ABŞ-ın Əfqanıstan səhvini Rusiya Ermənistanda təkrarlayır – Ədalət Verdiyevin yazısı

  21 Avqust 2021    Oxunub :7133
   ABŞ-ın Əfqanıstan səhvini Rusiya Ermənistanda təkrarlayır –    Ədalət Verdiyevin yazısı
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın avqustun 19-da keçirdiyi brifinqdə ölkəsinin Azərbaycan ilə Ermənistan arasında başa çatan münaqişəni nizamlanmaq əvəzinə, İrəvana silah tədarük etməsinə aid sualı “Bu, Rusiyanın suveren hüququdur” şəklində cavablandırması indiki halda əsla normal sayıla bilməz.
Həmin cavab başqa vaxtda başqa region üçün keçərli ola bilərdi, amma rəhmətlik ATƏT MQ-nin həmsədri olan, Qarabağda sülhün təminatçısı qismində Birgə Bəyanatı imzalayan Rusiyanın rəsmi səviyyədə bu qədər məsuliyyətsiz bəyanat verməsi onun üzərinə götürdüyü missiyanı şübhə altına alır. Bu ən azından sülhməramlı fəaliyyətin neytrallıq və bitərəflik prinsiplərinə ziddir. Xanım Zaxarovanın “balans” barədə səsləndirdiyi fikirlər bitmiş münaqişənin təzədən alovlandırılması məqsədilə atılan addım kimi görünür. Kənar qüvvələrin silahlandırdığı ölkələrin əldə etdiyi “nailiyyətlər” barədə fikirlərimi Mariya Zaxarovaya daha dolğun şəkildə çatdırmaq üçün Əfqanıstan və Ermənistan arasında bəzi paralellər aparmaq qərarına gəlmişəm.

30 il ərzində ərzində Rusiyanın silahlandırdığı Ermənistan bu gün xoşbəxt deyil. Hazırda xoşbəxt olmayan ikinci ölkə isə Əfqanıstandır. Son 1 ildə dünyada iki ordu əzilmiş və alçaldılmış vəziyyətə düşüb: Biri Ermənistan, digəri Əfqanıstan ordusudur. Hər iki ölkədə humanitar fəlakət yaşanır. Hər ikisinin vətəndaşı xoşbəxtliyi demirəm, sadəcə yaşamaq şansını onu bu vəziyyətə salan qlobal güclərin qucağında axtarır, çünki insan ölməyə deyil, yaşamağa alışıb. İndi ermənisi də, əfqanı da yaşamaq istəyir. 2 yaşlı körpəsini onu bu vəziyyətə salanlara etibar etmək bahasına olsa belə.

Əfqanıstan spesifik xüsusiyyətlərə və şəriət qanunlarına meyilli ölkə vəziyyətinə 70-ci illərdə şahın devrilməsindən sonra gətirildi. Əslində Əfqanıstan və Ermənistan o dövrdə SSRİ orbitində normal inkişaf dövrünü keçirdi. Hər ikisi SSRİ-nin dağılması ilə fərqli istiqmətlərə yönəldilər. Ermənistan qonşularına qənim kəsildi, hər kəsdən ərazi tələb etdi, topladığı silahları tətbiq edərək, havadarlarının köməyilə Qarabağı və ətraf Azərbaycan ərazilərini işğal etdi. Əfqanıstan isə bu məsələdə qonşularına qarşı daha ləyaqətli davrandı. Xarici düşmənin olmadığı dövrdə ölkə daxilindəki etnik qruplar bir-biri ilə hakimiyyət uğrunda mübarizə aparırdılar. Daha əvvəl Böyük Britaniya, ardınca ABŞ, sonda isə SSRİ Əfqanıstanı tərk etdi və bu, “İmperiyalar məzarlığı” ifadəsinin yaranması ilə nəticələndi. 2001-ci ildə təkrar Əfqanıstana daxil olan ABŞ trilyonlarla dolları “Əfqanıstan dövlətinin və təhlükəsizlik sisteminin yaradılması” adı altında havaya sovurandan sonra başa düşdü ki, “İmperiyalar məzarlığı”nı tərk etməlidir. Hazırlığına milyardlarla dollar xərclənən Əfqanıstan ordusu isə 10 gün ərzində darmadağın oldu.

