Əfqanıstan humanitar fəlakət astanasındadır - BMT

Əfqanıstan humanitar fəlakət astanasındadır -    BMT
  13 İyul 2021    Oxunub:1073
Əfqanıstan humanitar fəlakət astanasındadır. 2021-ci ilin yanvarından bəri 270 min əfqan təhlükəsizlik və zorakılıq səbəbiylə ölkə daxilində məcburi köçkün vəziyyətinə düşüb. Bununla da məcburi köçkünlərin sayı 3,5 milyona çatıb.
Azvision.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) rəsmi nümayəndəsi Babar Balloh bildirib.

Onun sözlərinə görə, son həftələrdə evlərindən didərgin düşən ailələr buna əsas səbəb kimi təhlükəsizlik vəziyyətinin pisləşməsini göstərirlər. BMT rəsmisi əlavə edib ki, onlarda ərazilərin silahlı qrupları tərəfindən qəsb edilməsi və əsas yollarda əldəqayırma partlayıcı qurğuların yerləşdirilməsi barədə məlumatlar var.

- Biz, “Taliban”ın ölkədəki münaqişədə iştirakını narahatlıqla izləyirik. Ancaq hücumların arxasında hərəkatın dayandığını qəti şəkildə söyləmək çətindir, - o deyib.

Bildirib ki, davam edən qarşıdurma, daxili miqrasiya, quraqlıq, pandemiya əhalinin vəziyyətini daha da ağırlaşdırıb. Ölkədə sülh razılaşmasının əldə olunmaması və mövcud zorakılığın davam etməsi daxildə əhalinin daha çox yer dəyişməsinə, həmçinin qonşu dövlətlərə getməsinə səbəb olacaq.

BMT-nin Əfqanıstandakı Yardım Missiyasına görə, bu ilin ilk rübündə 2020-ci ilə nisbətən mülki itkilərin sayı 29% artıb. Qurbanların arasında qadın və uşaqların sayı artmaqdadır.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   BMT  





Xəbər lenti