Prezident arıçılarla necə zarafat edib - Eksklüziv

 Prezident arıçılarla necə zarafat edib -  Eksklüziv
  17 Avqust 2021    Oxunub:9445
"Prezident İlham Əliyevlə görüşümüz təsadüfən oldu. Əvvəlcədən nəzərdə tutulmamışdı və biz heç bir hazırlıq görməmişdik. Laçından qayıdanda ölkə başçısı maşını saxladı və bizim yanımıza gəldi. Həmin vaxt ocağın üstündə yemək bişirirdik. Prezidentin gəldiyini görəndə birtəhər yeməyi kənara çəkib, onu qarşılamaq üçün ayağa qalxdıq”.
Bunu Azvision.az -a açıqlamasında Kəlbəcərdə ölkə başçısına bal hədiyyə edən arıçı Sabir Mustafayev deyib. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşün unudulmaz olduğunu deyən arıçı həmin günü xoş-əhval-ruhiyyə ilə başa vurduqlarını qeyd edib:

“Cənab Prezident bizə yaxınlaşdı, danışdı, Mehriban xanım da bizi çəkirdi. Çox sadə insanlardır. Ölkə başçımızın belə sadə insan olduğunu bilmirdik. Ona qoruyucu papaq təklif etdik, qəbul etmədi ki, “arılar bilir, kim gəlib”. Papaqsız arıxanaya girdi, baxdı, söhbət etdik. Bu görüş bizim üçün çox xoş oldu”.

Sabir Mustafayev Kəlbəcərə ilk gələn 5 arıçıdan biridir. 2 aydan çox burada çadrlarda qalan arıçı ilk süzümü etdiklərini və Dəlidaxın ətəyində 2 min metr hündürlükdə ikinci süzümü edəcəklərini deyib:

“İkinci süzümə bir qədər vaxt var idi, şanlar tam dolmamışdı. Hazırlıqlı olsaydıq, ölkə başçısına dolu şan verərdik. Digər yeşiklərə də baxdım, təəssüf ki, dolu şan tapa bilmədim.



Ölkə başçısı ilə arıçılıq, onun inkişafı, subsidiyaların verilməsi, Kəlbəcər balının xaricə ixracı barədə söhbət etdik. Bu torpaqlarda arılar üçün yem bazası kifayət qədərdir. Ermənistan Kəlbəcər balını xaricə ixrac edirdi. Orada da Prezidentə dedim ki, Sizin, Ordumuzun, şəhid və qazilərimizin hesabına Ermənistanın ixracı da gorbagor oldu”.

S.Mustafayev Prezidentə təqdim etdikləri balın yüksək dağ-çəmən balı olduğunu vurğulayıb:
“Kəlbəcərdə dərman bitkiləri - qantəpər, kəklikotu, şalfey çoxdur. Bura yaylaqdır, burada istehsal olunan bal da yüksək keyfiyyətlidir. Ümid edirəm ki, ölkə başçısının da xoşuna gələcək”.

Əslən Kəlbəcərin Ağcakəndindən olan S.Mustafayev arılarının bəzilərinin 29 il əvvəl buradan aparıb. İndi həmin arıları yenidən doğma torpağa qaytarıb:

“Kəlbəcərdə babam, atam arıçı olublar, onların sənətini mən davam etdirmişəm. 1980-ci ildən arıçılıqla məşğulam. Buradan çıxanda arılarımızı da özümüz aparmışdıq. İsmayıllıda Girdimançay vadisində təsərrüfatmızı qurmuşduq. İndi təsərrüfatımızın bir hissəsini Daşkəsənə göndərmişik, bir hissəsini bura gətirdik. Gələn il bütün təssərrüfatı Kəlbəcərə köçürmək niyyətindəyik.

Kəlbəcərə getmək riskli idi, mina təhlükəsi var idi, yol infrastrukturu yox idi. Buna baxmayaraq Birinci vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fonduna müraciət ünvanladım, görüşdə oldum, mənim müraciətimə həssas yanaşdılar. Daha sonra Kənd Təsərrüfatı Nazirliyinə müraciət etdim, onların xətti ilə doğma yurdumuza gəldim”.

29 ildən sonra doğma torpaqda olmağın gözəl hiss olduğunu deyən arıcı Sabir evlərində Prezidenti qarşılamağın əvəzolunmaz hiss olduğunu vurğulayıb.



Aytən Zəhra
Azvision.az


Teqlər: Kəlbəcər   Arı  





Xəbər lenti