"Xoşbəxtəm ki, Heydər Əliyevin görüşlərinin hamısında iştirak etmişəm" - Aslan Aslanov

  18 Avqust 2021    Oxunub :578
   "Xoşbəxtəm ki, Heydər Əliyevin görüşlərinin hamısında iştirak etmişəm" -    Aslan Aslanov
“1993-cü il iyunun 10-da bizi AZƏRTAC-ın rəhbərinin yanında iclasa dəvət etdilər. O vaxt mən işə təzəcə qəbul edilmiş müxbir idim. Qızğın müzakirə gedirdi: məlum olmuşdu ki, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olan Heydər Əliyev Bakıya gəlib və sabah Elmlər Akademiyasının Rəyasət Heyətində görüş keçirəcək. Qərara alındı ki, həmin görüşə fotomüxbir Oqtay Məmmədov və mən gedəcəyik. İyunun 11-də Heydər Əliyev məşhur İsmailiyyə binasının qarşısında maşından çıxdı. Həmin günlərdə yəqin ki, Azərbaycanın taleyi həll olunurdu. Heydər Əliyev ABŞ-ın və Böyük Britaniyanın ölkəmizdəki səfirləri ilə, sonra Akademiyanın Rəyasət Heyətinin üzvləri ilə görüşlər keçirdi".
Azvision.az xəbər verir ki, bu fikirləri Azərbaycanın tanınmış jurnalisti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanov ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilən ilk tədbir barədə informasiyanı hazırladığı xatirələrindən danışarkən deyib.

Daha sonra fikirlərini davam etdirən A.Aslanov bildirib ki, bu görüşlər xeyli davam etdi: "Sonra ümummilli lider Türkiyənin Azərbaycandakı səfiri Altan Karamanoğlu ilə görüşmək üçün Türkiyə səfirliyinə yollandı. Heydər Əliyev səfirliyə gələndən sonra foyedə biz jurnalistlərlə qısa söhbət etdi. O, gözlənilmədən məndən soruşdu: “Sən hansı təşkilatdansan? Görürəm səhərdən bizimləsən”. AZƏRTAC-ın əməkdaşı olduğumu biləndə dedi: “Baxa bilərəmmi nə yazmısan?”. Mən həyəcanlı halda öz bloknotumu ona verdim. Birinci informasiyanın sərlövhəsi belə idi: “Görkəmli dövlət xadimi Heydər Əliyev Amerika və Böyük Britaniya səfirləri ilə görüşüb”. Heydər Əliyev bu başlığı oxuyub təbəssümlə soruşdu: “Elə bilirsən sənin rəhbərlərin bu xəbəri buraxacaqlar?”. Bu anda səfir foyeyə çıxdı və Heydər Əliyevi öz kabinetinə dəvət etdi”.

Onun sözlərinə görə, o gündən 2003-cü ilədək Heydər Əliyevin respublikada keçirdiyi görüş, qəbul və iclasların əksəriyyətini işıqlandırmağı, həmçinin xarici səfərləri zamanı agentliyin müxbiri kimi ulu öndəri müşayiət etməyi ona tapşırırdılar: “Xoşbəxtəm ki, Heydər Əliyevin dünyanın görkəmli dövlət xadimləri ilə bəzən iki-üç saat davam edən görüşlərinin demək olar ki, hamısında iştirak etmişəm. Bunu unutmaq olmaz. Həmin on il ərzində mən demək olar ki, çox böyük nüfuzlu bir universitet – Heydər Əliyev universitetini bitirdim”.

Heydər Əliyevin AZƏRTAC qarşısında qoyduğu ən əsas hədəflərdən biri də Azərbaycan reallıqları barədə məlumatların dünyaya çatdırılması, ölkənin qlobal informasiya məkanına çıxışının təmin edilməsi olub. Aslan Aslanov ümummilli liderlə bu barədə etdiyi söhbətlərdən birini belə xatırlayır: “Bir dəfə Heydər Əliyev mənə dedi ki, AZƏRTAC beynəlxalq informasiya platformalarına çıxmalı, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA-nın) üzvü olmalıdır. O dövrdə Azərbaycanda media sahəsində belə bir beynəlxalq təşkilatın mövcudluğundan xəbərdar olanlar az idi, Heydər Əliyev isə nəinki bunu bilir, həm də bu təşkilatda üzvlüyün zəruriliyini və vacibliyini müdrikcəsinə görürdü. 2004-ci ildə biz OANA-ya daxil olduq, 12 ildən sonra isə bu təşkilata rəhbərlik etdik”.

Qeyd edək ki, bu gün Azərbaycanın tanınmış jurnalisti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Aslan Aslanovun doğum günüdür. A.Aslanovun 70 yaşı tamam olur.

Aslan Əhməd oğlu Aslanov 1951-ci il avqustun 18-də Cəbrayıl rayonunda anadan olub.

O, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini bitirib. Ali təhsilini başa vurduqdan sonra respublikanın müxtəlif qəzetlərində, o cümlədən “Kommunist” qəzetində işləyib.

