Danışır Kalaşnikov: "Ermənilər nəticə çıxarsın"

 Danışır Kalaşnikov:  "Ermənilər nəticə çıxarsın"
  16 İyul 2021    Oxunub:1803
Ermənilərin Naxçıvanla sərhəddə atəşkəsi pozması və Şuşa yaxınlığındakı postlarımızı atəşə tutmaları yeni suallar yaradır. Keçən ilin noyabr ayında onurğa sütunu sındırılmış düşmən yarım il keçməməmiş yenə baş qaldırır? Erməni təxribatlarının artmasının arxasında hansı faktor durur və düşmən bununla nə etmək istəyir?
Ermənistan rəhbərliyi bütün yollara və metodlara əl ataraq, 10 noyabr Bəyannaməsini pozmağa çalışır. Hətta diplomatik kanallardan mediaya sızan məlumatlara görə, Paşinyanın Moskvaya sonuncu səfəri zamanı da buna cəhd edib. Rusiya rəhbərliyi isə bir daha ona anladıb ki, imzalanmış sənədin icrası bölgədə yaranmış dolaşıq vəziyyətdən yeganə çıxış yoludur.

Paşinyan Moskvadan dönəndən sonra erməni KİV-nin qərbpərəst hissəsi yenidən Rusiyanı hədəf götürdü. Hazırda internetin erməni seqmentində daha çox müzakirə olunan məsələ "Rusiyanın Ermənistan qarşısındakı müttəfiqlik öhdəlikləri"dir. Artıq nəinki Ermənistandakı ermənilər, hətta Rusiyada yaşayan erməni mənşəli ekspert və blogerlər belə, Moskvanı acıq şəkildə "erməni xalqına xəyanətdə" ittiham edirlər.

Azərbaycan-Ermənistan sərhədində baş verən təxribatların zamanına diqqət yetirsək, görərik ki, bu addımlar münaqişə ətrafında gedən konkret siyasi proseslərin sürətləndiyi vaxtlarda atılır. Daxili auditoriyada bir cür, xarici səfərlər, müxtəlif ölkə rəhbərləri ilə görüşlərində isə başqa cür çıxışlar edən erməni rəhbərləri getdikcə daha çox tənqid olunurlar. Ermənistan rəhbərliyinin bu riyakar siyasəti böyük ikrah doğurmaqdadır. Erməni seqmentindəki antirus əhval-ruhiyyəsi Rusiya siyasi elitası daxilində də bu ölkəyə münasibəti dəyişməkdədir.



Rusiya Kommunist Partiyası sədrinin müavini, Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və xaricdəki soydaşlarla əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov Rusiya agentliklərindən birinə verdiyi müsahibədə deyir ki, "Zəngəzur dəhlizi" haqda razılıq üçtərəfli Bəyanatda əksini tapıb və bu layihənin qarşısını almaq Bəyannaməni pozmaq cəhdindən başqa bir şey deyil.

"Mən həmişə məsələnin üçtərəfli razılıq əsasında həllini dəstəkləmişəm və buna görə məni Ermənistanda həmişə tənqid ediblər. Ermənilər tələb edirlər ki, Rusiya ancaq onları dəstəkləməlidir. Mən isə onlara həmişə demişəm ki, Minsk qrupu çərçivəsində heç bir problemi həll etmək mümkün deyil. Nə amerikalılar, nə də fransızlar bu problemin həllində maraqlıdırlar. Onların əsas hədəfi Rusiyanın maraqlarına zərbə vurmaqdır. Axı Cənubi Qafqazda sabitlik və sülh onların nəyinə lazımdır? Mən bu haqda yalnız mediada yox, hətta ən yüksək görüşlər zamanı şəxsən prezident İlham Əliyevə, Serj Sarkisyana demişəm. Həmişə bildirmişəm ki, bu məsələ Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında çözülməlidir. Onların hər ikisi Putinə hörmət və etibar edirlər", - Kalaşnikov bildirib.

Rusiyalı deputat daha sonra Türkiyənin Cənubi Qafqazın stabilləşməsi prosesindəki tənzimləyici rolundan danışıb. Onun sözlərinə görə, Ərdoğan "sərhədlərinin açılması ilk növbədə ermənilərə xeyir gətirəcək" fikrini doğru vurğulayıb: "Zəngəzur dəhlizinin açılması ilk növbədə Ermənistana lazımdır. Ermənilər özləri türklərə deməlidirlər: "Gəlin, sərhədləri açaq və ticarətə başlayaq!" Qoy, Azərbaycan da sərhədləri açsın və dəmiryolu Ermənistanla Rusiyanı birləşdirsin! Hazırda Ermənistana bu lazımdır. İllərdir ermənilər mühasirədə yaşayırlar. Onlar uşaqları, xüsusilə oğlan uşaqlarını ölkədən qaçırırdılar ki, müharibəyə getməsinlər. Amma şükür ki, Qarabağ düyünü çözüldü və təəssüf ki, müharibə yolu ilə çözüldü. Olan oldu-keçdi, indi isə sərhədləri açmaq, ölkəni ağır vəziyyətdən çlxarmaq lazımdır. Sərhədləri açın ki, ilk növbədə özünüzə yaxşı olsun".

Erməni ekspertlərin və siyasətçilərin müharibə ərəfəsində və müharibədən sonra saqqız kimi çeynədikləri KTMT məsələsinə toxunan rusiyalı siyasətçi adı çəkilən hərbi blokun Azərbaycanla Ermənistan arasındakı ərazi mübahisəsinə cəlb olunması cəhdlərini "axmaqlıq" adlandırıb. O, bildirib ki, iki kilometrlik torpaq sahəsi üstündə mübahisə zamanı ermənilərin "KTMT, kömək et!" qışqırması analaşılan deyil.

- "Mən bu məsələni erməni heyəti ilə müzakirə etmişəm və onlara açıq şəkildə bildirdim ki, sərhədlərin delimitasiyası çox müşkül prosesdir. Sizin isə heç Azərbaycanla diplomatik əlaqələriniz də yoxdur. Delimitasiya danışıqların predmetidir, iki kilometr torpaq sahəsi üstündə müharibə etmək deyil. Ermənistanın isə KTMT-ni bu məsələyə qarışdırmaqla Azərbaycanla yeni müstəviyə çıxan əlaqələri pozmasının mənasını anlamaqda sadəcə, çətinlik çəkrəm. Rusiyanı bu məsələyə qarışdırmaqla belə bir xırda anlaşılmazlığı hərbi yolla həll etmək cəhdləri sadəcə, axmaqlıqdır. KTMT belə məqsədlər üçün yaranmayıb, - rusiyalı siyasətçi sözlərini bitirib.

Buradan belə nəticəyə gəlmək olar ki, artıq emənilər yersiz isteriya və vay-şüvənlə hətta ənənəvi olaraq onları müdafiə etmiş ölkələri, onların rəhbərlərini belə təngə gətriblər. Leonid Kalaşnikovun son müsahibəsi isə Kremlin mövqeyinin onun dililə ifadəsidir. Bu şəraitdə öz ambisiyalarını və maraqlarını bütün kriteriyalardan üstün tutaraq, özünün yaratdığı illüziyalarla yaşamaq istənilən xalqı yalnız fəlakətə sürüklüyə bilər.

Şahin Ömər
Azvision.az


Teqlər: Qarabağ  





Xəbər lenti