"Dağlıq Qarabağ münaqişəsi" terminini siyasi alətə çevirirlər

  "Dağlıq Qarabağ münaqişəsi" terminini siyasi alətə çevirirlər
  16 İyul 2021    Oxunub:1144
Azərbaycanın 44 günlük müharibə ilə Qarabağ münaqişəsini birdəfəlik həll etməsi bəzi siyasi dairələrdə narahatlıq yaradıb. Təəssüf ki, bu gün münaqişənin həll olunmadığını deyənlər və ya Dağlıq Qarabağ münaqişəsi ifadəsini (ABŞ Dövlət Departamenti, Fransanın səfiri-red.) işlədənlər regionu yeni təhlükələrə sürükləyirlər. Təbii ki, bu yenə də Ermənistandan alət kimi istifadə etmək, bu ölkənin revanşizminə dəstək vermək və Qarabağda olan erməniləri də aqressiv separatizmə yönəltmək cəhdidir.
Məsələni Azvision.az –a şərh edən politoloq Qabil Hüseynli deyib ki, Azərbaycan Prezidenti Qarabağ torpaqlarında uzun illər süni şəkildə yaradılmış problemi, həll olunmuş münaqişəni yenidən qabartmaq istəyən dövlətlərə dəfələrlə tutarlı cavab verib:

“Dəfələrlə demişik və bir daha dünyaya bəyan edirik ki, Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı birgə bəyanatla Ermənistan-Azərbaycan münaqişəsi başa çatdı, Ermənistan kapitulyasiya etdi. Bundan sonra dünya birliyi, beynəlxalq təşkilatlar 44 günlük müharibənin nəticələrini və 10 noyabrda imzalanmış birgə bəyanatı tanıdı. İndi durub yenidən hansısa həl olunmamış münaqişədən, statusdan-filandan söz açmaq təxribatdan başq abir şey deyil.

Əslində Dağlıq Qarabağ münaqişəsinin qaldığını deyən cəmi iki üç aparıcı ölkə və ya onlara bağlı siyasi qüvvələrdir. Həmin ölkələr isə bütün dünyanı qarışdırandan sonra guya siyasi çəkisi “yüksək” olan pafoslu sözlər işlədirlər. ABŞ rəsmilərinə sual etmək lazımdır ki, Qafqazdakı həll olunmuş problemin yenidən canlandırılması onların nə marağındadır? Neçə ildir beynəlxalq qanunlarla təsbit edilmiş tarixi torpaqlarımız işğal altında idi. Bir dəfə də olsun belə, dirəniş göstərib eyni sözü dedinizmi? Yəni bəyan etdinizmi ki, işğal faktı aradan qaldırılmalıdır, hüquqları tapdanan azərbaycanlılar dədə-baba torpaqlarına geri dönməlidirlər. Bu 30 il ərzində səsinizi belə çıxarmır, formal, standart bəyanatlarla vaxt uzadırdınız. Guya Fransa normal mövqe sərgiləyirmi? Xeyr. Əslində bu ölkə arpa yeyib cənnətdən çıxıb... Müasir dünya anlamına gələn dövlətçilik ənənələri demək olar ki, Fransada yox imiş. Demokratiya, insan haqları haqqında çağırışlar da yalnız öz maraqları üçün səslənir. Rusiyanı başa düşürük ki, bu ölkə neoimperialistdir. Bölgəyə erməniləri də köçürən onlar olub və bu gün də iqtisadi və siyasi cəhətdən İrəvanı ruslar bəsləyir. Son zamanlar isə ATƏT-in Minsk Qrupunu dirçəltməyə çalışan, problemin, münaqişənin həll olunmadığı barədə moizələr oxuyan üç qüvvə var ki, bunlar yenə də həmin məşhur üçlük - Rusiya, ABŞ və müharibə vaxtı belə ermənipərsətliyi ilə aşkar seçilən Fransadır”.