A.Aslanov 1992-ci ildə Azərbaycan Dövlət İnformasiya Agentliyində müxbir kimi işə başlayıb. O, ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilən tədbirlərin, xarici səfərlərin tam əksəriyyətinin işıqlandırılmasında AZƏRTAC-ın xüsusi müxbiri kimi fəaliyyət göstərib.

Aslan Aslanov AZƏRTAC-da baş redaktorun müavini və baş redaktor vəzifələrində çalışıb. 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Sərəncamı ilə agentliyin baş direktorunun birinci müavini təyin edilib.

O, 45 ildən artıq çalışdığı Azərbaycan jurnalistikasının inkişafına verdiyi töhfələrə görə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb, "Tərəqqi" medalı, "Vətənə xidmətə görə" ordeni, "Şöhrət" ordeni, "TÜRKSOY-un 20 illiyi" yubiley medalı, Həsən bəy Zərdabi, "Qızıl qələm", "Ali Media", "MDB-nin yubiley gümüş medalı", "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı, Rusiya Prezidentinin Fərmanı ilə “Dostluq” ordeni, Xarici İşlər Nazirliyinin, Ədliyyə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin, Dövlət Sərhəd Xidmətinin və Bakı Dövlət Universitetinin 100 illik yubiley medalları ilə təltif edilib.

2002-ci ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Fərmanı ilə Aslan Aslanov AzərTAc-ın baş direktoru təyin edilib.

Aslan Aslanov 2007-ci il dekabrın 12-dən Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) büro üzvüdür. 2008-ci ildən Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik edir. 2011-ci il iyunundan 2013-cü ilin martınadək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan 14 ölkənin informasiya agentlikləri alyansının – BSANNA-nın prezidenti olub. O, 2013-cü ilin sentyabrında OANA-nın vitse-prezidenti seçilib. 2013-cü ilin noyabrında Dünya Xəbər Agentlikləri Konqresi Şurasının üzvlüyünə qəbul edilib. 2016-2019-cu illərdə Aslan Aslanov dünyanın hər yerindən 150-yə yaxın xəbər agentliyini birləşdirən Dünya Xəbər Agentlikləri Konqresi və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) prezidenti olub. 2008-ci ildən AZƏRTAC-ın üzv olduğu Avropa Xəbər Agentlikləri Alyansında agentliyi təmsil edir.

AZƏRTAC-ın dünya informasiya məkanına çıxışı ilə bağlı atılan addımlar sırasında ən yaddaqalanı 2016-cı ildə baş verib. Prezident İlham Əliyevin himayəsi, birinci xanım Mehriban Əliyevanın dəstəyi, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakı eyni vaxtda iki mötəbər beynəlxalq təşkilatın əsas forumlarına - Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına yüksək səviyyədə ev sahibliyi etdi, AZƏRTAC hər iki qurumun rəhbəri seçildi. Bununla da Azərbaycanın və AZƏRTAC-ın adı dünya mətbuat tarixinə həmişəlik yazıldı.

Aslan Aslanov hazırda OANA-nın vitse-prezidenti, həmçinin Reuters, Associated Press, France Press (Fransa), Press Association (Böyük Britaniya), TASS (Rusiya), Yonhap (Koreya Respublikası), SPA (Səudiyyə Ərəbistanı), EFE (İspaniya) agentliklərinin – ümumilikdə 13 agentliyin daxil olduğu Dünya Xəbər Agentlikləri Şurasının üzvü və 2017-ci ildən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin İnformasiya Agentlikləri Birliyinin (UNA) İcraiyyə Şurasının üzvüdür.

Bundan əlavə, Aslan Aslanov Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının, "Dünya Reytinqi" üzrə Beynəlxalq Ekspert Şurasının və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının üzvü kimi fəaliyyət göstərir.

AZƏRTAC publik hüquqi şəxs statusu aldıqdan sonra 2018-ci il martın 15-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.

Aslan Aslanov ictimai-siyasi mövzularda Azərbaycanda və xarici ölkələrin mətbuatında dərc edilən yüzdən artıq məqalənin, həmçinin media və informasiya ilə bağlı monoqrafiyaların müəllifidir. Onun "Heydər Əliyev və AzərTAc", "AzərTAc-dan AzərTAc-a mürəkkəb və şərəfli yol", "AzərTAc-90", "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri: təşəkkül tarixi və inkişaf mərhələləri", “Dövlət siyasətinin informasiya təminatı” kitabları dərc edilib. “İnformasiya yaradıcılığı: Standartlar və yeni yanaşmalar” nəşri Azərbaycanın ali təhsil müəssisələri üçün dərslik kimi təsdiq olunub. Bu kitab eyni zamanda Ankarada də dərc olunaraq yeni nəsil jurnalistlər üçün tövsiyə edilib.

Azvision.az

Teqlər: Aslan-Aslanov  






Xəbər lenti