Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır – TƏHLİL

   Naxçıvan “iqtisadi möcüzə”sini necə yaradır –    TƏHLİL
  26 Avqust 2021    Oxunub:10715
Prezident İlham Əliyev bu il mayın 10-da Naxçıvana səfəri zamanı AzTv-yə müsahibəsində qeyd etdi ki, bölgə sürətlə inkişaf edir və burada bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir. "Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmendir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb",- dövlət başçısı bildirmişdi.
Muxtar respublika həqiqətən də müsbət dinamika göstərməkdə davam edir. 2021-ci ilin yanvar-iyul aylarında 1 milyard 603 milyon 721 min 600 manatlıq ÜDM istehsal olunub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çoxdur. ÜDM-in tərkibində sənaye ilk yeri tutur: Qeyd olunan müddət ərzində burada 660 milyon 407 min 100 manat dəyərində məhsul istehsal edilib. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox deməkdir.

Bütün bu uğurlu gedişatın səbəbini adı çəkilən bölgədə özəl sektorun inkişafında, sahibkarlıq fəaliyyətinin genişlənməsinə ciddi diqqət yetirilməsində, sənaye məhsulları istehsalında sahibkarlıq təşəbbüslərinin çoxalmasında, bu siyasətin getdikcə yeni istiqamətlərə yayılmasında axtarmaq lazımdır.

Təsadüfi deyil ki, Azərbaycanda qeyri-neft sektorunun genişlənməsi ən sürətli şəkildə məhz burada baş verir. Naxçıvanda həyata keçirilən iqtisadi siyasətin əsas qayəsini rəqabət qabiliyyətli, ixrac yönümlü məhsullar istehsal edən müəssisələrin təşəkkülü prosesinə dəstək vermək, sənayeləşməni sürətləndirmək təşkil edir. Bütün uğurların əsil səbəbi budur, müsbət dinamikanın kökündə dayanan amil də məhz bundan ibarətdir. Təkrar edirəm, söhbət yeni istehsal sahələri və müəssisələrin yaradılmasından gedir.

Xatırladım ki, Muxtar Respublikada təkcə 2021-ci ilin ilk rübü ərzində dövlət dəstəyi ilə müxtəlif iqtisadi fəaliyyət sahələrində 20 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradıldığı, 41 layihənin isə gerçəkləşdirilməsi üzərində işlərin davam etdirildiyi bildirilirdi. Ötən dövr ərzində bu proses uğurla davam edib, dövlət maliyyə dəstəyi və özəl investisiya qoyuluşu hesabına iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 72 sayda istehsal və xidmət sahəsi istifadəyə verilərək, 49 sahənin yaradılması üzrə isı işlər davam etdirilib.


Sual yaranır: Naxçıvanda buna necə nail olunur? Yəni, yeni istehsal sahələrinin yaranmasının fasiləsizliyini hansı amillər şərtləndirir? Necə olur ki, sözügedən bölgədə heç bir bazar və realizə problemləri yaşanmır? Cavab sadədir: muxtar respublikada sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması sayəsində hazırda 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarından ibarət 384 növ məhsul istehsal olunur ki, əhalinin 108-i ərzaq, 242-si isə qeyri-ərzaq olmaqla 350 növdə məhsula olan tələbatı bilavasitə yerli imkanlar hesabına ödənilir. Bu, o deməkdir ki, daxili bazar qorunur, idxal yerli istehsal üçün heç bir məhdudiyyət və maneə xarakteri daşımır, tələbat məhz daxili istehsalın artması və genişlənməsi üçün stimul rolunu oynayır. Qeyd olunan mənzərə çox uğurlu nəticə, iqtisadiyyatı genişləndirən, böyüdən cəhətdir.

Biznesə yeni başlayan kiçik və orta sahibkarlara geniş imkanlar yaradılır, bölgələrdə əhalinin məşğulluğunu təmin etmək üçün özəl investisiya qoyuluşu həyata keçirilir, həmçinin Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişafı Fondu tərəfindən də maliyyə dəstəyi göstərilir. İndiyə qədər bu xəttlə 1500-dən çox layihə maliyyələşdirilib. Cari ilin ötən dövrü ərzində yeni layihələrin reallaşdırılmasına 2 milyon 303 min 478 manat kredit ayrılıb ki, bu da sənaye, kənd təsərrüfatı, xidmət sahələri üzrə ümumilikdə 80 layihəni əhatə edib. Verilən kreditlər yeni sənaye müəssisələrinin yaradılmasında mühüm rol oynayıb.

Bununla belə, bu gün yerli hökumətin stolunun üstündə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” adlı mühüm bir sənəd var ki, bu sənəd özü də bazar iqtisadiyyatı mexanizmi əsasında sahibkarlıq fəaliyyətini genişləndirməyi, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə, qabaqcıl idarəetmə təcrübəsindən faydalanaraq, rəqabət qabiliyyətli məhsul istehsal edən müəssisələr yaratmağı nəzərdə tutur. Üstəlik, təsadüfi deyil, 2021-ci il Muxtar Respublikada “İxrac ili” elan olunub. Bu, çox mühüm strateji məqsəddir. Ümumiyyətlə, daxili bazarın tam təmini və ixracın genişləndirilməsi əlaqədar məsələlərdir. Və Naxçıvanda iqtisadiyyatın ixraca köklənməsi daxili bazarı qoruyan, onu maksimum dərəcədə yerli istehsal hesabına təmin etməyə yol açan əsas amillərdən sayılır.

Sözün qısası, yaxşı olardı ki təqribən, 470 minə yaxın əhalisi olan bölgənin yeni-yeni istehsal sahələrinin açılması və sənayeləşmənin sürətlənməsi sahəsində təcrübəsi ölkəmizin digər regionlarında öz əksini tapsın. Məsələn, hazırda bütövlükdə ölkədə məşğulluğu genişləndirmək sahəsində çətinliklər var. Düzdür, bunlar əsas etibarilə obyektiv xarakterlidir. Bununla belə, hökumət sözügedən istiqamətdə səyləri davam etdirir və müxtəlif proqramlar icra edir, addımlar atır. Məsələn, özünüməşğulluğun təmin olunmasına dair səylərə xüsusən diqqəti çəkə bilərəm. Ancaq hər halda, məşğulluq səviyyəsinin ciddi artması üçün iqtisadiyyat genişlənməli, artım sürətli xarakter daşımalıdır. Başqa sözlə desəm, iş yerlərinin yaranmasından ötrü iqtisadi artım olmalıdır. Möhkəm özülə söykənən və dayanıqlı artım... Naxçıvanda olduğu kimi.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Xarici ticarətdəki müsbət saldoya aldanmamalıyıq – TƏHLİL
Pandemiya bizi kartlandırdı, amma ona kömək də lazımdır – TƏHLİL
Pul bazasının artması nəyi göstərir? - TƏHLİL
Finlandiyadan Hindistana: “Şimal-Cənub” dəhlizi Azərbaycana nə qazandıracaq - TƏHLİL
İqtisadiyyat da artır, inflyasiya da: Səbəb nədir – TƏHLİL
“...Mey içmək bizə nöqsan olacaqdır”: Şərabçılıqda niyə uduzuruq?! - TƏHLİL
“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL
İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər:





Xəbər lenti