Ət 5 manata, yumurta 6 qəpiyə - bayram yarmarkasından REPORTAJ | FOTOLAR

  17 Mart 2014    Oxunub : 4012
Ət 5 manata, yumurta 6 qəpiyə - bayram yarmarkasından REPORTAJ | FOTOLAR
Bakının bir neçə bazarında Novruz bayramı ilə bağlı təşkil olunmuş yarmarkalar artıq öz işinə başlayıb. Yarmarkalarda satılan məhsulların üstünlüyü ondadır ki, onların qiyməti başqa vaxtlarla müqayisədə alıcılara 15-20% ucuz təqdim olunur.
Yarmarkada satılan məhsullar, onların qiyməti və alıcıların bayram yarmarkası ilə bağlı fikirlərini öyrənmək üçün “Təzə Bazar”dakı təşkil olunan yarmarkaya baş çəkdik.

Öz soğanını alma kimi tərifləyən satıcı

Başladıq kartof və soğan kimi çox satılan məhsullardan. Bizi alıcı bilib, öz soğanını alma kimi tərifləməyə başlayan satıcı deyir ki, burdakı qiymətlərlə bazar qiyməti arasında fərq çoxdur: “Kartofu 70 qəpiyə, soğanı 60 qəpiyə satırıq. Amma, alıcılar azdır”.



Meyvə satıcı Atakişiyeva Dursun isə alıcıların azlığından şikayətçi görünmürdü: “Yarmarkadakı qiymətlər xeyli aşağıdır, ucuzluqdur, ucuz satırıq. Narı 1 manat 50 qəpiyə satırıq, almanı 1 manata, armudu 2 manat 50 qəpiyə. Alıcılar da qiyməti münasib bilib gəlirlər”.



Çərəz satıcısı Alışov Eyvazın sözləri ilə desək, burdakı qiymətlər bazar qiymətləri ilə müqayisədə 20 faiz aşağıdır: “Ən gözəl qiymətlərlə keyfiyyətli mallar satırıq. Ağ kişmiş 3 manata, qara kişmiş 4 manata, alça turşusu 4 manata, ərik qurusu şabalıd 6 manata, fındıq 3 manata, qoz 4 manata, qozun ləpəsi isə 9 manatadır. İydəni 2 manata, innabı 2 manata, gavalını 3 manata satırıq”.



Alıcı Musayeva Naibə deyir ki, yarmarkadakı qiymətlər çox əladır: “Burda keyfiyyət mənim çox xoşuma gəlir. Yəni keyfiyət gözəl olduğuna görə alıram. Məsələn, götürək bu armud qurusunu, başqa yerdə onlar hisə verilmiş olur, və bu da zəhərlənmə verir. Amma burada çox gözəldir. Bilirsən ki, o rayonda qurudulub. Buna görə bayram bazarlığını buradan edirəm”.

Alıcı Sahibə xanım deyir ki, marketlərdə satılan qiymətlərlə yarmarkadakı məhsullar arasında bir az fərq var: “Dünən iydəni bazardan 6 manata almışdım, amma burda 3 manat 70 qəpiyə satılır. Düzdür, o iydənin keyfiyyəti bundan bir az yaxşıydı, amma bu iydə də pis deyil”.

“Aparın, ay balalar”
Göyərti satan nənə deyir ki, göyərtinin birini 10 qəpiyə satır. Limonu isə onunu 1 manata satır: “ Bayramdır da, ucuz verirəm ki, camaat alsın. Gəlin alın aparın da ay balalar, niyə almırsınız?”.



10 manatlıq səmənini 5 manata satırıq
Səməni satıcısı deyir ki, baha olmasına baxmayaraq, böyük səmənilər də satılır.
“Kiçik səməniləri 70 qəpik, böyük səmənilər 10 manata satırıq. Adətən Novruz şənliyi keçirənlər böyük səməniləri alırlar. Biz də baxırıq da vəziyyətə, elə olur ki, 10 manatlıq səmənini 5 manata da satırıq ki, təki alıcılar alıb aparsın”.



Qızıl uduşlu düyülər

Yarmarkada müxtəlif firmaların stendləri var ki, onlar marketlərdə satılan məhsulların firma qiymətinə satışını təşkil edir. Məsələn “Veysəloğlu”, “Ulduz”, “Seçmə” və s. kimi firmalar yarmarkada iştirak edir, müxtəlif konfetlər, şirniyyatlar, çay, yağ, qənnadı məlumatları endirimlə satılır. Mohabbat firmasından olan düyülər isə alıcılaırın diqqətini cəlb etmək üçün “qızıl uduşlu düyü” adı altında satılır.



Yumurtanın qiyməti 6-7 qəpik

Yarmarkada diqqətimizi cəlb edən maraqlı bir məqam isə yumurta alıcılarının sayının çox olması idi. Səbəbi isə yumurtanın qiyməti ilə maraqlandıqda bizə bəlli oldu.



Mirvari Nəcəf
Elnur Muxtar






Foto


Teqlər: