Ermənilərin Avropa naşükürlüyü: Şarl Mişelə etiraz edən daşnaksütyunçular saxlanıldı- VİDEO

  17 İyul 2021    Oxunub :926
     Ermənilərin Avropa naşükürlüyü:   Şarl Mişelə etiraz edən daşnaksütyunçular saxlanıldı- VİDEO
Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin Ermənistana səfəri etirazlarla qarşılanıb. Azvision.az xəbər verir ki, Ermənistanın radikal siyasi qurumlarından olan "Daşnaksütyun" partiyasının gəncləri dünən axşamdan başlayan etiraz aksiyalarını bu gün də davam etdiriblər.
Yerli medianın yaydığı məlumata görə polis bir qrup gəncin etiraz aksiyası keçirməsini əngəlləməklə kifayətlənməyib, həm də daşnak gənclərə güc tətbiq edərək onları qeyri-insani davranışlarla bölməyə aparıb.

"Hazırda "Daşnasütyun"un tələbə birliklərinin üzvləri Taron Qazaryan, Qarnik Melkumyan, Jor Avdalyan, Narek Vanyan, Vardan Qalstyan, Aram Babayan, Ovanes Stepanyan saxlanılıblar. Yuxarıda göstərilən gənclərin əksəriyyəti 44 günlük müharibənin iştirakçılarıdır",-"Yerkir" saytı yazıb.

Şarl Mişel İrəvanda mina xəritələrinin Azərbaycana verilməsini istədi
Xatırladaq ki, Şarl Mişelin Ermənistana səfəri ərəfəsində də "Daşnaksütyun"çu gənclər etiraz aksiyası keçirmişdilər. Onlar Avropa İttifaqı rəsmisini xüsusi şüarlar səsləndirərək “Ayıb olsun” sözləri yazılmış plakatlarla qarşılamışdılar.

"Daşnaksütyun" Gənclər Birliyinin idarə heyətinin üzvü Kristina Vardanyan jurnalistlərə verdiyi açıqlamada deyib ki, aksiyalara AB nümayəndəsinə öz narahatlıqlarını çatdırmaq üçün toplanırlar.

“Biz belə bir sual veririk: bütün müharibə zamanı Avropa harada idi? İndi niyə gəldilər? Ermənistanı "almağa" çalışırlar? Ermənistanın satılmadığını deyirik. Siyasi məhbuslarla görüşdülər? Ermənistanda hər gün yeni bir siyasi məhbus var”,- Vardanyan bildirib.



Qeyd edək ki, Aİ rəsmisinə qarşı belə sərt reaksiyanın verilməsi İrəvanda birmənalı qarşılanmayıb. İqtidaryönlü siyasətçilər müxalif gəncləri naşükürlükdə ittiham edirlər. Onlar hazırda Avropadan Ermənistana kifayət qədər maliyyə dəstəyi gəlməsini vurğulayırlar.

Tural Tağıyev
Azvision.az

Teqlər:   Ermənistan   Daşnaksütyun   Etiraz  






Xəbər lenti