Kərzay, Abdulla və Hikmətyar "Taliban"ın yaradacağı şurada olacaqlar

  25 Avqust 2021    Oxunub :449
Kərzay, Abdulla və Hikmətyar "Taliban"ın yaradacağı şurada olacaqlar
Əfqanıstanın Milli Barışıq Ali Şurasının rəhbəri Abdulla Abdulla, sabiq prezident Həmid Kərzay və İslam Partiyasının lideri Gülbəddin Hikmətyar “Taliban” hərəkatının ölkəni idarə etmək üçün formalaşdıracağı şuraya qoşulacaq.
Azvision.az xəbər verir ki, bu barədə “Ariana News” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Abdulla Abdulla, Kərzay və Hikmətyar Əfqanıstanı idarə edəcək şuranın üzvləri olacaqlar. Bu, üç siyasi fiqur “Taliban” silahlı birləşmələrinin paytaxta girməsindən dərhal sonra hökumətin dinc yolla ötürülməsi üçün Koordinasiya Şurası yaratdılar. Onlar Əfqanıstan cəmiyyətini geniş şəkildə təmsil edən hökumət qurmaq məqsədi ilə hərəkatın nümayəndələri ilə bir sıra görüşlər keçiriblər.

“Foreign Policy” jurnalı daha əvvəl "Taliban" liderlərinə yaxın mənbələrə istinadən xəbər verdi ki, hərəkat Əfqanıstanı idarə etmək üçün ölkənin əvvəlki hökumətinin bəzi üzvləri də daxil olmaqla 12 nəfərdən ibarət bir şura qurmaq niyyətindədir. Şurada ən nüfuzlu üç adam - "Taliban" siyasi qanadının lideri Əbdül Qani Baradar, hərəkatın qurucusu Molla Ömərin oğlu hərbi komissiyanın rəhbəri Moulavi Yakub, “Haqqani Şəbəkəsi” təxribatçı qrupunun rəhbəri, səhra komandiri Siracuddin Haqqani təmsil olunacaq. Nəşr bildirib ki, "Taliban" Əfqanıstanda prezident və ya hər hansı digər vahid lider postunu bərpa etmək istəmir.

Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  







Xəbər lenti