ABŞ-da ilginc hadisə: Pilot uçan adam gördü

ABŞ-da ilginc hadisə:   Pilot uçan adam gördü
  31 İyul 2021    Oxunub:2807
ABŞ-da maraqlı hadisə yaşanıb. Belə ki, naməlum şəxs Los-Anceles Beynəlxalq Hava Limanı yaxınlığında 1500 metr yüksəklikdə xüsusi reaktiv qurğu- "jetpack" ilə görüntülənib.
Azvision.az xəbər verir ki, bu barədə "Los Angeles Times" məlumat yayıb. Artıq xüsusi xidmət orqanlarının əməkdaşları təkbaşına təyyarə ilə eyni səviyyədə havaya qalxmış həmin vətəndaşla bağlı araşdırma başladıblar.

Nəşrin yazdığına görə, "Boeing 747" təyyarəsinin pilotu onunla bərabər yaxınlıqda bir nəfərin xüsusi qurğu ilə uçduğunu iddia edib. Bu hadisəni hava nəqliyyatı nəzarətçilərinin danışıqlarını təmin edən "LiveATC" veb saytındakı məlumatlar da sübut edib.



Məsələyə reaksiya verən Federal Aviasiya Administrasiyasının (FAA) sözçüsü "jetpack"a bənzər bir obyektin pilot tərəfindən hava limanından təxminən 24 kilometr şərqdə, 1500 metr yüksəklikdə görüldüyünü bildirib. Hava nəqliyyatı nəzarətçiləri dərhal yaxınlıqdakı digər pilotlara xəbərdarlıq göndəriblər.
FTB sözçüsü Laura Eymiller isə "jetpack" qalmaqalı ilə bağlı məlumatları araşdırmaq üçün FAA ilə birlikdə çalışacaqlarını bəyan edib.



Xatırladaq ki, bu Los -Ancelesdə "jetpack"la uçan adamlara aid ilk hadisə deyil.
Qeyd edək ki, hava limanları ərazisində və ümumiyyətlə təyyarələrin uçuş zonalarında yad uçaqların, obyektlərin hərəkəti qadağandır. "Jetpack"lar isə daha çox nəqliyyat vasitəsi kimi deyil, əyləncə məqsədilə istifadə edilir. Yerli media bu cür arzuolunmaz hadisələrin gələcəkdə istənilən terror hərəkətlərinə də yol aça biləcəyini yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Pilot   ABŞ  





Xəbər lenti