Merkel kansler kimi Putinlə son dəfə görüşəcək

   Merkel kansler kimi Putinlə son dəfə görüşəcək
  20 Avqust 2021    Oxunub:1079
Angela Merkel Putinlə danışıqlar aparmaq üçün Almaniya kansleri olaraq sonuncu dəfə Rusiyaya səfər edəcək.

Azvision.az TASS-a istinadən xəbər verir ki, Angela Merkel Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Almaniya kansleri rütbəsində sonuncu dəfə Moskvaya səfər edəcək
.
Kremlin mətbuat xidmətinin bildirdiyinə görə, bu, COVID-19 pandemiyasının başlanmasından bu yana liderlərin ilk görüşü olacaq. Alman nəşri “Süddeutsche Zeitung”un hesablamasına görə, Merkel Almaniya hökumətinin başçısı olaraq Rusiyaya 20-ci dəfə səfər edəcək.
Almaniya hökumətinin sözçüsü Steffen Seibert Putinlə Merkel arasındakı danışıqların mövzularına dair açıqlamasında liderlərin Əfqanıstan, Ukrayna və Belarusiyadakı vəziyyəti müzakirə edə biləcəklərini söyləyib.

Nazirlər Kabinetinin bəyanatında deyilir ki, səfər zamanı Merkel mətbuat konfransı keçirəcək və naməlum əsgərin məzarı önünə əklil qoyacaq.

Kreml bildirib ki, Rusiya prezidenti Vladimir Putin Almaniya kansleri ilə qarşıdakı görüşdə Moskva ilə Berlin arasındakı əlaqələrin inkişafını müzakirə etmək niyyətindədir.

Müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyətini və inkişaf perspektivlərini, həmçinin bir sıra aktual beynəlxalq və regional problemləri müzakirə etmək planlaşdırılır.

Federasiya Şurasının beynəlxalq komitəsi başçısının müavini Vladimir Cabbarovun sözlərinə görə, liderlər "Şimal axını-2" layihəsinin tamamlanmasını da müzakirə edəcəklər.

Lakin politoloq Sergey Mixeev Merkelin Moskvaya səfərini simvolik adlandırıb və kansler tezliklə istefa verəcəyi üçün ona böyük ümidlər bəsləməyin doğru olmadığını bildirib.

Ancaq hələ də ağır çəkili siyasi fiqur olduğundan, yəqin ki, Almaniyadakı gələcək kabinetin konfiqurasiyaları, qarşılıqlı əlaqələr haqqında danışacaqlar.


Ekspert eyni zamanda siyasətçilərin "Şimal axını 2" qaz kəmərini də müzakirə edəcəklərini və Donbasdakı münaqişənin həlli məsələsinə toxunacağını da proqnozlaşdırıb.

Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin üzvü Sergey Jeleznyak hesab edir ki, Angela Merkelin Moskva və Kiyevə qarşıdakı səfərlərinin məqsədi Rusiya qazını tranzit edən ölkə olaraq Ukraynaya kompromis variant tapmaqda kömək etməkdir. O hesab edir ki, Almaniya kansleri "Avropa siyasətçilərinin maraqlarına uyğun olaraq" bir növ maraqları uzlaşdıran siyasətçi rolunda görünməyə çalışacaq.

Nadir Quliyev
Azvision.az




Teqlər: Merkel   Putin  





Xəbər lenti