Eyni hadisə Ermənistanın da başına gəldi.
Son yüz ildə özlərini “Böyük Ermənistan”, ardınca isə “məğlubedilməz erməni ordusu” miflərinə inandırdılar. İşğal etdikləri ərazilərdə təhlükəli maksimalizm ideyalarına yol verdilər, Qarabağla kifayətlənməyib, Kürə qədərki ərazilərimizi hədəf olaraq hərbi doktrinalarına daxil etdilər, erməni rəhbərlər arasında Xəzəri daxili dənizləri elan edənlər də oldu, insaflıları 7 rayonumuzu bufer zona olaraq gördülər və işğal etdikləri torpaqlarımızı viran qoydular, tarixi şəhərlərimizi özlərinə paytaxt seçdilər. Bütün bu proseslər məhz Rusiyanın fasiləsiz silah tədarükü və susqunluğu fonunda baş verirdi. Mariya Zaxarovanın sələfləri isə o zaman regional balansdan bəhs etmirdilər, əksinə Xocalı soyqırımında Rusiyanın 366-cı alayının iştirakına göz yumurdular.

1993, 1997, 2016 və 2020-ci illərdə Ermənistana rus silahının ötürülməsi özünün pik səviyyəsində olub. Sonunda isə səbr kasamızı daşırdılar və cəmi 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Əsgərimizin qəhrəmanlığı və xalqımızın birmənalı dəstəyilə həm Qarabağı azad etdik, həm “Böyük Ermənistan”mifini dağıtdıq, həm də “qəhrəman erməni ordusunu” yox vəziyyətinə gətirdik. Müharibənin ilk 4 günündə 1500, sonunda isə 10 mindən çox fərarisi olan erməni ordusu hazırda “Qafqazın fərari ordusu” statusunu inamla daşımaqdadır. Ermənistanın əliyalın əhaliyə qarşı döyüşən “sərkərdələri” isə vəziyyətin gərginləşməsinin ilk günlərində Xankəndi və Şuşanı tərk edərək, Ermənistana qaçdılar.


Eyni fərarilik hallarına Əfqanıstanda da rast gəlindi. Prezident Əşrəf Qani vəziyyət gərginləşən kimi ölkəni tərk edərək, Birləşmiş Ərəb Əmirliklərinə sığındı. Əfqanıstan ordusunun generalları və digər vəzifəli şəxsləri isə qonşu ölkələrə üz tutdular.

Ermənistan ilə Əfqanıstan arasında fərqli və oxşar cəhətlər çoxdur. Son bir ildə dünyada baş verən iki müharibə arasında apardığım paralellər işğalçı ölkə Ermənistanın silahlandırılmasının əslində mənasız fəaliyyət olduğunu nümayiş etdirir. Əfqanıstanda avtomat silahın dəyərinin bir toyuq qiymətinə qədər enməsinin səbəbkarı Kreml olub. Sonradan isə ABŞ Əfqanıstan ordusuna böyük miqdarda silahlar verib. Ermənistan rus silahlarını, Əfqanıstan isə ABŞ silahlarlarını döyüşdə tərk edərək, qaçıb. Qlobal güclərin fətvası ilə döyüşənlərin aqibəti çox oxşar və eyni dərəcədə acınacaqlıdır.

Orduların ordu olması üçün silah vacibdir, amma əsas element deyil. Nə Ermənistan ordusunun, nə də Əfqanıstan ordusunun silah problemi olub. Orduların sonuna qədər savaşması üçün ilk növbədə şəxsi heyətin mənəvi-psixoloji və döyüş hazırılığı olmalıdır. İnsanın vətən uğrunda canından keçməsi üçün döyüş ruhu yüksək olmalıdır. Rusiyanın silahlandırdığı ermənilər minlərlə silahı döyüşlərdə atıb qaçdılar. Onların bəzi nümunələri indi Bakıda muzey eksponatıdır.


