"Şuşa bizi bağışladı"- Xalq şairi

 "Şuşa bizi bağışladı"-  Xalq şairi
  31 Avqust 2021    Oxunub:1761
Avqustun 30-da Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak etdilər. Azərbaycanın mədəniyyət paytaxtında keçirilən poeziya bayramında bir sıra tanınmış insanlar, xalq şairləri, orta nəsil və gənc ədəbiyyat insanları çıxış etdilər. Bu gün isə Vaqif Poeziya Günlərinin ikinci gününün proqramı təqdim olunur. Azvision.az hazırda Şuşada olan və tədbirdə iştirak edən Xalq şairi Vahid Əzizlə söhbətləşib.
- Vahid müəllim, həmişə müsahibələrimizdə sizinlə Qarabağ yanğısı, Şuşa haqqında danışırdıq. Yaramıza axır ki, məlhəm qoyuldu. .. Maraqlıdır, 28 ildən sonra Şuşa sizi necə qarşıladı?
- Şuşada “Xarıbülbül” hotelinin mehmanxanasının yanında dayanıb səninlə danışıram. Bu, əla hissdir. Vallah, Şuşa bizi elə gözəl hava ilə, elə gözəl mehriban qarşıladı ki… Sanki bu Şuşanı 30 il yiyəsiz qoyan biz olmamışıq. Çünki Şuşa başa düşdü ki, günah bizdə deyildi. Günah bizdən daha güclü olan qüvvələrdə idi. Şuşa ürəyi böyük olduğuna və kübarlığına görə, həmçinin, Azərbaycan xalqının qürur yeri olduğu üçün 30 il onu yiyəsiz qoymağımızı üzümüzə vurmadı. Günahlarımızı bağışladı.

- Axrıncı dəfə Şuşada nə zaman olmuşdunuz?
- Sonuncu dəfə 32 il bundan öncə, 1989-cu ildə Qarabağ üzrə üzrə təşkilat komitəsinin üzvi olduğum dövrdə Şuşada olmuşdum. Ondan əvvəl isə 1982-ci ildə möhtərəm prezidentimiz Heydər Əliyevin Şuşaya ikinci dəfə gəlişi zamanı getmişdim. O zaman indiki Prezidentimiz İlham Əliyev də onun yanında idi. Sizə onu da bildirim ki, mən əvəllər heç vaxt Vaqif Poeziya Günlərində iştirak etməmişəm, bu il ilk dəfədir.



- Vaqif Poeziya Günlərində iştirak etdiniz. Necə ortam, əhval-ruhiyyə var idi?
- Dövlət başçısnın hər kəslə səmimi danışığı, davranışı, yüksək əhvalda olması əsil bayram əhvalı yaratmışdı. O, orada çıxışı zamanı belə bir ifadə işlətdi “Biz buradayıq, mənim tapşırığımla şeytan yuvasını darmadağın etdilər”. Prezident kəlmələri ilə erməni separatçılarına bir daha meydan oxudu.


Şuşa hər şeyi ilə bizi valeh etdi, səmimi qarşıladı və səmimi də yola salacaq. O bizi gözləyir, deyir, hər an mən hər bir azərbaycanlını burada qarşılayacağam.

- Şəhərə girəndə sizi Şuşada ilk cəlb edən nə oldu? Nəyə boylanıb baxdınız?
- Zəfər yolu ilə gəlib dolambacı aşanda ilk dəfə kənardan Şuşanın seluitini gördüm. Özümü çimdiklədim ki, bu mənəm, yoxsa yox? Şuşada gedib hər ağaca toxunmaq istədim. Dedim, bura Şuşadır, yoxsa yox? Yuxu kimi gəldi. Bəzən xoşbəxtliyi Allah elə bol verir ki, adam özü çaşır. Deyir, ilahi, mən doğurdanmı bu qədər xoşbəxt ola bilərdim? Mən elə vəziyyətdə idim. Şeirimdə dediyim kimi ,”Qarabağım, ölmədim bu gününü də gördüm”. Allah məni qorudu, saxladı, bu gününü də görməyi nəsib etdi.

Şuşanı doyunca gəzdik. “Qarabağ” hotelini gördük. 7 ay ərzində Şuşada 70 ilə görülə biləcək işlər edilib. Bu hər bir azərbaycanlının, dövlət başçısının bu torpağa olan sevgisinin nəticəsidir.

Prezident dedi ki, Şuşada artıq iş yerləri açılıb. Dörd, beş mərtəbəli evlər tikilir, insanlar gəlib orada yaşayacaqlar.



- Şuşadan qayıdandan sonra yəqin ki, yeni şeirlər, əsərlər yaranacaq...
- Şuşadan təəssürat o qədərdir ki, çox şeylər yazılacaq. Qarabağla bağlı bağlı müharibəyə qədər 50-60 şeir yazmışdım, müharibədə dövründə 80-dən çox şeir yazdım. Bu qələbə bizi üz qarasından, xəcalətdən qurtardı. Xairicə gedəndə deyirdilər, nə işin var burada, get, Qarabağı azad et. İndi isə qürurluyam.



Şahanə Rəhimli
Azvision.az


Teqlər: Şuşa   VahidƏziz  





Xəbər lenti