Qarabağ üçün "Simpsonlar"?! Lapşin erməni jurnalisti ifşa etdi

 Qarabağ üçün "Simpsonlar"?!  Lapşin erməni jurnalisti ifşa etdi
  18 İyul 2021    Oxunub:1915
Dünən jurnalist Nairi Hoxikyanın Ermənistanın bütün populyar KİV-lərində yayımlanan məqaləsi sosial şəbəkələrin erməni seqmentində qızğın müzakirələrə səbəb oldu. Məqalədə iddia olunur ki, bir neçə il əvvəl Paşinyan, onun köməkçisi Karapetyan və ermənipərəst bloger Lapşin dövlət tədbirlərindən birində Qarabağda baş verənlərin detalları haqda söhbət ediblər və guya Paşinyanın köməkçisi sonradan təkbətək söhbət zamanı "Yaxınlarda Qarabağın Azərbaycana veriləcəyi, Şuşanın alınmasından sonra isə müharibənin bitəcəyi" barədə danışıb.
Nairi Hoxikyanın iddiasına görə, o bu söhbətə qulaq şahidi olub və məqaləsində vurğulayıb ki, məsələni Lapşin özü də təsdiqləyə bilər.

Bu gün ermənipərəst bloger məsələyə aydınlıq gətirib. O, sosial şəbəkə hesabında yazıb ki, Nairinin məqaləsini diqqətlə oxuyandan sonra yazıdakı anlaşılmazlıqların Google tərcümə proqramının səhvləri olduğu qənaətinə gəlib.

"Məqalənin ermənicədən tərcüməsindən belə anlaşılır ki, guya mən Ermənistanın baş nazirilə qlobal məsələləri, minlərlə insanın öləcəyini, Qarabağın taleyini və s. müzakirə etmişəm. Yazılanlara görə, Paşinyanın köməkçisi həmin görüş zamanı mənə Azərbaycanı tənqid etməməyi və bir daha Ermənistana gəlməməyi tövsiyə edib. Bunların heç biri həqiqətə uyğun deyil və mən çox böyük hörmət bəslədiyim Nairi Hoxikyandan belə bir addımı heç vaxt gözləməzdim. Axı Ermənistanın baş naziri belə məsələləri niyə mənim kimi adi blogerlə müzakirə etsin?" - Lapşin məyus halda yazıb.

O bildirib ki, Nairinin öz məqaləsində Karapetyanın mənə "yaxınlarda Qarabağı Azərbaycana verəcəyik" deməsi haqda yazdıqları ağ yalandır.

"Məsələyə aydınlıq gətirmək üçün bildirim ki, 2019-cu ilin yazında jurnalist Nairi Hoxikyan mənə zəng edərək, Ermənistanın Qavar şəhərində keçiriləcək iqtisadi foruma dəvət etdi. O, dedi ki, forumda baş nazir Nikol Paşinyan da iştirak edəcək və onunla şəxsən tanış olmaq imkanım olacaq. Bundan başqa bilirdim ki, Azərbaycanda həbsdə olanda Paşinyanla Edmon Manukyan Belarus səfirliyi önündəki etiraz piketində iştirak edərək, mənə dəstəklərini ifadə ediblər. Düşündüm ki, görüş zamanı həm də buna görə baş nazir Paşinyana öz minnətdarlığımı bildirmək şansım olacaq. Ona görə də, dəvəti qəbul etdim", - Lapşin fikrinə davam edib.



Yəhudi bloger daha sonra Paşinyan və onun köməkçisi ilə aralarında olan söhbətə toxunub.

"Paşinyanla görüş zamanı o mənə fəaliyyətimdə müvəfəqiyyətlər dilədi və bildirdi ki, istənilin vaxt istənilən məsələyə görə ona müraciət edə bilərəm. Sonra mən Paşinyana təşəkkürümü bildirərək onun köməkçisi ilə söhbət etməyə başladım. Karapetyan bildirdi ki, bu forumu keçirməkdə əsas məqsəd ondan ibarətdir ki, ölkədəki ağır iqtisadi durumu ələ alaq və hamı Ermənistanın hansı böhran içərisində olduğunu anlasın. Qarabağ məsələsində qarşılıqlı güzəştlərin qaçılmaz olduğunu bildirən Karapetyan iqtisadi böhrandan yeganə çıxış yolunun qonşu ölkələrlə iqtisadi və ticarət əlaqələrinin bərpasında olduğunu bildirdi. O həmçinin dedi ki, yaxın illərdə vəziyyət dəyişə bilər və mən hadisələri izləməliyəm ki, həmişə trenddə qalım. Vəssalam. Bundan başqa aramızda heç bir söhbət olmayıb və Paşinyanın guya "Qarabağı verəcəyik, Şuşanı verəcəyik" söhbətləri mənim yanımda aparılmayıb. Nairi yazdıqlarına görə özü məsuliyyət daşıyır. Mənim bu məsələlərdən xəbərim yoxdur və hesab edirəm ki, adımın Ermənistanda gedən daxili intriqalarda hallandırılması çox qeyri-etik bir haldır" , - Lapşin sözlərini bitirib.

Qeyd edək ki, Azərbaycanın Qarabağdakı şanlı qələbəsindən 8 ay keçməsinə baxmayaraq, erməni cəmiyyəti hələ də acı məğlubiyyətin şokunu yaşayır və ölkədə daxili siyasi sabitliyi bərpa etmək hələ də mümkün olmayıb.

Şahin Ömər
Azvision.az



Teqlər: Lapşin   Hoxikyan  





Xəbər lenti