Eyni fərarilik fəaliyyətlərini Əfqanıstanda da müşahidə etdik. Ən azı son iki müharibənin nəticəsi göstərdi ki, qlobal güclərin silahı və onların fətvasi ilə məcburən döyüşən “qəhrəman ordular” sonda “fərari ordusuna” çevilir.
Ermənistan ordusunda silah problemi olmayıb, ermənilər sadəcə, Azərbaycan Əsgəri ilə döyşməkdən qorxublar, ölmək istəməyiblər. Silahları atıb və qaçıblar. Ermənistan ordusu bu gün dünyanın son iki fərari ordusundan biridir. Rusiya istədiyi qədər işğalçını silahlandıra bilər, amma bu fəaliyyəti strateji tərəfdaşı olan Ermənistanın üzərindən “fərari ordu” damğasını təmizləməyəcək. Əslində bu damğa əvvəlki rus silah tədarüklərinin məntiqi nəcəsidir. Bu silahlarsız Ermənistan nə başından böyük fəaliyyətlərə yol verər, nə də “fərari” ordusuna malik olardı.

Ermənistanı son 30 ildə olduğu kimi, təkrar silahlandırmaq yolverilməzdir. Bu, həm də Rusiyanın sülhməramlı fəaliyyətini şübhə altına alır, çünki müharibənin başa çatmasından sonra iki tərəf arasında etimad mühitini yaratmalı olan Rusiya XİN-i Birgə Bəyanatın şərtlərinin icra edilməsi əvəzinə, məğlub tərəfin silahlandırılmasından bəhs etməli deyil; bu, münaqişənin sülh yolu ilə həllinə dair 30 il bəyanatlar səsləndirən Kremlin siyasətinə zidd olmaqla yanaşı, sülhəramlı kimi bitərəflik və neytrallıq prinsiplərinə də əsla uyğun gəlmir.

Əslində Rusiya 30 ilə yaxın fəaliyyəti sıfıra yaxın olan ATƏT MQ-nin həmsədrlərindən biri olduğu halda, Ermənistanın silahlandırılmasına heç vaxt fasilə verməyib. Keçən ilin Tovuz hadisələrindən sonra Ermənistana 1300-dən çox təyyarə reysi ilə silah daşınıb. Bu Ermənistanın Azərbaycan Əsgəri qarşısında davam gətirməsini təmin edə bildimi? Əksinə, bu təchizat Ermənistanın əsassız olaraq cəsarətlənməsinə və sonda darmadağın olunmasına şərait yaratdı. Əvvəlki silahlanma aksiyaları kimi, növbəti təchizat da yalnız erməni xalqının iztirablarına səbəb olacaq.

Əgər “sülhməramlı” olaraq məqsədləri Ermənistanın mövcudluğunu sual altında qoymaqdırsa, o zaman qoy, silahlandırmanı davam etsinlər. Bu təchizat regional balansa təsir etməyəcək. 30 il Rusiyanın forpostu olaraq işğal etdiyi əraziləri ay yarımda itirən Ermənistan Pribaltika, Gürcüstan, Ukrayna və Moldovadan sonra Kremldən qopacaq növbəti ölkədir. Siyasətin işi dost qazanmaqdan ibarətdir, Mariya Zaxarovanın bəyanatı isə Rusiyanın Azərbaycan kimi etibarlı tərəfdaşını itirməyə yönəlik atılan bir addımdır. Rusiya rəhbərliyinin Qərblə gərgin münasibətləri fonunda Azərbaycanı, o cümlədən, onun həssas tərəfdaşlarını itirmək istəyi real görünmür.

Ədalət Verdiyev, hərbi ekspert
Azvision.az

Teqlər: Ermənistan   Rusiya   Əfqanıstan  







Xəbər lenti