Politoloq deyir ki, tarix bəlkə də belə saxtakarlıq, siyasi həyasızlıq görməyib. Problemin nəyinin həll olunmadığını belə anlamayanlar bu gün Qarabağda münaqişənin hələ də tam aradan qalxmadığından dəm vururlar:

“Biz sizin bacarmadığınız işi, ərazi bütövlüyümüzü təmin edən tədbirləri həyata keçirdik, BMT-nin də məlum qətnamələri reallaşdı. Daha yad ölkənin ordusu bizim torpağımızda yoxdur, ərazi bütövlüyümüz də bərpa olunub. Düzdür, hazırda bir Laçın dəhlizidir ki, orada yalnız rus sülhməramlıları qalıb. Amma onu da tədricən həll edəcəyik... Bu ölkələr sadəcə olaraq ya münaqişəni yenidən qızışdırmaq istəyirlər, ya da ki, ermənilərin çox arzuladıqları “Dağlıq Qarabağ problemi”ni yenidən süni şəkildə gündəmə gətirməyə çalışırlar. Birinci halda münaqişəyə BMT-nin bayrağı altında müxtəlif qüvvələri cəlb etməyi planlaşdıra bilərlər. Problemi gündəmdə saxlamaqla həmsədrlərin də yeni turis səfərlərini bərpa etməyə çalışırlar.Yəni belə iddialar açıq görünür. Bir sözlə, bu dövlətlər özlərini dünya düzəninin sahibi hesab edirlər və hazırda Azərbaycanla bağlı məsələlərdə xeyli yanlışlıqlara yol verirlər”.

Qabil Hüseynli xatırlatma edib ki, heç bir dünya gücü son 25 ildə BMT-nin məlum qətnamələri haqqında narahatlıq keçirmirdi. Yalnız bizə dost olan ölkələr tez-tez bunu yada salırdı. İndiki halda sülh müqaviləsinin bağlanmasına çağırış etmək əvəzinə münaqişədən dəm vurmaq təhlükəli addım sayılmalıdır:

“Biz tarix yaradaraq hüququ, ədaləti bərpa etdik, qətnamələrin icrasını təmin etdik. İndi də imkan verin qonşu və işğalçı adı çıxarmış Ermənistanla sülh danışıqlarına başlayaq. İrəvanın ayağının altına daş qoyub ölkə rəhbərlərini, separatçıların özünü belə ürəkləndirməyə çalışmayın. Son fikir və bəyanatlar təxribatlara, separatizmə dəstəkdən başqa bir şey deyil. Təsəvvür edin ki, bütün bu arzuolunmaz siyasi gedişləri özlərini mədəni ölkə adlandıran dövlətlər edirlər. Onlar xristian təəssübkeşliyini, İslamafobiya, türk düşmənçiliyini həyata keçirirlər. Bütün bunların isə axırı yoxdur.

Biz qalib ölkəyik amma yenə də qarşı tərəfə hörmətlə yanaşıb sülh masasına dəvət edirik ki, sənədə qol qoysunlar. Beləcə hər iki tərəf avtomatik olaraq ərazi bütövlüyünü tanımış olacaq. Prezident də dünən bir daha çağırış etdi. Amma Ermənistan hələ ki bu sülh sənədinə müsbət cavab vermir. Çünki qəyyumları, arxalarında duran siyasi qüvvələr onları təlimatlandıraraq necə hərəkət etməyin yollarını göstərirlər. Beləcə sülhə mane, revanşizmə isə dəstək olurlar. Ona görə də, bölgədə sülhün qarşısında duran əsas ölkə təkcə Ermənistan deyil, onun kölgəsinə sığındığı digər dövlətlər də var. Hazırda sülh danışıqları prosesi xeyli çətinləşib və yəqin ki, bundan sonra da çətinləşəcək”.

Tural Tağıyev
Azvision.az



Teqlər: Qarabağ   Ermənistan   Münaqişə  





Xəbər lenti