Fransa tarixində ilk: Ədliyyə naziri cinayət işində fiqurant oldu

   Fransa tarixində ilk:   Ədliyyə naziri cinayət işində fiqurant oldu
  17 İyul 2021    Oxunub:1714
Fransada daha bir yüksək rütbəli məmurun cinayəti ilə bağlı qalmaqal yaşanıb. Belə ki, ədliyyə naziri Erik Düpont Morettiyə qarşı vəzifəsindən sui-istifadə ilə əlaqədar ittiham irəli sürülüb.

Azvision.az xəbər verir ki, bu barədə "RFI" məlumat yayıb.
Bildirilir ki, onun vəkillik karyerası illərində bəzi məhkəmə proseslərində şübhəli məqamlar olub. O hazırda vəkil kimi çalışarkən problem yaşadığı hakimlərlə hesablaşmaq üçün vəzifəsindən istifadə etməkdə şübhəli bilinir.

Sarkozi 3 illik azadlıqdan məhrum edildi
Morettiyə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı iş bu il yanvar ayında Respublika Məhkəməsi tərəfindən açılıb. Qeyd edək ki, Respublika Məhkəməsi Fransada hökumət üzvləri tərəfindən törədilən cinayətlərə görə mühakimə etmək hüququna malik olan yeganə məhkəmə instansiyasıdır. Nazirə qarşı şikayət üç məhkəmə həmkarlar ittifaqı və korrupsiya məsələlərində ixtisaslaşmış "Anticor" ictimai birliyi tərəfindən verilib.

Fransa Baş naziri Jan Kasteks isə baş verən arzuolunmaz proseslərin fonunda bir daha bəyan edib ki, ədliyyə nazirinə güvənir.



Düpont hazırda Fransa tarixində cinayət işində fiqurant olan ilk ədliyyə naziri vəzifəsini icra edən şəxs kimi təqdim edilir.

Qeyd edək ki, 60 yaşlı nazir Erik Düpont Moretti fransızlar arasında məşhur vəkil kimi tanınır. O televiziya və radio yayımlarında tez-tez iştirak etməklə, məhbusların, korsikalı millətçilərin, terrorçuların yaxınlarının, korrupsiyada günahlandırılan məmurların və Culian Assancın hüquqlarının müdafiəçisi kimi daha çox ad çıxarıb.

Xatırladaq ki, bir müddət öncə eks-prezident Nikola Sarkozinin adının cinayətdə hallanması ölkədə qalmaqala səbəb olmuşdu. Keçmiş ölkə rəhbəri haqqında korrupsiya ittihamı üzrə cinayət işi açılmışdı. Məhkəmə Sarkozini korrupsiyada və vəzifədən sui-istifadədə günahkar hesab edib. Fransa prokurorluğu isə məhkəmədən onunla bağlı həbs müddətinin dəyişdirilməsini tələb edir.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Fransa   Məhkəmə   Korrupsiya   Vəkil   Ədliyyə-naziri  





Xəbər lenti