Duelə çağırır, amma öldürmürdü - Puşkinin qaranlıq tərəfləri

 Duelə çağırır, amma öldürmürdü -  Puşkinin qaranlıq tərəfləri
  22 Avqust 2021    Oxunub:9390
Erkən yaşlarımızdan “rus şeirinin günəşi” olduğunu eşitdiyimiz, şeirlərini, poemalarını, mənzum nağıllarını və romanlarını dərsliklərdən oxuyub sevdiyimiz, gənc yaşlarında dueldə öldürüldüyü üçün acıdığımız, bizə həm də geniş təbliğ olunan Aleksandr Sergeyeviç Puşkini yaxşı tanıdığımızı düşünsək də, bunlar dahi şair haqqında söylənə biləcək şeylərin hamısı deyil. Çünki onun da hamımız kimi qəribə xüsusiyyətləri və zəiflikləri vardı.
Nə qədər qəribə olsa da, dahi Puşkin liseyə tanışlıqla qəbul olmuşdu. Əlbəttə, belə olmasını istəməzdik, istərdik ki, o, qəbul olmaq üçün bütün qohumluq və tanışlıq əlaqələrindən imtina etmiş, imtahanların hamısından öz gücünə “əla” qiymət almış olsun, nümunəvi şagird olsun və s. Ancaq təəssüf ki, belə deyil.

Aleksandr o qədər də varlı olmayan bir ailədən idi, ancaq onlar nüfuzlu insanlarla yaxın əlaqələrə malik idilər. Gənc Puşkinin Rusiya İmperiyası üçün aparıcı kadrlar yetişdirməli olan Tsarskoye Selo liseyinə qəbul edilməsinin əsas səbəbi də bu idi. Ancaq bu lisey lap əvvəldən imperator ailəsindən olan uşaqlar üçün nəzərdə tutulmuşdu. Liseydə şagird sayının az olması planlaşdırıldığı üçün yerli zadəganlar övladlarını ora yazdırmaq uğrunda mübarizə aparırdılar. Aleksandrı Tsarskoye Selo liseyinə bu təhsil müəssisəsinin yaradılmasının təşəbbüskarı, nazir-islahatçı Speranski ilə yaxşı münasibətləri olan dayısı Vasili Lvoviç Puşkin düzəltmişdi.

Bəli, bir çox dahilər kimi, Puşkin dərslərini də yaxşı oxumayıb. O, nizam-intizamı və dərs oxumağı sevmirdi.

Gənc Puşkin nizam-intizamı və dərs oxumağı ilə seçilmirdi. Puşkinin senator (və şair ) Derjavinin qarşısındakı çıxışından çoxlarının xəbəri var. Rus, latın və fransız dilllərindən, riyaziyyat və fizikadan imtahan zamanı şagirdlər bu fənlər üzrə biliklərini nümayiş etdirməliydilər. Puşkin “Tsarskoe seloda xatirələr” adlı şeirini oxudu. Şeir 1812-ci ilin hadisələrindən, yəni Napoleonla müharibədən bəhs edirdi və əsərdə Derjavinin də adı çəkilirdi. Puşkinin çıxışı Derjavinin çox xoşuna gəldi, o hətta Aleksandrı qucaqlamaq istədi. Ancaq gənc şair şeirini oxuyandan sonra utanaraq qaçıb getmişdi.


Ancaq rus poeziyasına elə də yaraşmayan faktı çox az adam yada salır - Aleksandr Sergeyeviç lisey imtahanlarının nəticələrinə görə axırdan ikinci idi. Bu səbəbdən sonradan Puşkin öz üzərində ciddi işləməli, təhsili ilə müstəqil məşğul olmalı olmuşdu.

Aleksay Sergeyeviç azartlı və temperamentli bir insan idi, o təkcə qadınları deyil, qumar oyunlarını da çox sevirdi. Puşkin əksər hallarda kart oynayırdı, üstəlik pulla və adətən uduzurdu. Elə olurdu ki, oyun zamanı şairin pulu qurtarırdı və buna görə də həyəcan içində veksel imzalamalı olurdu. Maddi problemlərini həll etmək üçün əsərləri də daxil, əmlakını girov qoyurdu. Yəni poema hələ mövcud deyil, ancaq Aleksandr Sergeyeviç onun pulunu artıq uduzub. Kart oyunlarından birində Puşkin son qəpiyinə kimi uduzaraq, "Yevgeni Onegin" mənzum romanının hələ nəşr olunmamış fəsillərindən biriylə riskə getdi, ancaq yaxşı ki, şairin bəxti gətirdi və o öz əsərinin möhtəşəm (ikinci) fəslini uduzmadı.


