Ermənistanın Rusiyaya növbəti xəyanəti

   Ermənistanın Rusiyaya növbəti xəyanəti
  17 İyul 2021    Oxunub:1263
Fransanın kiçik bacısının düşdüyü duruma “fransız qalmanın” zamanı çoxdan çatıb.
Avropa İttifaqının Prezidenti Şarl Mişelin Ermənistana səfəri, sözügedən “xristian klubu”nun təkcə Cənubi Qafqazı geosiyasi intriqa mərkəzi funksiyasını icra edən nüfuz müvəkkili-dövlətə 2,6 milyard avro yardım paketinin ayrılması kimi anti-sabitləşdirici hədəflərini deyil, eyni zamanda Aİ-nin xarici siyasətinin riyakar mahiyyətini də təkrar gün işığına çıxardı.
Qeyd edim ki, bir müddət öncə Azərbaycana səfər edən Aİ-nin Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ölkəmizlə bağlı təəssüratlarını bölüşmək üçün xüsusi məqalə ilə çıxış etmiş, Azərbaycanın COVİD-19 pandemiyasının gətirdiyi böhrandan ən az ziyan çəkdiyini vurğulayaraq, dövlətimizə və xalqımıza təşəkkürünü bildirmişdi. Həmçin 1 səhifəlik çıxış-məqaləsində Azərbaycanı bir neçə dəfə “çiçəklənən ölkə” adlandırmağı da unutmamışdı. Ermənistana 2,6 milyard avro yardım paketi ayrılması, qənaətimə görə, Aİ komissarı Oliver Varhelyinin prezident Şarl Mişelin regiona səfəri öncəsi ölkəmizin ünvanına yağdırdığı və Qoca Qərbin köhnə vərdişlərindən qaynaqlanan təriflərinin əsl mahiyyətini də ortaya qoyur.

Avropa İttifaqı 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarını işğal altında saxlayan, vəhşicəsinə istismar və darmadağın edən Ermənistana 2,6 milyard avro yardım ayırmaqla, əslində vandalizmi dəstəklədiyini, regionda aqressiv separatizmin və terrorizmin yenidən çiçəklənməsində maraqlı olduğunu nümayiş etdirir. Əgər Avropa İttifaqı beynəlxalq hüququn norma və prinsiplərini, həmçinin özünün elan etdiyi, amma yerinə yetirmədiyi dəyərləri əsas götürsəydi, o zaman Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın həyata keçirdiyi cinayətləri əsas görürərək, ölkəmizə ən azı 6-7 milyard avro yardım ayırmalıydı. Amma göründüyü kimi Aİ ölkəmiz üçün cəmi 150 milyon avro yardım nəzərdə tutub ki, bu da Ermənistanın ölkəmizin işğaldan azad edilmiş ərazilərindəki ən kiçik yaşayış məntəqəsini bərpa etmək üçün belə yetərli deyil. Çünki Ermənistanı “COVİD-19 pandemiyasından əziyyət çəkdiyinə görə” yemləmək, İrəvanın bölgəni regiondankənar qüvvələrin müdaxiləsinə açıq saxlaması üçün stimullaşdırmaq, vaxtilə Cənubi Qafqaza atdıqları nifaq toxumunu yenidən cücərtmək lazımdır. Avropa İttifaqının Ermənistana ayırdığı maliyyə yardımının məqsədlərindən biri də, çox güman ki, dondan-dona, cilddən-cildə girən, sələfləri kimi eyni vaxtda bir necə qütbün qucağına sığınan, amma gözü yenə də Qərbə - ağalarına doğru baxan Paşinyan hakimiyyətinin mövqelərini gücləndirmək, kommunikasiyaların açılmasına və sülh sazişinin imzalanmasına ən azından yaxın 1 il ərzində mane olmaqdan ibarətdir. Bu gedişlə Avropa İttifaqının Ermənistanda Marşall planını tətbiq edəcəyi və bu ölkəni tamamilə satın alacağı şübhə doğurmur. Nikol Paşinyan isə, göründüyü kimi, erməniliyin klassik ənələrinə uyğun olaraq, Ermənistanın satmağa və satılmağa hazır olduğunu sərgiləyir.

Emmanuel Makronla eyni ideoloji platformada təmsil olunan fransız Şarl Mişelin regiona səfəri çərçivəsində Ermənistanda keçirdiyi görüşlərin nəticəsi, birmənalı olaraq Yerevanın Rusiyaya növbəti xəyanətidir. Baxmayaraq ki, Nikol Paşinyan, bütövlükdə isə Ermənistan hər dəfə çıxılmaz durumda olanda, məhz Rusiyanın dəstəyini alıb. Nikol Paşinyan və “sorosçu” komandasının hakimiyyətə gəlməsində də, Rusiyanın bu ölkədəki daxili proseslərə müdaxilə etməməsi müstəsna rol oynamışdı. Hərbçilər qiyam qaldıranda da Nikolu Vladimir Putin xilas etmişdi və son seçkilərdə də Moskva Robert Köçəryana, onun arzuladığı və göslədiyi dəstəyi verməməklə Paşinyanın yenidən hakimiyyətə sahiblənməsinə imkan yaratdı... Paşinyanın son təyinatları və perspektivdə bu istiqamətdə qəbul edəcəyi qərarlarla bağlı Ermənistan mediasında yayılan məlumatlar, Nikolun və onun rəhbərlik etdiyi satın alınmış ölkənin Qərbə doğru sürətlə yürüdüyündən xəbər verir. Ermənistan rəsmilərinin Ermənistanın NATO, Aİ və digər təsisatlarla ardıcıl təmasları da bunu sübuta yetirir. Reallıq ondan ibarətdir ki, Nikol Paşinyanın əsas hədəfi Ermənistanı, uzun illər ərzində himayə edən, baş tutmamış olsa da belə, bir dövlət kimi mövcudluğunu qoruyub saxlayan Rusiyanın təsir dairəsindən tamamilə qoparmaq, tamamilə Qərbin vassallığına keçirməkdən ibarətdir. Bunun davamı isə Rusiyaya qarşı təxribatçı addımların atılması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində mərkəzdənqaçma meyllərinin gücləndirilməsidir. Mövcud reallıqlar rəsmi Yerevanın Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən KTMT-nin baş qərargah rəisi ilə bağlı məsələdən başlamış Azərbaycanla sərhədlərində törətdiyi bütün təxribatlaradək Rusiyanın dominant rol oynadığı hərbi-siyasi ittifaqı həm Ermənistanda, həm də postsovet məkanında nüfuzdan salmağa xidmət etdiyini təsdiqləyir.

Məhz bu baxımdan, Rusiya regionla bağlı siyasətini bu reallığa uyğun formalaşdırmalı, Ermənistana dəstəyini dayandırmalı və hərbi bazasını bu ölkədən çıxarmalıdır. Regionda Qərbin intriqa mərkəzi funksiyasını yerinə yetirən Ermənistan Rusiyanın və müttəfiqlərinin hər cür dəstəyindən mərhum edilməli, Avrasiya iqtisadi və gömrük ittifaqlarından, həmçinin KTMT-dən qovulmalıdır.

Fransanın kiçik bacısının düşdüyü duruma “fransız qalmanın” zamanı çoxdan çatıb.(Baymedia)

Elçin Mirzəbəyli

Azvision.az



Teqlər:





Xəbər lenti