olaraq qan töküldü, insan öldü, üstəlik bütün bunlar Qafqaz "demokratiyasının beşiyində" günün günorta çağı, bütün dünyanın gözü önündə baş verdi. Bəs, bu olanların qarşısında Avropanın "vicdanı” niyə susdu?

Bir aksiyada onlarla qanun pozuldu: İnsan hüquqları, söz azadlığı tapdalandı, sui-qəsd törədildi və s. Amma Avropa bütün olanlar qarşısında susdu və hadisələri görməzlikdən gəldi.

Baş verənlərdən bir həftə sonra başda ABŞ olmaqla, Avropanın bir sıra dövlətlərinin Tiflisdəki səfirlikləri baş verənləri pisləyən qısa bir mətn yaydılar. Mətndə olanlar pislənir və hadisələrin günahkarlarının cəzalandırılmasının vacibliyi vurğulanırdı. Vəssalam.

Bir anlığa təsəvvür edin ki, bənzər olay Azərbaycanda yaşansaydı necə olardı... Sizcə nə baş verərdi? Yer-yerindən oynayar, Avropa İttifaqının komissarları təcili toplanar, Avropa Parlamenti növbədənkənar yığışar, ATƏT məsələni araşdırmaq üçün komissiya yaradar, Azərbaycan "qara siyahıya" salınar, Qərb ölkələri öz vətəndaşlarına Azərbaycana səfər etməmələrini məsləhət görər, ölkəmiz əcnəbilər üçün təhlükəli ölkələr siyahısına daxil edilər, hətta Avopa ölkələrinin Azərbaycandakı səfirliklərində çalışan diplomatlara "küçəyə mümkün qədər az çıxmaları" haqda xəbərdarlıq edilərdi.

Avropada gürcü qonşularımıza olan isti münasibət bizdə zərrə qədər də qısqanclıq hissi yaratmır, əksinə, yarım milyondan çox soydaşımızın yaşadığı Gürcüstanın uğurlarına ən azı onlar qədər sevinirik. Bu məsələnin üstünə gəlməkdə isə məqsədimiz sadəcə hamıya demokratiya, insanlıq dərsi verməyə çalışan Avropanın mənəvi korluğuna, yürütdüyü strategiyasındakı məkrinə, xalqlar və dinlər arasında qoyduğu fərqə, diskriminasiya siyasətinə diqqət çəkmək idi. Axı nəyə görə...?

Şahin Ömər
Azvision.az

Teqlər: Gürcüstan   Azərbaycvan   Qərb  






Xəbər lenti