"Virusdan qurtulmağın yeganə yolu vaksinasiyadır"- Türk professor

"Virusdan qurtulmağın yeganə yolu vaksinasiyadır"-  Türk professor
  24 Avqust 2021    Oxunub:1050
Peyvənd təkcə sizləri deyil, sevdiklərinizi də qoruyur. Peyvənd olunmayanlar sürücülük vəsiqəsi olmadan maşın sürən insanlar kimidir. Onlar həm özlərinə, həm də ətrafdakı insanlara zərər vurur.
Azvision.az xəbər verir ki, bunu Ankara Universitetinin Yoluxucu Xəstəliklər şöbəsinin rəhbəri professor İsmayil Balık deyib. O bildirib ki, COVID-19 pandemiyasından qurtulmağın yeganə yolu vaksinasiyadır:

"Türkiyədə hazırda reanimasiyada yatan xəstələrinin demək olar ki, hamısı peyvənd olunmayan və ya birinci doza vaksini vurduranlardır. Bundan əlavə, hər iki doza vaksini yeni vurduran və 10 günü tamam olmayan şəxslərin də əksəriyyəti reanimasiyada yatır. Unutmayaq ki, tək doza vaksin insanı virusdan qorumur. Mütləq ikinci dozanı da vurdurmaq lazımdır".

Peyvənd olunan şəxslərin də virusa yoluxa biləcəyini deyən professor bildirib ki, vaksin insanı ağır xəstəlik və ölüm riskindən qoruyur:

"Peyvənd olunan şəxslərin virus yükü aşağı olduğu üçün onların digər şəxsləri yoluxdurmaq riskləri də aşağıdır. Yəni peyvənd həm özünü, həm də ətrafdakıları qoruyur. Peyvəndsiz insanlar xəstələnəndə daşıyıcı olduğu üçün onlar cəmiyyətdə yeni təhlükəli mutasiyaların yaranmasına səbəb olurlar. Təhlükəli mutasiyalar yoluxanların sürətlə artdığı dönəmdə meydana çıxır. Kütləvi immunitetin yaranması yeni mutasiyaların yaranmasını qarşısını almaq üçün də önəmlidir".

Professor İsmayıl Balık bildirib ki, peyvənd olunmayan və qapalı məkanda "Delta" ştammına yoluxan şəxslə birlikdə olan insanın virusa yoluxma faizi yüksəkdir. O bildirib ki, peyvənd olunmaqla yanaşı, qaydalara əməl etmək də lazımdır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Vaksinasiya   Koronavirus  





Xəbər lenti