Ambaryandan ruslara xəbərdarlıq: Avropanın bizə yardımına görə peşman olacaqsınız

  18 İyul 2021    Oxunub :900
   Ambaryandan ruslara xəbərdarlıq:   Avropanın bizə yardımına görə peşman olacaqsınız
Siyasi analitik Qaqik Ambaryan "Avropa İttifaqı niyə Sisian-Aqarak yolunu çəkməyə tələsir?" adlı maraqlı təhlil yazıb. Azvision.az xəbər verir ki, erməni politoloq müttəfiqləri olan Rusiyanın Avropa İttifaqının(Aİ) İrəvana ayırdığı 2,6 milyard avroya görə peşman olacağını proqnozlaşdırıb. O artıq baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın Avropanın "cibində olduğunu" düşünür:
"İyulun 17-də yaxın vaxtlarda Avropa İttifaqının "Şimal-Cənub Yol Dəhlizi" İnvestisiya Proqramı çərçivəsində dəhlizin Sisian-Aqarak hissəsinin inşası üçün bir tender elan ediləcəyi məlum oldu. Hansı ki, qurum buna görə 600 milyon avro ayıracaq. Çoxları bu xəbərdən məmnundur. Lakin qurulacaq yol xəritəsini araşdırarkən Aİ-nin niyə "Şimal-Cənub" yolunun bu hissəsini tikməyə tələsdiyi və bunun üçün pul ödəməyə hazır olduğu aydın olur. Cavab çox sadədir. Avropalılar İrəvanı İranla birləşdirən yolla deyil, bu yaxınlarda açılan Ermənistan-Azərbaycan sərhədindən uzaqda olacaq yeni bir yolun inşası ilə maraqlanırlar. Çünki bu yol Gorusdan Qafana daha təhlükəsiz çatmağı təmin edəcək. Bütün bunlar da ötən ilin noyabrında biabırçı kapitulyasiyanın imzalanmasına görə baş verir”.

Politoloq iddia edib ki, bu layihəni reallaşdıranlar "Şimal-Cənub" yolunu 600 milyon avroya tikmək bəhanəsi ilə Gorusla Qafan arasında yeni iş yerləri yaradacaqlar. Bu da Sünikdən dəhşətli mühacirəti dayandırmağa hesablanmış ağır sosial durumu yüngülləşdirməyə edilən bir cəhddir:

“Ermənistanda həyata keçiriləcək məlum 2.6 milyard avroluq proqram əksəriyyəti dövlət düşüncəsi olmayan, Qarabağın əldən verilməsini böyük sevinclə qarşılayan və Nikolun baş nazir olmasına imkan verən ermənilər üçün rüşvətdir.

Sən demə Qarabağın Nikol tərəfindən Azərbaycana xainliklə təslim edilməsi, təxminən 5 min əsgərin öldürülməsi, on mindən çox insanın yaralanması və digər fəlakətlərin ermənilərə xeyli zərər vurması indi ortaya çıxıb. Avropa İttifaqı bunları 2.6 milyard avro olaraq qiymətləndirdi...”

Ambaryan deyir ki, Avropa İttifaqı həqiqətən Ermənistana mənfəət vermək, kömək etmək istəsəydi, bunu Nikol Paşinyanın 2018-ci ildə hakimiyyətə gəlməsindən dərhal sonra reallaşdırardı. Qarabağın geri qaytarılmasından, Ermənistanın kapitulyasiya ilə rəsmi Bakı tərəfindən alçaldılmasından, aşağılanmasından sonra yox:

“Yeri gəlmişkən, ruslar hələ də Nikolun onların "cibində olduğunu" düşündüklərinə görə çox peşman olacaqlar... Son olaraq, heç vaxt unutmayın ki, pulsuz pendir sadəcə tələdə olur. Nə Avropa, nə ABŞ, nə də Rusiya bizim üçün pulsuz bir şey etməyiblər, etməzlər, etməyəcəklər də".

Tural Tağıyev
Azvision.az

Teqlər: Avropa-İttifaqı   Ermənistan   Yol   Sünik  






Xəbər lenti