Neftçalada su problemi: “Azərsu” nə deyir?

  17 İyul 2021    Oxunub :570
 Neftçalada su problemi:  “Azərsu” nə deyir?
Bir müddətdir ki, Kürün Neftçala rayonu ərazisindən keçən hissəsində səviyyəsi aşağı düşüb. Xəzərin suyu isə Kürün duzluluğunun artmasına və əhalinin içməli su təchizatında çətinliklərin yaranmasına səbəb olub. Gələcəkdə bu vəziyyətin davam etməsi həm ekoloji fəlakətin baş verməsinə, həm də sahilboyu yaşayan əhalinin su ilə bağlı ciddi problemlərinin yaranmasına səbəb olacaq.
Bəs “Azərsu” Açıq Səhmdar Cəmiyyəti Neftçalada əhalinin su probleminin həll olunması üçün nə edir?

Azvision.az bu sala cavab tapmaq üçün qurumun mətbuat katibi Anar Cəbrayıllı -a müraciət edib. Onun sözlərinə görə Kür çayında duzlaşmanın artması modul qurğuların fəaliyyətinin dayanmasına səbəb olub. Buna baxmayaraq, qurum əhalinin su tələbatını ödəmək məqsədi ilə suyu onlara maşınlarla çatdırır.

"Orada codluq çox yüksəkdir. Ona görə də, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti artıq bir müddətdir ki, içməli sudan əziyyət çəkən kəndlərə maşınlarla suyun daşınmasını təmin edir. Hazırda 40-a yaxın kəndə su maşınlarla aparılır. Hər gün hər bir kəndin modul qurğusunun təmiz su anbarı doldurulur və oradan su verilir. Ötən gün 1000 kub metrdən çox su daşınıb. İcra Hakimiyyəti, Azərsu ASC, FHN tərəfindən bəzi yaşayış məntəqələrində çənlər də quraşdırılıb. Həm o çənlər, həm də modul qurğuların anbarı su ilə doldurulur, sonra nasoslarla ümumi istifadə üçün bulaqlara vurulur. Kür çayında duzluluq davam etdiyi müddətdə bu işlər həyata keçiriləcək".

A. Cəbrayıllı bildirib ki, Netçala şəhərinin Qoltuq adlanan məhəlləsi, 5 kəndin su təsərüfatının yaxşılaşdırılması ilə bağlı işlər də görülür: "Şəhərdə sovet dövründə tikilmiş və istifadə müddətini başa vurmuş paylayıcı şəbəkənin yenidən qurulması davam etdirilir. Növbəti mərhələdə artıq digər kəndlərə magistral kəmərlərin çəkilməsi, çıxışların verilməsi və modul qurğuların təmiz su anbarının həmin çıxışlara bağlanması təmin ediləcək".

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Su   Neftçala   Kür  






Xəbər lenti