Əfqanıstandakı prosesi "Taliban"la müzakirə edəcəyik - Ərdoğan

   Əfqanıstandakı prosesi "Taliban"la müzakirə edəcəyik -    Ərdoğan
  20 İyul 2021    Oxunub:699
Türkiyə ABŞ-ın lazımi dəstəyi təmin etməsi şərti ilə Kabil hava limanının idarəedilməsini üzərinə götürməyə hazırdır.
Azvision.az xəbər verir ki, bunu Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Əfqanıstanda və bölgədə yeni bir dövr başlayır. Burada üç əsas iştirakçı - ABŞ, NATO və Türkiyə var. Hazırda Amerika öz qoşunlarını Əfqanıstandan çıxarmaq qərarı verib. Kabil hava limanının isə fəaliyyət göstərməsini istəyirlər. Bunu müsbət hal kimi qəbul edirik və ABŞ-a həm diplomatik münasibətlərdə, həm də logistika məsələlərdə bir neçə şərtimiz var. Bizə lazımi dəstəyin göstəriləcəyi təqdirdə, Kabil hava limanının idarəçiliyini ələ almağı fikirləşə bilərik", - Ərdoğan vurğulayıb.

O, Əfqanıstandakı vəziyyəti "Taliban"la müzakirə etmək niyyətini də açıqlayıb.

"Taliban" ABŞ-la bəzi danışıqlar aparıb və güman edirəm ki, Türkiyə ilə daha rahat danışıqlar apara bilər. Çünki Türkiyənin yanaşmasında səhv bir şey yoxdur. Buna görə də bu məsələləri onlarla daha yaxşı müzakirə edə bilərik".

Xatırladaq ki, ABŞ və NATO-nun Əfqanıstandakı qoşunları geri çəkməyə başlaması ilə ölkədə vəziyyət kəskin şəkildə pisləşib. "Taliban" hərəkatı İran, Çin, Pakistan, Tacikistan və Türkmənistanla sərhəd boyu ərazilər də daxil olmaqla, respublikanın 85% -nə nəzarət etdiyini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   Əfqanıstan  





Xəbər lenti