Uduzduqlarını geri qaytarmaq və növbəti qumar borcunu bağlamaq üçün vaxtında borc almaq Aleksandr Sergeyeviçdə həmişə alınmırdı. Borcunu bütövlükdə olmasa da, qismən qaytaracağına söz verdiyi kreditorlar onu təqib etməyə başlayırdılar. Bəzən Puşkin kreditorlarla onları çox gözlətməmək şərtiylə borcunun hamısını ödəyəcəyi haqda razılığa gəlirdi. Əlbəttə, Puşkində inadkar və zəhlətökən kreditorla razılaşmaq həmişə alınmırdı və bu halda Aleksandr Sergeyeviç acgöz kreditorlar haqqında tənqidi epiqramlar yazır, karikaturalar çəkirdi. Doğrudur, onları qəzet və jurnallarda dərc etmir, ancaq öz qaralamalarında saxlayırdı. Bu qaralamaların bəziləri dövrümüzə qədər gəlib çatıb və bizə Puşkinin borc alıb qaytara bilmədiyi adamlardan zəhləsi getdiyi haqda səhih bilgilər verirlər.


Puşkin bəstəboy idi, elə bu səbəbdən də xalq arasında, ballarda və qəbullarda pərəstişkarlıq etdiyi növbəti xanımla çox da yanaşı dayanmamağa çalışırdı. Əlbəttə, əgər qadının boyu ondan hündür idisə. Yeri gəlmişkən, Puşkinin həyat yoldaşı gözəl xanım Natalya Qonçarova şairdən düz 10 santimetr hündür idi. Elə bu səbəbdən də kübar dairələrdə Aleksandr Sergeyeviç xanımından aralı gəzməyə çalışırdı ki, arvadın ərdən ucaboy olduğu gözə batmasın.

Aleksandr Sergeyeviç qalmaqalları sevir, bəyənmədiyi insanları məmnuniyyətlə təhqir edirdi. Buna görə də, dəfələrlə duelə çıxmışdı. Duelin təşəbbüskarı da bir çox hallarda Puşkin özü olurdu. Ancaq 30-a yaxın duelə çıxan Aleksandr heç kəsi öldürməmişdi. Təyin olunan 25 duel sonradan ləğv edilmişdi. Üç dueldə isə heç kəs hədəfi vura bilməmişdi. Bildiyimiz kimi, bu duellərdən yalnız sonuncusu onun ölümü ilə nəticələndi. Dantesin vurduğu yara ciddi olmasa da, Puşkinin durumu ağırlaşmış və iki gündən sonra ölmüşdü.


Puşkindən altı yaş kiçik qardaşı Lev Sergeyeviç Puşkin 1827-1829-cu illər Rusiya-İran müharibəsində iştirak etmiş zabit idi. Qardaşlar arasında bu müharibə haqda çoxlu söhbətlər və yazışmalar olub. Lev Sergeyeviç qardaşının bütün şeirlərini əzbərdən bilir, özü də şeir yazırdı. O, bir müddət Aleksandr Sergeyeviçin ədəbi katibi olub. Şair yaxşı yaşamağı sevən, amma buna imkanı olmayan Levin borclarını dəfələrlə ödəmək zorunda qalıb. O buna görə həm qardaşını, həm də digər qohumlarını qınayırdı.

Puşkin karyerist deyildi. Əks təqdirdə onun qeyri-ciddi şeirləri, eyni zamanda epiqramları (həcvləri) kübar cəmiyyətdə oxunmaz və tanınmazdı. Onların arasında həm I Aleksandrın özünə, həm hakimiyyətə yaxın əyanlara, həm də mühüm idarələrə həsr olunmuş sətirlər vardı. Arvadını qısqandığı imperator I Nikolay ilə də (sərt cismani cəza tərəfdarı olduğuna görə “Palkin” adlandırılan) Puşkinin münasibətləri yaxşı deyildi. Bunun bir səbəbi də çarın onun şəxsi senzoru olacağını deməsiydi. Şairin ölümündən sonra I Nikolay Puşkinin bütün borclarını ödəmək və şairin övladlarına maddi yardım etməklə bağlı əmr verdi.

Maqsud Quliyev
Azvision.az



Teqlər: Puşkin  





Xəbər lenti